İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik siyasət dükanları və vətəndaş mövqeyi...

1998 17.01.2017 08:35 Yazarlar A A

Artıq “müxalifət” sözünü eşidəndə ən ciddi adamların belə dodaqları qaçır və sifətlərinə acı təbəssüm, aşkar sezilən ironiya qonur. Ona görə də bu xüsusda nəsə yazmaq, nəsə demək olduqca çətindir. 

Neçə illərdir ki, müntəzəm olaraq yazan bir yazar kimi sizə deyirəm ki, əgər hər hansı bir yazının oxunmasını istəmirsinizsə onun başlığında ya “Minsk Qrupu” ifadəsini işlədin, ya da ki, “müxalifət” sözünü yazın. Sizi əmin edirəm ki, bu yazı rekord dərəcədə az oxunacaqdır...

Bunun səbəbləri haqda da danışmaq istəmirəm. Bircə onu deyirəm ki, Azərbaycanda hakimiyyəti də, müxalifəti də eyni uğurla uzunömürlülər adlandırmaq olardı...
Hakimiyyət tamam bəlli məsələdir. Burada bəlkə də uzun müddət hakimiyyətdə qalmaqdan deyil, hakimiyyətin tamam uzurpasiyasından danışmaq daha düzgün və məntiqli olardı. 

Müxalifətə gəldikdə isə biz də razılaşırıq ki, bu sferada da on illərdir “köhnə hamam, köhnə tas” vəziyyəti hökm sürür...

Günah kimdədir? Hər bir siyasi nəslin bəlli bir dövrü var. Nə vaxtsa bu dövr bitməli və yeni insanlar gəlməlidir siyasətə. Müxalifətdəkilər istəsə belə, bu prosesin qarşısını ala bilməzlər. Daha doğrusu, bunu öz partiya və təşkilatlarında edə bilərlər və edirlər də. Əslində bu da müəyyən mənada onların haqqıdır, ən azı ona görə ki, onların da bu ölkədə kiçik “dükan” sahibi olmaq haqları var. Ona görə “kiçik siyasi dükan” deyirəm ki, indi bizim müxalifət partiyalarını başqa cür adlandırmaq olmur...

Amma bütün ölkə siyasəti heç də müxalifətin nəzarətində deyil. Elə ən ağrılısı-acısı da budur ki, kənarda da bir şey yarana bilmir. Səbəbləri çox sadalamaq olar. Bəli, cəmiyyətimiz siyasi cəhətdən tamamilə “qısırlaşıb” və yeni bir siyasi hərəkat ərsəyə gətirmək üçün potensiyası yoxdur. 

Gəl, bütün səbəblərin özlərinin də bir səbəbi olur. Səbəblər səbəbi isə təbii ki, indi ölkədə hökm sürən siyasi münasibətlər və siyasi gerçəklikdir. Elə bir hal yaranıb ki, nəinki yeni nəsə yaratmaq mümkün deyil, hətta köhnəni belə saxlamaq olmur...

Bütün bunların isə bircə əsas səbəbi var - cəmiyyətimiz zəif çıxdı və öz taleyi üçün məsuliyyəti üzərinə götürə bilmədi. Uzun illər insanlar “güclü əl”, “güclü şəxsiyyət” axtarışında oldular. Nəticəsi də bu gün baş verənlər oldu. Bu labirintdən çıxmağın isə bircə yolu var - insanlar güclü fərd və cəmiyyət olmağın zəruriliyini anlamalıdırlar...

Anlayacaqlarsa, problem həll olunacaq. Yox, anlamayacaqlarsa, o halda belə vəziyyət on illərlə davam edəcək...

Bizdən, hər bir azərbaycandan nə tələb olunur? Əsas tələb budur ki, heç olmasa, vətəndaş olduğumuzu unutmayaq. Elə ölkədə də geniş bir vətəndaş hərəkatına ehtiyac var. 

Demokratiya uzun bir prosesdir. Təbii ki, dövrün və zamanın da müəyyən rolu vardır və biz bəşəriyyətin keçdiyi bu prosesi lap əvvəldən başlayaraq keçməməliyik. İndi elə şeylər var ki, onlar elementar zərurət kimi qəbul olunur. Məsələn, bizə durub konstitusiya, parlament, hakimiyyətin bölünməsi uğrunda savaş açmaq lazım deyil. Onlar formal olaraq var. Sadəcə, bütün bu atributlara bir real məzmun vermək lazımdır-bizdən tələb olunan budur...

Ümumiyyətlə, vətəndaş haqları və hüquqları məsələsi həmişə dövlət yaranandan bir qədər sonra aktuallaşır. Məsələn, ABŞ kimi dövlətdə bu məsələ ötən əsrin 60-cı illərində reallaşdı. Biz isə cəmi 26-cı ildir ki, azad və müstəqil dövlət olmuşuq. Bu aspektdən baxanda hər şey hələ irəlidə, yaxın gələcəkdədir...

Həm də özümüzü elə aparmayaq ki, guya bu vaxta qədər çox iş görmüşük. Hər bir proses, hər bir iş son nəticə ilə ölçülür. Bizim isə bu gün bir nəticəmiz var. O da budur ki, Azərbaycan müstəqil dövlətdir...

Bəli, müstəqildir, suverendir, amma azad və hüquqi deyil. Onun azad və hüquqi olması üçün hələ çox çarpışmalıyıq...

İlk növbədə də başqalarından deyil, özümüzdən ummalıyıq. Siyasi partiyalar, ənənəvi müxalifət nə edir, - bütün bunlar bizi bir o qədər də qayğılandırmamalıdır. 

Çalışaq bir suala cavab verək: özümüz nə etmişik? Ölkənin azad və hüquqi olması üçün azacıq da olsa, iş görmüşükmü? İnsan üçün ən çətin məsələ onun özü üçün qurduğu məhkəmədir. Çalışın, bu məhkəmədən keçin...





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR