İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirinovskinin ikinci zühuru...

1370 24.01.2017 08:20 Yazarlar A A

Amma indi bir az rahatam. Bu mövzuda çox ciddi yazılar yazmışam və hətta D.Trampın bəyanatlarında və çıxışlarında ciddi məntiq də axtarmağa çalışmışam. Deyim ki, bu cəhdlərim də tamam uğursuz və səmərəsiz olmayıb, çünki hətta ən qeyri - adi və gözlənilməz fikirlərdə belə axtaranda məntiq tapmaq olur...

Üstəlik, yazının başlığında bir ironiya sezilsə də deyim ki, mən V.Jirinovskini də heç vaxt ağılsız hesab etməmişəm. Rusiya cəmiyyətində bəlli bir siyasi gözlənti və obraz var. Jirinovski də neçə illərdir ki, həmin bu rolu uğurla oynayır. 

Əslində o, nə millətçidir, nə də başqa buna bənzər kəs... Sadəcə, bilir ki, Rusiya cəmiyyətinin 90 faizi imperialist və şovinistdir. Ona görə də bu ovqatı, gözləntini siyasi rol kimi gözəl oynayır. Hakimiyyətdəkilərə də bu sərf edir, çünki belə bir siyasi rola başqa bir ciddi adam iddialı olsaydı bu  onlar üçün böyük problemlər yaradardı...

Həm də Jirinovski ilə Tramp arasında hər hansı ideoloji bənzərlik yoxdur. Trampın çıxışları “yırtıcı imperializm” qoxumur, bu daha çox bir biznes adamının, işgüzar şəxsin ölkəsi ilə bağlı düşündükləridir. Amma bütün hallarda oxşarlıq da yox deyildir və bu oxşarlıq daha çox onların davranışındadır. Düşünürəm ki, bununla çoxu razılaşar, ən azı ona görə ki, D.Tramp lap rəqib partiyanın - demokratların simvolu olan bəlli bir canlı qədər “səmimi”dir. Bir az da çətin proqnozlaşdırılandır, hər bir an ondan hansısa gözlənilməz söz, bəyanat eşitmək olar...
Həm də mənim öz təcrübəm də vardır. İllər mənə də çox şey öyrədib. Təbii, populist insanlara hamı bir az ehtiyatla yanaşır, çünki populizmdə bir az avantürizm də vardır. 

Üstəlik, xalq adından çox danışan adamlar məni həmişə ehtiyatlandırıbdır. Uzağa niyə gedək?.. Elə bizim özümüzün hakimiyyətimiz də xalq adından o qədər danışır ki, düşünərsən, daha bu xalqı bunlar qədər sevən yoxdur!.. 

Hətta bəzən adama elə gəlir ki, bunlar hər şey kimi xalqı da hələ 90-cı illərdə özəlləşdiriblər. Ona görə də ilan vuran qara çatıdan qorxan kimi mən də xalqdan çox danışanlardan qorxuram...

Baxın, Tramp andiçmə mərasimində nə dedi? Buyurdu ki, bu gün hakimiyyət Vaşinqtondan, Ağ Evdən xalqa qayıdır!.. Ucuz populizm və hətta bayağı siyasətbazlıq deyil, nədir bu?..
Gəlin, etiraf edək, ABŞ kifayət qədər demokratik ölkədir və soruşsan, Tramp bəlkə də ABŞ-da demokratiyanın harada qurtarması və ya harada dirəniş görməsi haqda heç təsəvvürə də malik deyil...

Yadınıza gəlirsə, seçkilər ərəfəsində Amerika seçki sistemindən gileylənirdi. Bir ara seçkilərdəki “saxtakarlıq”dan danışırdı. Daha sonra isə seçicilər kollegiyasının ölkədəki seçkilər üçün nə qədər böyük bir “problem” olduğunu deyirdi... 

Amma nə oldu? Axırda özü məhz seçicilər kollegiyası tərəfindən seçildi və bu adamın seçkiqabağı bütün “şübhə”ləri, “narahatlıq”ları yalan çıxdı. Amma ki, bircə dəfə belə olsun, özünün necə səhv etdiyini etiraf etdimi? ABŞ demokratiyasının məziyyətlərindən və üstünlüklərindən danışdımı? Əsla...

Ona görə onun davranışında nə qədər məntiq axtarsaq da, onu nə qədər “başa düşməyə” çalışsaq da, bir daha deyirik ki, ABŞ siyasətinə indi Jirinovskiyə bənzər bir adam gəlib. Bunun ölkə və ya dünya siyasəti üçün hansı nəticələri olacaqdır,- çox çəkməz bunu da görərik...
Bir daha deyirik ki, Vladimir Volfoviç heç də ağılsız adam deyildir, amma ən uzağı ağllı aktyordur, artistdir. Trampın nə qədər artist olub -olmaması haqda heç nə deyə bilmərəm. Bəlkə burada məsələ bir az da qəlizdir - bir gün məlum olacaq ki, Jirinovskidən fərqli olaraq Tramp heç də artist deyil, sadəcə, özü özünü oynayır...

Həm də daha bir qəliz məsələ var. Bütün hallarda xoşbəxtlikdən Vladimir Volfoviç ölkəsinin birinci adamı olmadı. Amma Tramp birincidir və artıq ABŞ prezidentidir. Sadəcə, təskinlik verən budur ki, ABŞ dövləti də maşın kimidir, yararsız hissəni dərhal başqası ilə əvəz etmək olur...



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR