İnsanlara hürriyət, millətlərə istiqlal!

Hovuza atılan sentlər və bizim nəzir qutuları

1708 17.01.2017 09:10 Yazarlar A A

O gün gənc blogger Bəxtiyar Hacıyev sosial şəbəkədə bir qeyd paylaşmışdı. Çox maraqlı idi. 

Bilənlər bilir, bilməyənlər də bilsin ki, Bəxtiyar bəy ABŞ-dakı Harvard Universitetində oxuyub və məzun olub ölkəmizə qayıdandan bəri tez-tez xarici ölkələrə gedir - Avropanı diricə gəzib, Cənubi Amerikada, Afrikada, Asiyada olub, getmədiyi bəlkə bir Avstraliya qala, bir də Antarktida-zad. 

Əlbəttə, çox gəzən çox bilər. Əslində vaxtında ona ixtisasına uyğun bir dövlət işi versələr bu qədər gəzə bilməzdi, başını aşağı salıb işini görərdi. Amma bu heç.

Bəxtiyar Hacıyev yazmışdı ki, Romadakı Trevi fəvvarəsinə çox adam metal pul atır. Həftədə bu fəvvarədən sentlərlə 25 000 dollar (ayda 100 000 dollar) toplanır  və bu işə dövlət özü baxır, hovuzun dibindən toplanan pul Romada kasıb və kimsəsiz ailələrə yardım edilir. 

Bloqqer qardaş sözünü belə bitirmişdi ki, bizdəki nəzir qutularından toplananlara isə nəzarət yoxdur və bu pullarla kasıb hacılar özlərinə villalar tikirlər.

Ayda yüz min dollar “hovuz pulu” balaca məbləğ deyil. Bu pulla 200 ailə saxlamaq, ayda bir villa tikdirmək, iki dənə bərkgedən cip almaq olar. 

Bu məsələlərə qayıtmazdan əvvəl mövzuyla bağlı öz yaddaşımdan bir yarpaq dərmək istəyirəm.

Vaxtilə mən də hovuza sent atmışam. Bu hadisə Amerikada baş verib. Vaşinqton şəhərinin ortasından keçən Potomak çayının kənarındakı bulvarda yerləşən böyük hovuza mən də, yanımdakı iki başqa adam da pul atdıq.

Bunu bizə ABŞ-da yaşayan və bizi şəhərdə gəzdirən Elxan adlı soydaşımız tövsiyə etdi, dedi ki, əgər istəyirsinizsə, yolunuz bir də Vaşinqtona düşsün, onda bu hovuza xırda pul atın. Bizdə də bir ovuc sent vardı, əndərdik hovuza. Çünki hamımız istəyirdik ki, nə vaxtsa dünyanın paytaxtı olan bu gözəl şəhərə bir də gələk. 

Belə bir inanc var ki, olduğun şəhərdə hovuza xırda pul atsan, ora yenidən qayıda bilirsən. Belə görünürdü ki, Vaşinqtonda olan xaricilər bu şəhərə qayıtmağı ürəkdən istəyirlər. Çünki hovuzun dibi sentlərlə dolu idi. Sanasan, hovuzun dibində metal puldan döşəmə var. 

Bəlkə də bu pullar həftədə bir dəfə hovuzdan götürülür, ona görə çox idi. Hər halda Vaşinqtondakı hovuzdan yığılan pul da Romadakı Trevi fəvvarəsinin hovuzunda toplanandan az olmaz. 

Deyilənə görə, dünyanın iri meqapolislərinin hamısında belə hovuzlar var və turistlər ora ovuc-ovuc xırda pullar tökürlər. Həmin ovuc-ovuc pullar da sonradan toplanır, ətək-ətək kağız pul olur.

Hacıbala müəllimin sözü olmasın, Bakımızda da xeyli fəvvarəli hovuz var və onların tikilib başa gəlməsi ətək-ətək pulların hesabına olub. Amma baxaq, görək, o hovuzun dibində toplam 3 manatlıq qəpik-quruş varmı.

Məncə, yoxdur. Olsa-olsa, bəzi marketlərdə alıcıya qalıq kimi qaytarılan 1, 2 , 5 qəpiklikləri kimsə hirsindən hovuza atır. Onların da gündə bir vedrəsini toplasan, 5 dollar edər, ya etməz. 

İndilərdə Mehman Hüseynovun əlindən heç onu da toplamaq mümkün olmaz. Çünki gənc bloqqer hökumətin 200 manatlıq cəriməsinin sikkələrlə ödəmək fikrindədir, şəhərə düşüb qəpik yığır. 

Xüləs. Əsas məsələ odur ki, ya bizim şəhərimizə gələn turistlər çox xəsisdirlər, gül kimi hovuzlarımıza pul atmaq istəmirlər, ya da onlar ona görə hovuza metal pul atmaq istəmirlər ki, bu şəhərə bir də gəlməsinlər. 

Təbii ki, bizdə “hovuza pul atmaq” ənənəsi yoxdur, bizdə “nəzir qutusu” institutu var, o da ki, yaxşı işləyir. Bəzən hətta nəzir qutusuna pul salmaq üçün növbələr də yaranır. Axtarsan, orda da xeyli pul yığılır.

Deyilənə görə, nəzir qutularından həftədə 30, ayda 200 min pul yığılır və bu pulun hamısı kasıb və kimsəsiz ailələrə sərf olunur.

Zarafat edirəm. Elə şey yoxdur. Bura İtaliyadırmı, İslandiyadırmı? Burda nəzirə nəzarət üstə qanlı-bıçaq olanlar var. Bunların dırnağından darı sızmır, deyirsiniz, ianə toplayıb asıb-kusuba verərlər?

P.S.Yeri gəlmişkən, deyəsən, Potomak çayının qırağındakı hovuza atdığım sentlər havayı gedib, o vaxtdan bəri Vaşinqtona yolum düşmür.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR