İnsanlara hürriyət, millətlərə istiqlal!

“ERGENEKON”çu POLKOVNİK NƏ İSTƏYİRDİ? (III YAZI)

13290 23.01.2009 10:01 Yazarlar A A

(əvvəli ötən sayımızda)

Müxalif yönümü ilə fərqlənən və yayınlarında Azərbaycana böyük önəm verən “Avrasiya” TV total yoxlamalara məruz qaldı. Həmin televiziyanın başqanı, böyük türk milliyyətçisi, Türkiyə Metal Sindikaları başqanı Mustafa Özbək də evində aparılan 5 saatlıq yoxlamadan sonra həbsə alındı. Mustafa Özbək rəhmətlik Alp Arslan Türkeşin yaxın və sadiq dostu, Azərbaycana və bizim bir çox siyasətçilərə yaxın olan birisidir. Elçibəyi sevər və lideri bilərdi; onun komandasının bir çox üzvləri ilə indi də dostluq əlaqələri var; qapısı Azərbaycan adından üstünə gedən hər kəsə açıqdı.
Sanki seçmə üsulu ilə, Azərbaycana ən yaxınları, ölkəmizi vətəni bilənləri içəri alırlar. Gedən bizim kisəmizdən gedir...

***

Belə bir ərəfədə başladığımız yazını sakit axarda və xatirə janrında davam etdirmək olduqca əziyyətlidir. Buna baxmayaraq, oxucunu intizarda qoymaq haqqımız yoxdur və odur ki, əvvəli ötən saylarımızda gedən “Ergenekonçu polkovniki niyə tutdular” mövzusunu davam etdirək. Bir daha xatırladaq ki, yazının qəhrəmanı “Ergenekon terror hörgütünə üzv olması səbəbindən” həbs edilən polkovnik Mustafa Ləvənt Göktaşdır.

***

2002-ci ilin, səhv etmirəmsə, iyul ayı idi. Ankarada jurnalistlərin konfransındaydım; bir-bir dostları aradım, salamlaşdım, görüş üçün vədələşdim. Dostlardan biri kimi Ləvənt bəyi də aradım, Türkiyədə olduğumu söylədim. Dərhal “görüşək” dedi: “Araba yollayıram, səni aldıracam, mənə gələrsən...”
Razılaşdıq. Az sonra məni lobbidən aradılar. “Əsgərlər gəlmiş, sizi sorurlar” söylədilər. Aşağı endim. Üstü bayraqlı, əsgəri bir maşın; sürücü əsgər və müşayiətçi bir zabit. Arxa qapını açdılar, oturdum; zabit qəfil bir jestlə mənə “çest” verdi və öndə oturdu... Etiraf edim ki, bu, həyatımda yaşadığım ən gözəl, unudulmaz səhifələrdəndir.
Özəl Qüvvətlər Alayına getdik. Komutan Ləvənt Göktaş qapıyacan gəlmişdi. Onun odasına keçdik. Bir neçə zabiti çağırdı. “Sizə anlatdığım qəhrəman qəzetçi budur”- deyə məni dostlarına təqdim etdi: “PKK sızıntısı ilə təkbaşına savaşır...”

***

Azərbaycandan danışdıq. Ləvənt bəy ölkəmiz və siyasətimiz haqqında çox dəyərli bilgiləri adi söhbət janrında ifadə edirdi. Bu bilgilərin oradakılar üçün böyük əhəmiyyət kəsb etdiyini hiss etmədim; sıradan bir reaksiya idi. Amma zalım oğlu mənimçün şok sayıla biləcək və istənilən bir qəzetin manşetində partlayası bilgiləri elə soyuqqanlılıqla ortaya tökürdü ki, onları yaddaşıma yerləşdirməyə belə zaman qalmırdı. Lakin mən o bilgiləri heç zaman heç yerdə kullanmadım...

***

Yemək zamanı gəldi. “Səni gözəl bir yerə yeməyə aparacam. Atatürkün tez-tez gəldiyi və sevdiyi bir yerə. Orada sənə Atamızın çay içdiyi kiçik bir otağı da göstərəcəm...”- dedi.
Beləcə, mülki forma geymiş bir neçə özəl qüvvət zabiti ilə “Saxlı Baxça”ya gəldik (Onlardan biri Bakıda bizim orduya təlim verən heyətdəndi). Ankaraya yolu düşən hər bir kəsə bu gözəl məkana baş çəkməyi tövsiyə edərdim. AKP-nin indiki ofisinin düz yanında - bircə addımlığındadır. O zaman AKP orada yerləşmirdi; amma əvəzində Ləvənt bəy bu partiyanın iki genelbaşqan yardımçısını mənim də qatıldığım yeməyə dəvət etmişdi. Tayyib bəyin müavinləri gələnəcən “Saxlı Baxça”nı gəzdik; Atatürkün boş vaxtlarda tez-tez, həm də səhərlər gəldiyi bir məkanı mənə anlatdı, sonra Mustafa Kamalın dinləndiyi və çay içdiyi kiçik, həm də olduqca sadə quruluşlu odanın yanına getdik. Pəncərədən baxa-baxa anlatdı ki, burada olan hər bir şey əskidən qalmadır...

***

Əvəzində yeni şeylərdən də söz açdı. Bakıda olarkən bunları heç deməmişdi: “Raufcum, Tayyib bəyin partisi tezliklə iqtidar olacaq, o da başbakan. Hər kəsi boş verin, onlarla ilişgi qurun. Türkiyə yaxın vaxtlarda erkən seçimlərə gedəcək və indiki iqtidar düşəcək...”

***

Çox heyrətləndim. Çünki bizimkilər - MHP mövcud iqtidarın ortağı idi; çox sevdiyim Dövlət Baxçalı baş nazirin birinci müavini idi; olduqca önəm verdiyim Bülənt Ecevit baş nazir idi. Dövlət bəyin ətrafındakı adamlarla hər səfərimdə görüşürdüm, tez-tez telefonla danışırdım. Və belə bir şeyi heç duymamışdım. İstəmirdim də, açığı. Çünki iqtidardakılar Azərbaycana və Müsavata yaxın olan, bizlərə önəm verən, tanıyan birisiydilər; Azərbaycanla bu iqtidarın arasında Dövlət Baxçalının müavini Atilla Qaya vardı və başqa heç bir partiyada bizim Atilla kimi dostumuz, soydaşımız yoxdu. Düzdür, baş nazir Bülənt bəy xəstə idi, qocalmışdı, çətinliklə hərəkət edirdi. İlk baxışdan adama elə gəlirdi ki, o, heç nəyin fərqində deyil, canının hayındadı və dövləti bu halı ilə idarə etməsi mümkünsüzdür.
Amma belə deyildi. Onu iş başında ötən ilin (2001-ci ilin) mayında hörmətli İsa Qəmbəri qəbul edərkən görmüşdüm. O görüşdəydim, oturduğu masanın o biri başındaydım və hər şeyi müşahidə edirdim. Yaddaşı, nitqi o dərəcədə rəvan və güclü işləyirdi ki, heyran qalmışdım. Ölkə müxalifətinin içərisindəki prosesləri, Elçibəyin partiyasının neçə qola ayrılmasını, Əli Kərimlinin, Fazil Qəzənfəroğlunun, Mirmahmud Mirəlioğlunun və başqalarının nə yapdıqlarını öz anlamı ilə qısaca dəyərləndirdi. Sonra başqa mövzulara keçdi. Mükəmməldi. Hər şeyi ən incə detalına qədər bilirdi, həm də bunları elə yığcam analizlə təqdim edirdi ki! Mən həm də onu Quzey Kıprızın - Yavru Vətənin - xilaskarı kimi sevirdim. Belə birilərinin başında dayandığı iqtidarın tərəfindəydim. Ləvənt bəyi də elə bilirdim. Deyilmiş. Dostum ilk Tayyibçi zabitlərdənmiş və az sonra olası məxməri inqilab planının lap içərisindəymiş...

***

Bütün bunlar bircə anın yadımda qalan təəssüratlarındandır. Qəribə bir hiss sarmışdı məni. Şübhə də vardı, tərəddüd də, çaşqınlıq da o hisslərin içində. Həm də Tayyib Ərdoğanın yasaqlı olduğunu bilirdim. O, seçkidə necə iştirak edə bilərdi - hələ neçə il seçkilərə girmək yasağı vardı üzərində. Ən əsası isə Türkiyənin faktiki sahiblərinin - Silahlı Qüvvələrin Rəcəb Tayyib Ərdoğanın iqtidara gəlməsinə soyuq baxdığını düşünürdüm. Albay Göktaş bildirdi ki, belə deyil: “Silahlı Qüvvələrin önəmli kəsimi Tayyib bəyə dəstək verir. Mən də dəstək verirəm və onu yaxşı tanıyıram. O, gəlməsə...”

***

Həmin günlər futbol üzrə dünya çempionatı gedirdi. Türkiyə Braziliyanın Kosta-Rika üzərindəki 5:2 hesablı qələbəsindən və Türk millisinin Çini 3:0 yenməsindən olduqca bəxtiyardı. Takımımız bu hesabların sayəsində dünən qrupdan çıxmışdı; ikinci ölkəmizin çox insanları kimi mən də məsud idim və doğrusu, məhz belə bir məqamda Ləvənt bəyin dedikləri mənə o qədər də ləzzət eləmirdi. Bəlkə də MHP yandaşlığım obyektiv dəyərləndirməmə mane olurdu.
Amma məhz bu gündən baxanda anlayıram ki, əslində həmin gün albay Ləvənt Göktaş mənə həyata keçəcəyinə heç bir şübhə olmayan bir plan haqqında bilgi verirmiş. Türkiyədə məxməri bir inqilaba, silahsız devrimə start verilibmiş. ABŞ da bu planı tam mənası ilə dəstəkləyirmiş və ən qəribəsi budur ki, bu gün terrorçu adı ilə həbsxanalara salınan yüksək rütbəli Türkiyə hərbçilərinin böyük əksəriyyəti həmin prosesin içində imiş! Tayyib Ərdoğanın gəlişi həm də ona görə mümkün olubmuş ki, Türkiyə Silahlı Qüvvələri prosesə ən azı müqavimət göstərməyib. Ən çoxu da... özü gətirib Ərdoğanı iqtidara. Lakin indi bu iqtidar həmin planda yer almış mərkəzi fiqurları - generalları, albayları, yarbayları, minbaşıları “Ergenekon”çu adı ilə türmələrə basır. Onlar Türkiyəni xaosdan qurtarıb güclü bir hala gətirmək arzusunda ikən özləri hüquqi xaosun, nihilizmin və böyük qərəzin qurbanı oldular.

***

Yazdığımız o “Saxlı Baxça” var ha, bu günlərdə oranı da qazıblar. Başqa bir polkovnik - PKK-ya qarşı böyük savaş vermiş Özəl Timin komandanı İbrahim Şahinin evindən çıxan gizli xəritəyə görə guya orada silah-sursat basdırılıbmış və “Ergenekon” lazımı anda onları yerin altından çıxarıb özünün iqtidara daşıdığı Tayyib Ərdoğanı silahlı yolla devirəcəkmiş...

***

2002-nin yayındakı “Saxlı Baxça” isə qazılmamışdı, çox gözəldi və biz gəzintini bitirib yaşıllıqların arasındakı masamızın başına qayıtdıq. Az sonra yenicə qurulmuş super partiyanın - AKP-nin genel başqan yardımçıları da gəldilər.

***

Danışdıq. Onlar Azərbaycanı, oradakıları heç tanımırdılar. Dostlarım bir az məni anlatmışdılar, bir az da İsa bəyi; təbii ki, Elçibəyi də eşitmişdilər. Yəni bizim materialdan olmayan və bizi özlərindən bilməyən iki mədəni və yüksək səviyyəli insanla nələri danışmaq mümkünsə, danışdıq. Qərara gəldik ki, gələcəkdə də görüşək. Amma daha heç görüşmədik. Düzdür, tam bir il sonra baş nazir Tayyib bəyin müşavirlərindən biri özəl missiya ilə Alanyada mənimlə görüşdü; o zaman 2003-ün iyul ayı idi, Azərbaycanda bir Müsavat, İsa Qəmbər küləyi əsirdi, ABŞ-ın və dünya dövlətlərinin tövrü bəlli deyildi. Mərhum prezident Heydər Əliyevsə Gülhanədə idi. Milli Güvənlik Kurulu genəl sekretarı, orgeneral Tuncər Kılıc paşa da Azərbaycan müxalifətinə sıcaq baxan və Müsavat başqanını tanıyan birisi olaraq iş başındaydı (“Ergenekon”la bağlı son həbslərdə onu da tutmuşdular, qəzetlər onun haqqında “Ergenekon”un bir nömrəsi" deyə yazırdı. Amma bir sutka sonra onu buraxdılar - R.A.). Görünür, yeni baş nazirin yaxşı məsləhətçiləri vardı və ona bir müddət dəngəli siyasət yürütməyi, Azərbaycanın cümhurbaşqanlığına ən real aday İsa Qəmbərlə ilişgilər yaratmağı tövsiyə etmişdilər. Bu, başqa bir yazının mövzusudur və yəqin ki, gələcək yazılarımızda ona qayıdacağıq.

***

Ləvənt bəy artıq Bakıya gəlib-getmirdi. Son görüşümüzdən cəmisi bir neçə ay sonra onun dedikləri oldu. İqtidar ortaqları çəkişdilər, baş nazirlə prezidentin arasında davam edən qovğa böyüdü, Türkiyə çökdü, iflasın astanasına gəldi və erkən seçkilər qərarı verildi. Bundan beləsini bilirsiniz; seçkilərdə AKP qalib gəldi, əvvəlcə hörmətli, çox dəyər verdiyim Abdullah Gül baş nazir oldu, 58-ci hökumət quruldu. Sonra məhkəmə Tayyib bəyin siyasi yasağını götürdü, AKP deputatlarından biri istefa verdi; Ərdoğan onun yerindən millət vəkili seçildi, iqtidarı götürdü...

***

Amma bizim vətənsevər albayımız, o cümlədən də “məxməri inqilabçılar”ın əsgəri bölümünün başçısı (mənə görə belədir) Edip Başər paşa istədikləri nəticəni ala bilmədilər. Onlar elə bir mövqe əldə etmək istəyirdilər ki, iqtidarların və ordunun terrora qarşı qərarsızlığına son verilsin, PKK-nın kökü Türkiyədən, Quzey İraqdan, İrandan, Rusiyadan və Qafqazlardan qazılsın! Türkiyə onu təhdid edən bütün təhlükələrdən qurtulsun. Fəqət olmadı.

(davamı sabahkı sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR