İnsanlara hürriyət, millətlərə istiqlal!

“ERGENEKON”çu POLKOVNİKİN YARIMÇIQ QALMIŞ ARZULARI (IV YAZI)

12248 24.01.2009 09:37 Yazarlar A A

(əvvəli ötən üç sayımızda)

***

AKP təkbaşına iqtidar olandan sonra albayımızla dostlar vasitəsilə müntəzəm əlaqə saxlayır, proseslərin gedişindən bilgi alırdım. Ləvənt Göktaş sevdiyi və bağlandığı Azərbaycana gəlmirdi; mühüm bir vəzifəyə təyinatı çıxacaqdı; onun gözləntisi və hər an ölkə rəhbərliyinin hüzuruna çağırılmaq ehtimalı albayı Ankaraya bağlamışdı. Bu arada Azərbaycandakı təlimçi ekipin çoxunu da geri çəkdilər. Onların bir hissəsini Quzey İraqa özəl əməliyyatlara göndərdilər. Həmin günlərdə Quzey İraqda bir hərbi təyyarə qəza yapdı, 4 zabit şəhid oldu. Onlardan ikisi Bakıda təlim verənlərdən idi. Cənazə törənlərinə qatıldım. Ordu rəhbərləri, əsgərlər və türk xalqı şəhidlərini son mənzilə yola salırdı. Ortaq dostlarla birlikdə biz də Ankaranın Qoca Təpə Camisində bu qəhrəman türk övladlarının cənazə namazına qatıldıq, onların ruhuna Allahdan rəhmət dilədik, dua etdik. Həlak olanlar Gürcüstan və Azərbaycan ordularına təlim verən, indi də görəv yerini Quzey İraqa dəyişən yüksək səviyyəli hərbçilər idi - Ləvənt Göktaşın alayının zabitləri idi.
Süleymaniyyədə Amerika ordusunun bir bölüyü tərəfindən əsir alınaraq başına torba keçirilən zabitlər də Özəl Qüvvətlərdəndi. “Kurdlar vadisi - İraq” filminə baxmısınız yəqin. Orada 4 iyul 2003-cü ildə, bir cümə günündə işğalçı güclərin və yerli kürdlərin xain işbirliyi ilə Türk Özəl Qüvvətlər bölüyünə qarşı həyata keçirilən namərd bir qəsd bədiiləşdirilib. Olaysa tam gerçəkdi. Minbaşı Aydın Esərin başçılığı altında olan Türk Özəl Qüvvətləri bürosuna basqın yapan 100-dən çox amerikalı hərbçi və çoxsaylı kürd peşmərgələri o zaman 11 türk zabitini əsir almış, başlarına çuval keçirərək onları Kərkük hava limanına, oradansa vertolyotlarla Bağdada aparmışdılar. Düzdür, zabitlər 60 saat sonra əsirlikdən buraxıldılar. Amma olanlar olmuşdu və bu dəfə də düşmənin hədəfində bizim albayın Özəl Qüvvətlərdəki zabitləri idi. Onlar orada İraq türkmənləri adlanan İraq azərbaycanlılarını qorumaq üçün, onlara təlim vermək, təşkilatlandırmaq üçün bulunurdular...

***

İndi gələk ötən yazılardan qalan ən əsas sualımızın cavabına: “Necə oldu ki, Abdullah Gülün başçılığı altında qurulan 58-ci AKP hökuməti Ləvənt Göktaşa MİT müstəşar yardımçılığını, daha sonra isə müstəşarlığını (milli təhlükəsizlik naziri postuna müvafiqdir - R.A.) təklif etdi, amma o bu vəzifədə oturmadı?”

***

Mustafa Ləvənt Göktaşın həbsindən sonra ondan yazan Türkiyə mətbuatı bu faktı indi təsdiqləyir. “Az qala MİT-in başına keçirdi” başlığı atan Türkiyə TV-ləri və qəzetləri təsdiq edirlər ki, albay Göktaşa 2002-ci ilin dekabr ayında MİT müstəşar yardımçılığı təklif olunub. Onun bu təklifi nədən qəbul etmədiyini isə heç kim yazmayıb. Amma bu mübhəm olaya mən hörmətli albayımızın öz izahatını bilirəm.

***

58-ci hökumət MİT müstəşarlığını Tayyib Ərdoğana və Abdullah Gülə çox yaxın olan Edip Başər paşaya təklif edib. Lakin Milli Güvənlik Kurulundakı (MGK) və Silahlı Qüvvələrdəki bir çox generallar buna qətiyyətlə etiraz ediblər. Siyasi hakimiyyətə və hansısa bir partiyaya bu qədər yaxın olan birisi - bu, hətta ordunun sevimlisi Edip paşa olsa belə! - MİT müstəşarı ola bilməzdi! O zaman bu kural işləyirdi və hələ Tayyib bəy baş nazir deyildi, indiki qədər gücü yox idi; generalitetsə çox güclü idi. Belə olan halda plan dəyişir və Edip paşa özünə müavin gətirəcəyi sevimli albayı Ləvənt Göktaşı MİT müstəşarlığına irəli sürür. AKP rəhbərləri və eləcə də zamanın baş naziri bu təkliflə razılaşır. Göktaş hətta Kayseridə, Abdullah Gülün ata evində baş nazirlə (o zaman baş nazir A.Gül idi - R.A.) qeyri-rəsmi olaraq görüşür. Ləvənt bəyin bütün dostları təyinatın bu gün-sabah çıxacağını gözləsə də bu, baş vermədi. O zamankı generalitet “biz MGK-da bir albaylamı oturacağıq...” arqumentini irəli sürdü bu dəfə. Aydın məsələydi; kim bilməsə də paşalar yaxşı bilirdi ki, ordu içindən “məxməri inqilab”a qatılanlar və AKP-yə yaxın olanlar kimlərdir.
Bu yerdə MGK-nın nə olduğunu qısaca açıqlayaq. Bu qurum başqa adla 1933-cü ildən yaradılıb, 1982-ci ildən Anayasanın 118-ci maddəsi ilə yenidən formalaşdırılıb və indiki adını alıb. Türkiyənin milli təhlükəsizlik siyasətinin təyini, təsbiti və tətbiqi istiqamətində qərarlar alan, Nazirlər Kabinetinə tövsiyələr verən, gərəkli qurumlar arasında koordinasiyanı həyata keçirən bir üstqurumdur. Prezidentin, o, olmadıqda isə baş nazirin rəhbərliyi altında iki aydan bir toplanır. Bəzi hallarda qrafik dəyişir; fövqəladə toplantıların qrafikdənkənar keçirilməsi mümkündür. Bu qurumda səs hüququ olanlar aşağıdakılardır: prezident, baş nazir, Genəlkurmay başqanı, baş nazirin müavinləri, quru, hava, dəniz qoşunlarının komandanları, Jandarma Genəl komandanları, ədliyyə, müdafiə, daxili işlər və xarici işlər nazirləri. MİT müstəşarı və MGK genəl sekretarı (baş katibi) bu toplantıya səsvermə hüququ olmadan qatıla bilər. Bu qurum əslində Silahlı Qüvvələrin hökumətlər üzərində nəzarəti həyata keçirmək mexanizmidir.

***

58-ci hökumət Ləvənt Göktaşın MİT-in başına keçməsində israrlı idi. Albayı istefaya göndərdilər, onu mülki işə -  vəkilliyə keçirdilər. “Bir albayla oturmaq istəmirsiniz, buyurun, bir advokatla oturun” mesajını verdilər. Keçmədi. Və bundan sonra olanlar oldu; hər şey tərs getdi.

***

Bütün narazılar, o cümlədən də narazı kürd əşirətlərinin rəisləri Tayyib Ərdoğanın ətrafında cəmlənmişdi. Türkiyə Silahlı Qüvvələri, Vəli Kiçiyin başçılıq etdiyi Jandarma İstihbarat Təşkilatı, əmniyyət gücləri, xüsusilə özəl hərəkatçı polislər onları bölücü fəaliyyətlərinə və dövlətə düşmənçiliyə, separatizmə, PKK-ya dəstək verməyə görə illərdir ki, sıxışdırır, göz açmalarına, daha artıq zərər törətmələrinə imkan vermirdi. İndi qəfildən onlar AKP vasitəsilə iqtidara ayaq açmışdılar. Onların Azərbaycan və Rusiya sızıntıları da dərhal fəallaşmağa başladı.
Azərbaycandakı PKK uzantısı isə qəzetimizin üstünə gəldi. 2003-ün əvvəllərindən başlayaraq ölkəmizdə “yabançı iş adamları” adı ilə kamuflyaj olunmuş PKK-çılar mənə və qəzetə məhkəmə davaları açdılar. İndiyə qədər buna cəsarət etməmişdilər. Allahdan olan kimi, o zaman milli hərəkat, müxalifət güclü idi; Müsavat iqtidar olmaq iddiasını gündəmə çıxarmışdı. Olayların haraya vara biləcəyini onlar da tam hesablaya bilmirdilər; üstəlik, belə çıxır ki, Azərbaycan iqtidarında da milli güclər hər halda boş durmamışdılar. Yoxsa qəzetin taleyi tamamilə fərqli nəticələnəcəkdi. Cərimələr üst-üstə yağırdı; məhkəmənin biri bitib digəri başlayırdı. Həbsimi istəməklə Nəsimi məhkəməsində də xüsusi ittiham qaydasında iki iş açmışdılar.

***

Türkiyənin daxili işlər naziri postuna təyin olunmuş Abdulkadir Aksu buradakı PKK-lılara sahib çıxdı. Nazirin özü böyük bir kürd əşirətinin rəisi idi; AKP parlamentə 90-dan yuxarı pankürdist gətirmişdi; Azərbaycanda qaçaq yaşayanlara, Türkiyəyə ayaq basa bilməyənlərə gün doğmuşdu. Ləvənt Göktaşı isə hərbiyə qaytarıb başqa vəzifəyə keçirmişdilər. Günü Quzey İraqda keçirdi. Onu canından çox sevdiyi və bir çox yarımçıqları qalan Azərbaycana buraxmırdılar; hətta yaxınlaşdırmırdılar. Yeni hakimiyyət hətta onlara dəstək verən millətçiləri də sevməməyə başlamışdı...

***

Bir daha görüşmədik. Ona zərər verməmək üçün bu müddətdə aramadım da. Arada-bərədə sorağını duyurdum, vəssalam. Həbs olunacağını gözləmirdim; eşidəndə içim sızladı. Bu adam gerçək bir qəhrəmandı, əfsanəvi albaydı. Beləsini Türk Ordusu “bir” deyib yetişdirmir. Beləsini itirəndə bütün türk dünyası itirir. Və ən dəhşətlisi odur ki, “Ergenekon terror hörgütü” deyib həm soyumuzu, mənəvi vətənimizi kirlədirlər, həm də çox dəyərli insanlarımızı, qəhrəman övladlarımızı məhv edirlər.

***

Albay Mustafa Ləvənt Göktaş çox əməliyyatlar keçirib. Onlardan biri Öcalanı tutmaqdır, digərləri Azərbaycan üzərindən Almaniyaya qaçan bir neçə PKK fəalını və rəhbərini oralarda yaxalayıb Türkiyə ədalətinə təslim etməkdir; ordumuza təlim verməkdir; Quzey İraqdakı türkmənləri - tərtəmiz azərbaycanlıları kürd peşmərgələri məhv etməsin deyə hörgütləmək və eyitməkdi; Türkiyə dövləti adından Bərzani və Tələbani ilə görüşüb lazım olanları onlara çatdırmaqdır... Və bir də AKP-ni iqtidara gətirən bir əməliyyatın içində mühüm yerlərdən birini aldı albayımız. Albayı bunların hansına görə tutdular sizcə?!

***

“Dövlət üçün kurşun atanlarla kurşun yeyənlərin bir-birinə qarışdığı günlərdir...” Yazını bitirdiyim anlarda bu sözləri əski başbakan Məsud Yılmazın dilindən eşitdim Türkiyə televiziyalarından. Gözəl deyilib. Eynən öylədir. Və bu günlərdə həm də “Ergenekon” həbslərinin yeni dalğası davam edir; tanıdığımız və Azərbaycanımıza bağlı insanlar - təmiz türklər cəza evlərinə atılırdı.

***

Televiziyalarda başqa bir səhnə də vardı. Qazi albay, terrorla mücadilədə yaralanmış və əlil omuş Abdulkərim Kırca onun barəsində çıxan iddialara (“Ergenekon terror hörgütünə üzv olmaq”) və son dalğada həyata keçirilən həbslərə etiraz olaraq özünü tapançası ilə vurmuşdu. Ölümündən bir gün öncə dostlarına “Terrorçular qədər qiymətimiz olmadı” deyibmiş.

***

Dağlarda Türkiyə dövlətinə qarşı savaşanların və türk millətinə, bizim məlum qəhrəmanlara güllə atanların arvadları, əmiləri, dayıları və hətta özləri isə bu gün Türkiyə Böyük Millət Məclisində oturublar. Onlar deputatdır, bu səbəbdən də toxunulmazdır. Türkiyədə kürd ləhcəsi hakim ləhcəyə çevirilməkdədir; fikir vermisinizsə, əksər seriallar da onlardan, onların Türkiyəsindəndir. Və hər gün efirə çıxıb bağırırlar ki, “Ergenekon işi”ndə axıra qədər getmək lazımdır. Yəni bütün milliyyətçi kəsimin, PKK-ya kurşun sıxanların, Abdullah Öcalanı əli-qolu bağlı Keniyadan - Obamanın vətənindən - tutub gətirənlərin hamısı həbs olunmalıdır, Türkiyə türklərdən təmizlənməlidir və iş başına bunlar keçməlidir... Türkiyənin yeni sahibləri...

***

Bu yazının davamı olacaq, mühəqqəq olacaq. Mən yazmasam da. Böyük türk milləti, Türk Silahlı Qüvvələri, cümhurbaşqanı Abdullah Gül, dəyərli baş nazir Tayyib Ərdoğan düşmən sevindirən bu olaylardan bir çıxış yolu tapıb bizim də içimizi göynədən haqsızlıqlara son verəcəklər inşallah...
Bunu çox arzu edirik...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR