İnsanlara hürriyət, millətlərə istiqlal!

“ERGENEKON”çu POLKOVNİK NƏ İSTƏYİRDİ? (II YAZI)

15736 22.01.2009 08:19 Yazarlar A A

(əvvəli ötən sayımızda)

Əməkli albay, MHP genel başqanı, dünya türklərinin Baş Buğu Alp Arslan Türkeşin 40 illik savaşı, öncəgörmələri və iddiaları doğrulmuşdu! Dış türklər - əski Sovetlər Birliyində yaşayan türk topluluqları birdən-birə dövlət olmuşdular - bayraq olub BMT-də dalğalanırdılar. Türkeşə “faşist”, “irqçi”, “xəyalpərəst” deyən siyasilər, dövlət adamları, məmurları bu qəfil gəlişmədən şaşırmışdılar; Baş Buğ bütün mənalarda və istiqamətlərdə haqlı çıxmışdı. Türkiyə isə dövlət olaraq xaricdəki türklərlə bağlı heç bir plan və proqrama sahib deyildi; hazırlıqsız yaxalanmışdı. Bu səbəbdən də yeni türk cümhuriyyətləri ilə, xüsusilə də Azərbaycanla əlaqələrini MHP və onun genel başqanı üzərindən qururdu. Türkeşin “Dış Türklər Proqramı” yenidən öyrənilir və dövlətin rəsmi siyasi kursuna çevrilirdi; həbslərdə olan MHP-lilər təcili şəkildə azadlığa buraxılırdı və onları yeni türk dövlətlərinə göndərirdilər. Alp Arslan Türkeşin böyüklüyünü sağlı-sollu, bütün Türkiyənin siyasi mühiti qəfildən qəbul etməyə başlamışdı. Türk dünyasının Türkeşdən sonrakı böyük ismi Elçibəyin iqtidar olması və Baş Buğu özünə ağsaqqal elan etməsi isə MHP-ni türk siyasətinin mərkəzinə daşımışdı...

***

22 martda - Türklərin əfsanəvi yurdları Ergenekondan çıxış günündə ənənəvi olaraq çəkiclə dəmirdöymə törəni keçirildi. 22 mart İslamdan öncədən bir Türk bayramıdır; 22 mart türk ulusunun qurtuluş günüdür! Börteçinanın - Boz Qurdun sayəsində Ergenekondan - dünyadan təcrid olan qapalı yurddan çıxış günü 22 martdadır. Əfsanəyə görə, Börteçina iki dağın arasından, kiçik bir keçiddən keçərək türk ulusuna dünyaya çıxış yolunu göstərib. İki dağın arası dəmir filizi ilə örtülübmüş; türklər orada ocaq çatıb və yumşalan dəmiri döyüblər, keçidi böyüdüb və dünyaya açılıblar. Əks halda o qapalı məkanda - əfsanəvi Ergenekonda çoxalaraq, oraya sığışmayaraq son nəticədə məhv olasıydılar...

***

22 mart 1993-cü ilə qədər Türkiyədə Novruz adlanan bayram - ocaq yandırma, dəmirdöymə və sair törənlər dövlət səviyyəsində qadağan idi. Bayramı kürdlərə buraxmışdlar; MHP xaric, kimsə o törənin türkün qurtuluş günü olduğunu iddia etmirdi; kürdlər də hər Novruzda ocaq qalayıb az qala bütün Türkiyəni yandırmaq iddiası ilə şuluq salırdılar. Qarşıdurmalar yaşanırdı, həbslər keçirilirdi...

***

Elçibəyin verdiyi təyyarə ilə Antalyadakı I Türk Qurultayına qatılan Azərbaycan, Özbəkistan, Tatarıstan, Türkmənistan, Qırğızıstan, Başqırdıstan, İran və başqa türk topluluqlarının təmsilçilərinin qarşısında Türkiyənin dövlət və siyasət adamları zindanın üstündə dəmir döyürdülər. Növbə ilə zindana yaxınlaşıb ağır çəkici hərəsi bir dəfə qaldırıb dəmirə vurur və nəhəng TÜRK ÇADIRI altına toplanmış auditoriyadan alqışlar alırdılar. Türkiyə prezidenti Turqut Özal, baş nazir Süleyman Dəmirəl, baş nazirin birinci müavini Erdal İnönü, Azərbaycan nümayəndə heyəti adından baş nazirin səlahiyyətlərini icra edən Əli Məsimov dəmiri döydülər, türklərin qurtuluşuna simvolik də olsa zəhmət verdilər. Hamısı bircə addımlığımızdaydı; tarix böyük hərflərlə gözümüzün önündə yazılırdı və biz onu müşayiət edirdik!
Baş Buğ səhnəyə çıxdı; zal alqışdan dağılırdı; Ağ dəniz sahilləri hələ belə coşqu görməmişdi. Türkeş 80 yaşına rəğmən ağır çəkici asanlıqla qaldırdı və düz üç dəfə zindana vurdu. Böyük savaşında qazandığı siyasi, mənəvi və tarixi qələbəsinə sanki bir üç nöqtə qoydu Baş Buğ! Hamı bir ağızdan şüar deyirdi: “Ergenekon Yurdun adı, Börteçina Qurdun adı...”

***

“Ergenekon terror hörgütünə üzv olmaq ittihamı ilə həbsə alınmışdır...”
Türkün əzəli yurdunun adını terror hörgütünə yapışdırdılar və dünya bizim mənəvi vətənimizi bu adla tanıdı. Çox üzücü bir faktdır.
Bu gün Türkiyəmizin bir çox dəyərli adamları, həyatını türk millətinə və Türkiyənin var olmasına həsr etmiş soydaşlarımız “Ergenekon terror hörgütünün üzvü” olaraq cəza evindədir. Ötən sayımızda onlardan biri - polkovnik Mustafa Ləvənt Göktaşla bağlı bir yazı yazdıq. Orada bir çox suallar vardı; oxucuma söz vermişdim ki, həmin suallara cavabı növbəti yazılarımda açacağam.

***

İçəridəki “Ergenekon”çulardan bir neçəsini şəxsən tanıyıram, bir çoxunu isə illərdir ki, Türkiyə mediasından izləməkdəyəm. İçəridəkilərin heç də hamısı mələk deyil; ortalığı elə qarışdırıblar ki, solçu internasionalla sağçı-millətçilər, hətta kürdçülər, anti-türkiyəçilər, erməni abidəsinin üstünə çələng buraxmış şərəfsizlər guya eyni təşkilatın üzvləridir. Bu şübhələr, inamsızlıqlar, istintaqa yönəlik iradlar yalnız mənə aid deyil; Türkiyəmizin çox görkəmli insanları, dövlət vəzifəsi daşıyan məmurlar, hətta Türk Silahlı Qüvvələrinin genelkurmayı, parlament üzvləri, yazarlar, qəzet redaktorları da istintaqın yanlışlarından və qərəzindən şikayət etməkdədir.

***

Eyni şeyləri biz də yaşamışıq. Həyatını Azərbaycan davasına nəzir demiş, bayraq və dövlət üçün çarpışmaqdan, ermənilərə qarşı vuruşmaqdan, ömrünü milli mücadiləyə xərcləməkdən ayrı bir suç işlətməmiş minlərlə Azərbaycan türkü də lap yaxın tarixlərdə zindanlardan keçib. Mən də 45 gün bir dəfə, 17 ay ikinci dəfə cəza evində oturmuşam. Ölkəni çapıb-talayanlar, iqtidar etməyə çalışdığımız millətin anasına ağladanlar, özünü mələdənlər bizə cinayətkar, çevrilişçi, terrorçu deyiblər. Terror ittihamı ilə aylarla istintaq altında qalmışam. Dövlət çevrilişinə cəhddə suçlanıb dostlarla birgə 5 il cəza almışam. Bunları yaşamaq mənəvi cəhətdən çox ağırdır. Sən ölümünə sevdiyin vətən və millət üçün çarpışmağı özünə peşə seç, onun bayrağını dikəldənlərdən ol; amma cinayətkar kimi tutub türmələrə salsınlar və ömründə bircə gün də vətən-millət naminə yarım kilo yükə girməmiş müstəntiqlərin, daha sonra işi-peşəsi rüşvət alıb sərvət artırmaqdan ibarət olan hakimlərin əli ilə iş oxuyub, qoluna qandal vuraraq cəza evlərinə göndərsinlər. O bayrağın altında Azərbaycan dövləti adından bizlərə hökm oxunan gün 
dünya mənimçün qopmuşdu. Ədalətsizliyin, allahsızlığın bizim partiyanın birinci başqanının yaratdığı bayrağın altında hökmə çevrilməsi elə ağrılıydı ki...

***

İndi onları - “Ergenekon”çuları bizdən yaxşı başa düşən olmaz. Həyatını Türkiyəyə xərcləmiş generallar, albaylar, başqa əsgər kökənli soydaşlarımız, qəzetçilər, yazarlar Türkiyə adından ittiham olunmağa düşünün ki, necə də çətinliklə qatlaşırar.

***

Türkiyənin ədalət sisteminə, prokurorluğuna, iqtidarına sayğı və inamımızı bəyan etməklə bərabər baş verən olaylara görə üzüntümüzü də dilə gətirirəm. Türkiyə bizim güvənc və qürur qaynağımızdır, ikinci vətənimizdir. Mən dünyada başqa bir ölkə tanımıram ki, onu Türkiyə qədər sevə bilim. Mən Böyük Turanın və Xilafətin paytaxtı İstanbul kimi ikinci şəhər tanımıram ki, bunca heyranı olum. Ankara kimi rahat olduğum, davamlı müsbət enerji aldığım ikinci bir başkəndim də yox. Mən türk insanını, onun əxlaqını, danışığını, ləhcəsini, etirazını, inancını sevirəm. İllərdir ki, vətənimdə qarşılaşdığım zorluq və pisliklərə “Nə yaxşı ki, Türkiyə var, soyumuz heç olmasa orada iqtidardı, özünü göstərib, sübut edib” deyə dözmüşəm. Türk Silahlı Qüvvələrinə güvənib qürur duymuşuq - “Ən böyük əsgər bizim əsgər” demişik, onların Azərbaycan ordusuna ayaq açmasına sevinmişik... Mən və dostlarım Türkiyənin tümünü sevərik; ayrım yapmarıq; ayrı-ayrı partiyalara rəğbətimiz ayrı-ayrı futbol klublarına münasibətimiz kimidir; amma MİLLİni həmin klubların ən yaxşıları təşkil edir və biz də bütün Azərbaycan olaraq Türkiyə MİLLİSİNƏ sevə-sevə azarkeşlik edirik! Qələbələrə sevinib də milyonlarla azərbaycanlı küçələrə necə axışırdı! Bax, biz Türkiyənin SİYASƏT MİLLİSİnin də qələbələrini görmək və o cür sevinmək istəyirik. Bunun əksini müşahidə edəndə uduzan komandasına bağıran azarkeşin gününə düşməmək üçün özümüzü zor tuturuq...

***

İndi qayıdaq qəhrəmanımıza - albay Mustafa Ləvənt Göktaşa.
Ötən sayımızdakı suallar nəydi? “Necə oldu ki, hələ 2002-ci ilin yayında ”Yeni Müsavat"ın baş redaktorunu Rəcəb Tayyib Ərdoğanın iki müavini ilə görüşdürən və “Raufcum, başqalarını boş verin, Türkiyədə bütün ilişgiləri bunlarla qurun, Tayyib bəy yaxınlarda baş bakan olacaq...” deyən birisi sonradan elə Tayyibin iqtidarının hədəfinə gəldi? Türkiyənin indiki baş naziri hələ siyasi cəzalıykən və üzərində yasaq olduğu halda seçimlərə qatılması belə mümkünsüzkən “bu adam yaxınlarda iqtidar olacaq” deyən və bu işə ordu içərisindən dəstək verən birisi niyə AK parti ilə düşmən oldu? Tayyib Ərdoğanın yaxın dostu, onun dəstəkçisi, Abdullah Gülün sevdiyi birisi, Türkiyənin antiterror uzmanı və qızıl ordenli milli qəhrəmanı, Öcalanı Keniyada yaxalayıb Türkiyəyə gətirən xüsusi təyinatlıların başçısı nədən bir terrorçu, suç hörgütünün üzvü kimi yarğılanır? 2002-ci ilin dekabrında ona zamanın baş naziri, 58-ci müvəqqəti hökumətin rəhbəri Abdullah Gül tərəfdən Türkiyənin milli təhlükəsizlik nazirinin müavini (MİT müstəşar yardımçısı), daha sonra isə nazir vəzifəsi təklif olunmuşdu (MİT müstəşarı); nədən bu təklif həyata keçmədi?

***

Bu sualların əksəriyyətinin cavabını çoxbilmiş Türkiyə mediası bilmir. Amma qəribə burasıdır ki, onların əksəriyyətinin cavablarını mən bilirəm. Ləvənt Göktaşın Türkiyə mediasından gizlətdiklərini bizlərlə bir dost kimi bölüşməsi bəlkə də təbii sayıla bilər. Çünki biz özümüzün və Azərbaycanın yaxın dostu kimi onun təyinatını həyəcanla gözləyirdik; ölkəmizə və Türkiyəyə faydalı olacağından əmindik və bu səbəbdən də 2002-nin sonu-2003-cü ilin ortalarına qədər baş verən talesiz gəlişmələri daha yaxından, daha israr və inadla təqib edirdik. Həmin müddətdə Türkiyədə həm də Azərbaycanın taleyi, gələcəyi həll olunurdu. Sözün birbaşa mənasında...

***

O sualların hər biri ciddi informasiya daşıyır. Məsələ burasındadır ki, 2002-ci ildə əslində Türkiyədə məxməri inqilab baş verdi. Bir qrup yüksək rütbəli hərbçi, içərisində də bizim albay olmaqla, heç gözlənilmədən islamçı təmayülü ilə tanınan və üzərində siyasi yasağı olan, fəqət Türkiyə siyasətində getdikcə sürətlə parlayan, millətin sevgisini qazanan Rəcəb Tayyib Ərdoğana dəstək vermək qərarına gəldilər. Mənim bilgilərimə görə, bu, Amerikanın da çox sıcaq baxdığı bir plan idi. Və başqa bir bilgimə görə də Tayyibə dəstək verən hərbçilərin başında 2-ci ordu komandanı, ordu generalı Edip Başər paşa dururdu. (Sonradan o, Türkiyənin terrorla mücadilə məsələləri üzrə koordinatoru təyin olundu. Bu struktur ABŞ-la birlikdə qurulmuşdu və hədəf PKK-nı İraqda, Türkiyədə və bütün dünyada bitirmək idi. Qurum hazırda fəaliyyət göstərmir - R.A.). Edip Başər uzun illər NATO-da çeşidli vəzifələrdə işləmişdi və orduda Amerikaya ən yaxın adam sayılırdı. Bir neçə xarici dil bilir, üstəlik də elmlər doktoru kimi alimlik dərəcəsi daşıyırdı. Onu türk ordusunda da çox sevirdilər. Bu yaxınlaracan Türkiyə Silahlı Qüvvələrinin genelkurmay başqanı olmuş Yaşar Böyükanıt ona “ağabəy” deyə müraciət edərmiş; yəni özünün bir böyüyü, ağsaqqalı hesab edərmiş. Edip paşa da bizim qəhrəmanı - Ləvənt Göktaşı çox sevər, dəyər verərdi. Ləvənt bəy Edip paşanın ekipindəndi. Yeri gəlmişkən, həbsindən dərhal sonra Edip paşa albay Göktaşı dəstəkləyən bir açıqlama ilə çıxış etmişdi...

***

Həmin vaxtlar Türkiyəni Ecevit-Baxçalı iqtidarı yönəldirdi. Dostumuz, Azərbaycan kökənli Atilla Qayanın sayəsində biz MHP ilə daha çox yaxınlıq edirdik və bu səbəbdən də bu partiyanın ortaq olduğu iqtidarı dəstəkləyirdik. Ləvənt bəysə milliyyətçi olmasına rəğmən o iqtidara qarşıydı; Eceviti sevmirdi, Dövlət bəyi davamlı olaraq ələşdirirdi.

***

2002-ci ilin səhv etmirəmsə iyul ayı idi; Ankarada jurnalistlərin konfransında idim və bütün dostlar kimi Ləvənti də aradım, Türkiyədə olduğumu söylədim. Görüşək dedi. “Araba yollayıram, səni aldıracam, mənim iş yerimə gələrsən...”
Razılaşdıq. Az sonra məni lobbidən aradılar. “Əsgərlər gəlmiş, sizi sorurlar”- söylədilər.

(davamı sabahkı sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR