İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlif Hacıyevi “qatil” sayanların dostları

2187 29.11.2014 15:04 Yazarlar A A

Batumi qalmaqalı olmasaydı, yəqin ki, “People in Need”  adlı təşkilatın varlığından çoxları, o cümlədən bizlər xəbər tutmazdıq. “Pin”in bəzi xeyirxah, humanitar fəaliyyətinin arxasında ölkəmizə münasibətdə natəmiz niyyətlərindən bixəbər qalardıq. Ən önəmlisi, həmin qurumla uzun illər “çaşka-lojka” olub sırf şəxsi mənfəətlər güdmüş burdakı “demokratiya və ədalət mücahidləri”nin fəaliyyətindən məlumatsız olardıq.
Az qala hər gün yeni, maraqlı, şok effektli faktlar ortaya çıxır bu qurumla ilgili. Demə, təşkilatın faktiki, ikinci sahibi olan Yaromir Ştetina ad-soyadlı şəxs nəinki ermənipərəst, hətta ermənidən iki çömçə artıq imiş. Sən demə, adamın xain qonşularımıza rəğbəti o dərəcədə güclüdür ki, rusca da erməni ləhcəsi ilə danışır. 

Ləhcəsi cəhənnəm, adam gör xocalıları, Xocalı şəhidlərini Azərbaycanın əfsanəvi Milli Qəhrəmanı Əlif Hacıyevin timsalında necə təhqir edib. Vaxtilə Xocalı (Xankəndi) aeroportunun komendantı olmuş, neçə-neçə dinc sakini, qadını, uşağı, qocanı erməni qaniçənlərinin pəncəsindən qurtarmış bu şəxs haqda görün nə deyir. Sitat: “O, əsl qatil idi. Mənə demişdi ki, axşamlar adam ovuna çıxıram. Onun belə hobbisi vardı. Ona görə də onun ölüm xəbəri məni təəccübləndirmədi, axır ki, ermənilər onu tapıb güllələdilər...” Davamı da var: “Mən əminəm ki, bütün bunları (yəni ”əzabları" - Z.S.) yaşayan arsaxlıların müstəqil dövlət qurmaq haqları var".

Başqa daha nə dəlil-sübut istəyirsiniz indi? Bu, nəinki ermənipərəstlik, hətta erməniliyin kvadratı, kubudur. Eyni zamanda “PiN” haqda dolğun təsəvvürə malik olmaqdan ötrü qiymətsiz testdir. Dəniz suyunun dadını bilmək üçün onun hamısını başa çəkməyə gərək yox ki... 

Yaxşı, hesab edək ki, bu, bir qədər uzaq tarixdə baş vermiş hadisədir. Amma günah əməllərin dünəni-bu günü, təzəsi-köhnəsi, “srok”u olmaz ki. Günahı yumaq, ləkəni gec də olsa təmizləyib-təmizləməmək məsələsi var sadəcə. 

Odur ki, qoy bu allahsız ittihamın müəllifi ortaya çıxsın, yanlışını etiraf eləsin, Azərbaycan xalqından, Xocalı camaatından, Milli Qəhrəmanın yaxınlarından, Əlif Hacıyevin qismində Qarabağ uğrunda canlarından keçmiş bütün azərbaycanlı qəhrəmanlardan, o sırada Mübariz İbrahimovun ruhundan üzr istəsin. Eyni zamanda erməni separatçılığını dəstəkləmədiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nala-mıxa vurmadan, birmənalı bəyan eləsin. Edərmi, bacararmı? 

Bir daha qırmızı xətlə aşağıdakı fikrin altını cızaq ki, belə etiraflar, üzrxahlıqlar olmayınca, ilkin şərt kimi ölkəmizin ərazi bütövlüyü dəstəklənməyincə, hansısa təşkilatın Azərbaycana münasibətdə humanitar fəaliyyətinin qara qəpiklik dəyəri də olmayacaq. Özlərini yormasınlar.

Bu işdə xüsusi məsuliyyət payı isə Milli Qəhrəmanınızı “quldur” hesab edən bir təşkilatın müdafiəsinə qalxan azərbaycanlıların üzərindədir. Günahkarı müdafiə eləmək də ki, günaha şərik olmaq deməkdir - buyurur dinimiz. Əgər indiyədək bixəbər olublarsa da, qoy bundan sonra mövqe ortaya qoysunlar...

****
Son olaylardan hasil olan bir mühüm qənaət də var. Bəlli olur ki, Ermənistanlın arxasından Rusiya çəkilsə belə, dünyada Qarabağ məsələsində Rusiya qədər Azərbaycana problem yarada biləcək, demokratiya mantiyası geymiş ermənipərəst qurumlar yetərincədir. Problem həm də ondadır. Problem həm də maddi maraqlar naminə onlara züy tutan “özümüzünkülər”dədir.

Problemdən qaçmaq üçünsə öncəliklə hər kəsin “olduğu kimi görünməsi və ya göründüyü kimi olması” lazım. Bəli, biz də Azərbaycanın demokratikləşməsini, ölkədə bircə siyasi məhbusun də olmamasını, əhalimizin rifaha qovuşmasını, seçkilərin azad və ədalətli keçməsini, söz-ifadə azadlıqlarının oturuşmasını cani-dildən istəyirik. Təkcə istəmirik, buna çalışır, bunun uğrunda mübarizə aparırıq. Amma birilərindən fərqli olaraq işimizi təmənnasız şəkildə, Azərbaycanın köklü maraqlarına, o sırada ərazi bütövlüyümüzə zərrəcə xələl gətirmədən görürük və görəcəyik. 

Əlif Hacıyevi “qatil” sayanların dostları, Azərbaycana bilərəkdən, ya da bilməyərəkdən badalaq vuranlar, erməni dəyirmanına su tökənlər, öz adını başqasına qoyanlar isə nə qədər gec deyil, günah yoldan çəkilsələr yaxşıdı. Özləri bilər. Amma sonra gec olacaq. 
Sonra maskalar daha pis yırtılacaq...


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR