İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ekstrasens-politoloq”ın “öncədən gördükləri”

3660 16.01.2017 10:15 Yazarlar A A

Belə anlaşılır ki, “öncəgörən” dələduzların zamanı hələ keçməyib. Keçməyəcək də. Nə qədər ki, insanlar cahildir və gələcəklərindən əndişəlidir, mütləq “sabahkı günün necə olcağı” barədə informasiya almağa çalışacaqlar ki, ona hazır olsunlar.

“Öncəgörən” dələduzlar isə onların bu zəif damarından istifadə edir, böyük sərvət və şöhrət qazanırlar.

Heç kəs onların necə bir dələduz olduqlarını ifşa etmir, verdikləri yüz proqnozdan doxsanının puç olduğunu, düz çıxmadığını araşdırıb ortaya qoymur. Bundan ötrü uzağa getmək lazım deyil, o dələduzların bir il öncəki proqnozlarının nədən ibarət olduğuna baxmaq lazımdır. 

Əslində bu adamlar nə qədər avantürist olsalar da, müəyyən bilgiləri və ağılları var, heç vaxt konkret proqnozlar vermirlər, ümumi danışırlar: “Filan ölkədə filan şey görürəm”.

Dünyadan az-çox baş çıxaran istənilən adam ABŞ-da tornado görə bilər, çünki hər il bu ölkədə 20-dən artıq dağıdıcı qasırğa olur. Banqladeşdə bərənin batmasını, yüzlərlə insanın okeanda boğulub ölməsini də “görmək” asandır, az qala hər ay olur. Çində kömür mədənində partlayış, Hindistanda qatar qəzası, Yaponiyada zəlzələ, Pakistan və Əfqanıstanda terror aktları, Filippində daşqınlar, Afrikada quraqlıq və sair bu kimi qəzalar, təbii fəlakətlər də hər kəsin “görə biləcəyi” türdəndir.

“Bu il bir neçə məşhur adam öləcək”. Əlbəttə. Onlar az qala hər ay ölürlər. Dünya ahıl məşhurlarla (siyasətçi, idmançı, sənətçi) doludur, qurdla qiyamətə qalası deyillər, mütləq hər il 10-15-i ölür. Hələ bunun içində qəzaya düşən, gözlənilmədən ölən məşhurların da olacağı şəksizdir. 

“Öncəgörən”lər isə bu adi şeyləri ictimaiyyətə xüsusi bir istedadlarının məhsuluymuş kimi sırıyırlar. Beşi inanmayanda da yeddisi inanır.  

Budur, Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayevin mətbuatda öncəgörmələri dərc olunub.  İçində belə ifadələr var: “Britaniya kraliçası II Yekaterinanın tezliklə vəfat edəcəyini demək çətindir. Orada üç günlük matəm elan ediləcək; ”Böyük Britaniyada heç nə dəyişməyəcək. Aydındır ki, kraliçadan sonra onun oğlu şahzadə Çarlz taxta çıxacaq". 

Birincisi, Britaniyanın kraliçası II Yekaterina deyil, II Elizabetdir. İkincisi, Elizabetin artıq 91 yaşı var və məlum məsələdir ki, döşəkdədir. Üçüncüsü, onun vəfatından sonra yerinə oğlu Çarlzın kral olacağı 1948-ci ilin 14 noyabrından, yəni Çarli doğulan gündən bəllidir.
Daha sonra “öncəgörən” Rzayev Trampın hakimiyyəti dövründə ciddi böhran gözlənilmədiyini, amma ondan sonra vəziyyətin daha pis olacağını proqnozlaşdırır,  “Tramp əslində özünü apardığı kimi adam deyil, yaxşı adamdır” deyir.

Niyə? Çünki Tramp Rusiyanı dəstəkləyirmiş.

İndi bu öncəgörmədir, yoxsa siyasi konyukturadan doğan politoloji şərh? Rzayev ABŞ-ın  artıq Rusiya ilə sərhəd olan ölkələrə dirəndiyini, Ukrayna ssenarisinin Moldovada, Qazaxıstanda, Özbəkistanda təkrarlana biləcəyini “proqnozlaşdırarkən” ekstrasensdən çox, kəşfiyyat analitiki kimi çıxış edir.

Maraqlıdır, dünyada nə işlər baş verəcəyini əliylə qoymuş kimi xəbər verən “proqnozçu” Azərbaycanla bağlı proqnozlar vermək istəmir. Səbəbi də budur: “Çünki mənim adımdan çoxlu yalan məlumatlar yazırlar. Xüsusilə də bundan müxalifət istifadə edir. Ona görə də mən açıq şəkildə bəyan etmişəm - Azərbaycanla bağlı heç nə deməyəcəm ki, kimsə mənim sözlərimi öz bildiyi kimi şərh etməsin”.

Adam verəcəyi “proqnozlar”a görə başının ağrıyacağını proqnozlaşdıra biləcək qədər ayıqdır, bunu öncədən “görür”, daha dəqiqi, analiz edərək bu qənaətə gəlib.

Əslində, o, öz üzərinə “müasir Nostradamus” funksiyası götürmək əvəzinə analitik Qleb Pavlovski kimi regiona, ölkələrarası münaqişələrə dair siyasi şərhlərlə çıxış etsəydi, daha maraqlı olardı. Onsuz da  Rzayev “Dağlıq Qarabağ münaqişəsinin həlli Kremldən asılıdır”, “Ərdoğan bilir ki, Türkiyə iqtisadiyyatı Rusiyadan asılıdır”, “Amerika Türkiyəni heç bir şəkildə dəstəkləmir” kimi fikirlər səsləndirərkən eyni işi görür, sadəcə, statusu fərqlidir. 
Uzun sözün kəsəsi, bu və digər belə “ekstrasens”-"politoloq"ların “proqnoz”larını ciddiyə almaq lazım deyil. Əgər bekarçılıqdırsa və onların dedikləri nəyə görəsə maraqlıdırsa, o başqa məsələ...


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR