İnsanlara hürriyət, millətlərə istiqlal!

Çjou Yuquanın xatirəsinə

5102 19.01.2017 08:35 Yazarlar A A

Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağın Azərbaycanın daxili işi olmadığını deyib. Ondan başqa mövqe də gözləmirik. Əslən ermənidir, üstəlik tarixi düşmənimiz Rusiyanı təmsil edir. Mənə Elmar Məmmədyarovun buna münasibəti tragikomik gəldi. 

Müxbir 4 dəfə içində “Rusiya, Lavrov, ərazi bütövlüyümüz” sözləri olan suallar verir, ancaq Məmmədyarov qorxusundan 1 dəfə də Rusiyanın və Lavrovun adını çəkmir. Misal üçün, jurnalist deyir, Lavrov ərazi bütövlüyümüzü tanımadı, Elmar müəllim deyir, prezidentimizin çıxışına diqqətlə qulaq asdıq. 

Kimsə ona deyib diplomat dolayısı ilə cavabdan yayınmalıdır, yanlış anlayıb. Dağdan sual verilir, dərədən danışır. Deyirlər, niyə gözünüz çəpdir, cavab verir ki, Amerikada kovboylar yaşayır. Sözgəlişi, belə temada hansısa amerikalı danışsa, indi Elmar müəllim bir tərəfdən, Novruz müəllim o biri tərəfdən - Sem dayını qabaqlarına qoyub qamçılamışdılar. Çünki bilirlər, Amerika uzaqdadır, ancaq Rusiya vuran şapalağın yeri tez qızarır. 

Bizdə bu qorxaqlığa balans siyasəti adı veriblər, uğurlu xarici siyasətimizi isə hətta müxalifət də hərdən dəstəkləyir. Ancaq bilinmir bu uğur xarici siyasətin harasındadır, əgər 23 ildə ərazi bütövlüyümüz təmin edilməyibsə, məcburi köçkünlər isə yeni qəsəbələrdə artıq kök atıblarsa, bizim qazancımız nədədir? Hacıqabulda ördək ovlamağa gələn iki cüt bir tək ərəb şeyxi xarici uğurumuzdur - yəqin bunu deyirlər. Bir də Çovdarovun Gürcüstandakı kəndçiləri bizi tanıyır. 
Doğrusu, bu durumdan xüsusi narazılığım yoxdur. Hamı necə, mən də elə. 

Su girdi qaba, oldu içməli. Su demişkən, Bülbülədə bəzi adamların borcu varmış, “Azərsu” isə götürüb bütün kəndin suyunu kəsib. İndi borcu olmayanlara suyu... idarənin maşını ilə daşıyırlar! Analoqu olmayan addımdır. O ata sözümüzdə deyilən kimi: “Obşini bağla, bakı aç”. (“İki uzunqulağın arpasını bölə bilməyənlər bizə ağıl öyrədir” məsəli dövlət səviyyəsində atalar sözü statusu qazanandan bəri folklorumuzun statusunda bir çox yeniliklər olacaqdır. Yeni ata sözləri, nağıllar, dastanlar, bayatılar, ağılar, qımqımılar, mızmızılar, dızdızılar sərəncamla təsdiq edilir. Axırıncı Metro Tağıdan yadigardır). Həyatımız elmi şəkildə davam edir. 

Yanvarın 14-də Çində bir alim öldü. Çjou Yuquan adlı bu kişinin nə az, nə çox, düz 111 yaşı vardı. Bu alim Çin heroqliflərinin latın əlifbasında çağdaş transkripsiyasını yaratmaqla məşhur idi. Loru dildə desək, həmin ilan-qurbağa şəkillərinin deyilişini dünyaya çatdırıb. Bunun sayəsində indi milyonlarla adam Çin əlifbası kimi çox çətin əlifbanı öyrənir. (Hər söz bir hərf olan əlifbanı öyrənmək də bir ayrı zülmdür). 

Ancaq məqsədim sizə çin dilini öyrətmək deyil. Sadəcə, bu 111 yaşlı alim haqda öyrəndiyim bir faktı sizlərə çatdırmağı özümə borc bildim. Xüsusən AMEA-da paket çay dəmləyib gərnəşən yaltaq aspirant, doktor və akademiklər oxusunlar. Demək, bu kişi həmişə rejimin əleyhinə çıxıb, son 20 ildə - yəni 90 yaşından sonra isə Çin Kommunist Partiyasını - hakimiyyəti tənqid edən və rəsmi şəkildə qadağan olunan bir neçə kitab yazıbmış. 

2011-ci ildə  - 105 yaşı olarkən (! - Z.H.) Çjou Yuquan belə açıqlama veribmiş: “Çinlilər Çin Kommunist Partiyasına inanmırlar. Xalqın ağıllı hissəsi ölkənin demokratikləşməsini istəyir. Mən Tyananmen meydanında nümayişlərin zorla yatırdılmasına görə rəsmi Pekinin üzr istəyəcəyi günə qədər yaşamağı arzulayıram”. (1989-cu ildə Pekinin Tyananmen meydanında xalq etirazları olub. Hökumət bu mitinqləri dağıtmaq üçün ordudan, tanklardan yararlanıb. Rəsmi hesabata görə 242 adam öldürülüb. Qərb mənbələri 7000 qətldən danışırlar).

Çinli alim hökumətinin üzrxahlığını eşitmədən öldü. Ancaq xatirəsi qəlbimizdə yaşayır. Fikirləşirəm, bizim nə qədər canlı ölü alimciklərimiz vardır, həyatlarını hökumətə yaltaqlanmaqla sürürlər. Hərdən başınızı qaldırıb dünyaya baxın, ey həşəratlar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR