İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsədin qələbəsi Suriyaya baha başa gəldi

1863 10.01.2017 00:30 Yazarlar A A
Suriya prezidenti Bəşər Əsəd hökumət qüvvələrinin “qələbə yolunda” olduğunu deyib. Dəməşqdə Fransanın RTL kanalına müsahibə verən Suriya lideri Hələb qalibiyyətinin mühüm dönüş olduğunu deyib. Ancaq o, hələ savaşın davam edəcəyini bildirib: “Qələbə bütün terrorçuların məhv edildiyi an olacaq”.

Əlbəttə, 6 ildən sonra Suriya məsələsində bir dönüş qeydə alınıb, ən azı hökumət artıq əsas şəhərlərdə nəzarəti ələ alıb. Bu ayın sonlarında Qazaxıstanın Astana şəhərində Suriya ilə bağlı sülh danışıqları başlayır. Rusiya, Türkiyə və İranın BMT-nin Cenevrə prosesi çərçivəsində Suriya danışıqları prosesini davam etdirəcəklər. Və bu prosesə indi böyük ümidlər var. Hər halda pozitiv düşünmək üçün indi əsas yaranıb. Ziyanın yarısından isə qayıtmaq hər zaman gec deyil. 

Amma bu “qələbə”dən daha çox məğlubiyyət, viran olmaqdır. Bəşər Əsədin geri almaq istədiyi və ya alacağı Suriya böyük bir xarabalıqdır. BMT-nin məlumatına görə, Suriyada 5 ildir davam edən müharibə 259 milyard dollarlıq zərər vurub. BMT Qərbi Asiya İqtisadi və Siyasi Komissiyasının hazırladığı hesabatda ümumilikdə “ərəb baharı”nın maliyyətinin 600 milyard dollar olduğu qeyd edilir. Eyni zamanda bu rəqəm bütün bölgə ölkələrinin Ümumdaxili məhsulunun 6 faizi qədərdir. Bölgədə iqtisadi artım isə 1 faiz səviyyəsində qalıb.

Büsbütün xaraba qalmış bir bölgə və onun içərisində 6 ildir davam edən müharibənin yerlə bir etdiyi Suriya var. Suriya müharibəsi 16 mini uşaqlar olmaqla 250 min insan itkisinə və 2 milyon yaralı, şikəst insan arxada qoydu. Bundan başqa 4 milyon suriyalı ölkə xaricinə qaçdı, ölkə daxilində isə əhalinin 45 faizinin evindən didərgin düşdü. Müharibədən əvvəl 23 milyondan çox əhalisi olan Suriyada əhalinin sayı 20 faizə qədər azalıb. 

23 milyon əhalisi olan Suriyada dünyanın müxtəlif ölkələrindən gələn on minlərlə terrorçu, macəraçı, radikal islamçı yerli radikallarla birləşərək Bəşər Əsədin devrilməsi üçün savaşıblar. Ancaq 2014-cü ilin əvvəlində məlum olub ki, Əsədə qarşı savaşanlar nəinki birgə deyillər, üstəlik öz aralarında ciddi ixtilaf və düşmənçilik var. Məhz 2014-cü ilin yanvarında Əsəd müxaliflərinin öz aralarında başlatdıqları savaş nəticəsində minlərlə insan öldü və nəticədə Suriyanın şimal-qərbində böyük ərazi dünyanın bəlasına çevrilən İŞİD-in nəzarəti altına düşdü. Bununla da Suriya ikinci Əfqanıstan taleyi yaşadı. Məhz bu amil daha əvvəl diktator olaraq birmənalı olaraq üzərindən xətt çəkilən Bəşər Əsədə dəstəyi artırdı. İlk dəfə məhz bu vaxt məlum oldu ki, artıq bəzi Avropa və ərəb ölkələri də gizli şəkildə Bəşər Əsədlə müzakirələr aparır. 

Məhz bundan sonra Rusiya Suriyaya ordu göndərdi və bununla da savaşın taleyi ciddi şəkildə dəyişdi. Hazırda ümumi bölgüyə əsasən Suriyada 4 əsas silahlı güc mərkəzi var: Hökumət (B.Əsəd) ölkə razısının 25-30 faizinə nəzarət edir, əhalinin böyük hissəsinin yaşadığı bölgəyə nəzarət edir, şimal-qərbdə 30 faizə yaxın ərazilərə İŞİD nəzarət edir, şimalda isə 25 faizə yaxın əraziyə isə Suriya Demokratik Qüvvələri adlı koalisiyada birləşmiş, ancaq əsas qüvvəsini kürdlər təşkil edən qruplaşma, nəhayət şimal (İdlib və ətrafı) və eləcə də cənubda və mərkəzdə dağınız qalda olan müxalif qruplaşmalar isə 20 faizə yaxın bölgəyə nəzarət edir. Hətta indiki vəziyyətdə belə ölkənin parçalanmış durumu vahimə yaradır. 

Bəşər Əsəd Suriyanı, amma xaraba qalmış, Əfqanıstandan pis dağılmış bir ölkəni geriyə alır, ya da almaqdadır. 


Kənan Rövşənoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR