İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağça uşaqları daha safdır

4265 29.07.2016 07:35 Yazarlar A A
“Mən gəzərəm ayıq-ayıq,
Dəryalarda olur qayıq,
Bülbülləri şaha layıq,
Gülü gərək yol əhlinin".

(Xətai)

Sentyabrda, bildiyiniz kimi, bizdə referendum olacaq, konstitusiya dəyişdiriləcək. “Bildiyiniz kimi” sözlərini zarafat üçün yazdım, sizin də mənim kimi konstitusiya ilə qətiyyən maraqlanmadığınızı bilirəm. Əslində konstitusiya yox idi, səhər açılmırdı? Heç bizə lazım da deyil. Onsuz lap yaxşı yaşayırdıq. Konstitusiya Amerikaya-zada yaraşır. Bizimki kişi sözüdür. Filankəs kişi kimi dedisə, vəssalam, sözünü yerinə yetirəcək. Bu haqda qədim yunan səyyahı makedoniyalı Puşkinin məşhur sözü vardır, deyir əgər Qafqaza yolun düşsə, gürcülərə inanma, ermənilərə heç inanma, lap notariusda təsdiqlənmiş arayış gətirsə də inanma, ancaq bir azərbaycanlı qabağına çıxsa, hoppan min belinə, səni hara istəsən aparsın... Səhv yazdım, üzürlü sayın, qədim yunanların mətbuat şurasının sədri Platon deyib ki, azərbaycanlılar kişi sözü verdisə, başqa heç bir kağız lazım deyil. 

Nə isə, mövzudan uzaqlaşmayaq, yoxsa referendum keçirilər heç xəbərimiz olmaz. Həmin referendumda baxılacaq (ora-bura baxma, bizdən söhbət gedir, biz səs verib qəbul edəcəyik Allah heç qoymasa, Məzahir Pənahovun xəbəri də olmayacaq) məsələdən biri də prezidentliyə namizədin yaş həddidir. Hazırda bu, 35 yaş olmalıdır, indi istəyirlər bunu endirib ya 18 eləsinlər, ya da 14. Bəlkə də 9 olacaq. Ya da 7. Dəqiq bilmirəm. Ancaq 14 söhbətinə çox inanıram, çünki dünən YAP liderlərindən biri, baş nazirin müavini Əli Əhmədov deyib ki, Şah İsmayıl Xətai prezident olanda 14 yaşı var idi. Sitat: “Ondan başqa makedoniyalı İsgəndər, Napoleon da uşaq vaxtlarından dövlət başına keçərək analoqu olmayan işlər görüblər, Ümumi Daxili Məhsulun artımına nail olublar”. 
Doğrudan da İsgəndər Afina-Pelopennes-Kappadokiya-Makedoniya yolunun 20 kilometrlik hissəsinin yenidən qurulması, Napoleon isə Borodino çölündəki təpələrin alınması uğrunda çoxlu işlər görübdür. Ancaq şəxsən mənə qaranlıq qaldı, Əli müəllim 14 yaş deyəndə konkret kimi nəzərdə tutur, növbəti liderimiz hansı 14 yaşlı gənc olacaqdır. Bunu bir az açıq demək lazımdır. Camaat işini bilsin, o qədər yaltaq var, növbəyə durublar, lakin çıxışı “anamız-bacımız”la başlasınlar, yoxsa “atam-qardaşım”la - hələ müəyyən eləməyə çətinlik çəkirlər. Qəfil elan olunanda kim qabağa düşə-düşə. Bu isə ədalətli yarış prinsiplərini pozur. Yaltaqlara şərait yaratmalıyıq, repressiyaya məruz qoymaq düzgün deyil, əks halda sabah bir qrup İTV-AZTV işçisi də Almaniyadan sığınacaq alacaqdır, indiyə qədər çox gördük belə halları...

Əli müəllimin Xətainin 14 yaşını arqument gətirməyində bir balaca tarixi yanlışlıq da var, yazım biləsiniz. Məsələ ondadır ki, Xətainin yaşadığı 16-cı əsrdə orta insan ömrü indikindən fərqli idi. İndi 70-80 ildirsə, o vaxtlar 30-33 idi. Elə Şah İsmayıl özü cəmi 36 il yaşayıb. Yəni, müqayisə eləsək o dövrün 14 yaşı indiki təxminən 80 yaş kimi bir şey olur və bu minvalla Artur Rasizadənin tam ixtiyarı var Səfəvilər dövlətini bərpa edib bizim şahımız olsun. 

Hələ onu demirəm ki, Xətai ənənələrini dövlətçiliyimizdə bərpa etsək gərək Türkiyə ilə davaya başlayaq, Çaldıran döyüşü təzədən olsun. Bu isə Ərdoğanla isti münasibətlərimizə heç yaraşmır, təzə-təzə Qafqaz Universitetini bağlamışıq, imkan verin oturaq yerimizdə. 

Referendumda milli Bonapartımız tapılsa, Müqəddəs Yelena adasını tapmaq çətinlik törətməyəcək. Bu, yaxşı, sərfəli variantdır. Nargin adasından istifadə edərik. 
Günlərimizi, həyatımızı belə maraqlı etdiyi üçün, hər dəfə nəsə orijinal tarixi oyunlar oynadığı üçün hökumətə dərindən minnətdarıq. Vallah, qıraqdan durub baxsan çox maraqlı yerdir. Bir az içində yaşamaq ağır gəlir, ona da dözmək lazımdır, bizim Qarabağ dərdimiz var.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR