İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan möcüzəsi... olacaqmı?

1369 05.01.2017 22:02 Yazarlar A A

Müstəqil iqtisadçılar artıq 2017-ci illə bağlı müəyyən iqtisadi proqnozlar veriblər. O sırada milli valyutamız olan manatı nələrin gözlədiyini  təxmini rəqəmlərlə ifadə ediblər. Hər kəsə dəxli olan bu proqnozlarda təəssüf ki, ürəkaçan bir şey yoxdur. Onların hamısının mərkəzində isə bir imperativ dayanır: Azərbaycan təcili şəkildə köklü iqtisadi islahatlara getməlidir ki, vəziyyət daha da ağırlaşmasın. Nümunə, model kimi isə tez-tez qonşu Gürcüstan örnəyi göstərilir.

Bu da məntiqlidir. Çünki Azərbaycanla Gürcüstan eyni – sovet şinelindən çıxsa da, son illər qonşu ölkə iqtisadi islahatlar sahəsində xeyli qabağa gedə bilib. Bircə fakt: Gürcüstan Milli Turizm Agentliyinin direktoru Georgi Çoqavadzenin verdiyi açıqlamaya görə, 2016-cı ilin 3 rübü ərzində Gürcüstan beynəlxalq turizmdən 1.7 milyard dollar gəlir götürüb. Onun sözlərinə görə, bütövlükdə 2016 üçün yekun rəqəm 2 milyard (!!) dolları keçəcək. 
Azərbaycandan həm ərazicə, həm də əhali sayına görə xeyli balaca olan, qiymətli mineral sərvətlərdən məhrum kiçik bir ölkə üçün bu, şübhəsiz, böyük rəqəmdir. Faktiki surətdə büdcənin 25% deməkdir. 2 milyard dollarlıq gəlir – Gürcüstanın özəl sektorunun inkişafı, burada on minlərlə yeni iş yeri, minlərlə ailənin qazanc mənbəyi deməkdir. 

Müqayisə üçün qeyd edək ki, gələn il Azərbaycanın hərbi xərcləri cəmi 1 milyard dollar nəzərdə tutulub. Deməli, biz təkcə turizmi inkişaf edirməklə hərbi büdcəmizi də sanballı həcmdə artırmaq imkanları qazana bilərik. Məgər həmin çaydan, dənizdən, subtropik iqlimdən, mənzərəli yerlərdən, istisudan bizdə yoxdu ki? Əlbəttə, var.  

Sual da elə budur ki, gürcülər nəyin sayəsində belə yüksək göstəriciyə nail ola biliblər və az qala, qardaş Türkiyə ilə rəqabət apara biləcək səviyyəyə qalxıblar? Şəksiz ki, ilk növbədə ölkəni beynəlxalq turistlər üçün cazibədar etmək hesabına. Bəs cazibədarlıq nədədir? Ölkənin azad olmasında, qiymətlərin münasibliyi və xidmətlərin yüksək səviyyəsində, o sırada nəqliyyat xərclərinin minimallığında. 

Buna isə ölkədə tariflərin əsassız yüksək olmasını şərtləndirən korrupsiya sistemini aradan qaldırmadan, iqtisadi-biznes azadlığını təmin etmədən, bütövlükdə insana dəyər vermədən nail olmaq mümkünsüzdür. 

Gürcüstan artıq sübut edib: ya turizm sektorunun inkişafı, ya da korrupsiya. Bunların ikisi bir yerdə olmayacaq! Müqayisə üçün daha bir örnək rəqəm: bu yaxınlarda BMT-nin Beynəlxalq Əmək Təşkilat ölkələr üzrə orta aylıq gəlirlərlə bağlı hesabat yaymışdı. Orada Gürcüstan 430 dollar göstərici ilə 55, Azərbaycan isə 303 dollarla sonuncu yerlərdən birində qərar tutmuşdu. Yəni, yenə məhz iki ölkədə hökm sürən fərqli iqtisadi sistemlər sayəsində...
*****     
Neft erasının, “Neft bumu”nun bitmək üzrə olduğu bir vaxtda turizm sferası Azərbaycan üçün strateji önəm daşıyır. Çünki biz Ermənistanla müharibə vəziyyətindəyik və hərbi qüdrətimizi durmadan artırmalı, düşmənin hərbi balans yaratmasına imkan verməməliyik. Bunun üçünsə maliyyə qaynaqlarımız güclü və rəngarəng olmalı, varlı-imkanlı ölkə olmalıyıq. Onlardan biri də turizm sektoru ola bilər.     

Gürcü turizminin uğurunun daha bir səbəbi: qonşu Azərbaycandakı başgicəlləndərici qiymətlər, lakin keyfiyyətin yüksək olmaması fonunda Gürcüstan turizmi bir az da öz cəlbedici görünür. Yəni, bizdəki yanlış turizm siyasəti faktiki surətdə qonşu ölkənin büdcəsinin xeyrinə işləyir, orada əlavə iş yerlərinin açılmasına rəvac verir. Bu iş yerləri – özü də etibarlı və daimi – Azərbaycanda da açıla bilər, yetər ki, hökumət nəhayət, üzünü öz xalqına və onun problemlərinə çevirsin...

Bəzən Gürcüstandakı iqtisadi möcüzədən danışır. Əslində isə möcüzə-filan yox. Gürcülər təzədən velosiped kəşf etməyiblər, sadəcə olaraq, “velosipedi” götürüb də istifadə edirlər. Azərbaycanda isə hələ də velosipedi təzədən ixtira eləmək, hansısa özünəməxsus “Azərbaycan yolu” axtarıb tapmaq, Azərbaycan möcüzəsi yaratmaq haqda baş sındırırlar. 
Amma möcüzə olmayacaq. Möcüzələr dövrü bitib. Olsa-olsa, qiymətli zaman itkisi olacaq. 2017 bu xüsusda ölkə üçün son şansdır. Bu şans dəyərləndirilməzsə, o zaman hamı bilsin ki, zərər yeri doldurulmaz şəkildə böyük ola bilər.   
            
  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR