İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətin ehsan islahatları - təhlil

8688 24.08.2014 01:08 Yazarlar A A

Mətbuatda yas mərasimlərinə qadağa qoyulması xəbəri yayıldığı günün (ilk xəbəri elə özümüz yazmışdıq – K.R) axşamı idi. Kənddən bir yaxın qohumla danışdıq. Telefonda səsi həyəcanlı idi: “Xəbərin var, başçı (rayonda hamı İH başçısına sadəcə başçı deyir – K.R.) mollaları yığıb tapşırıq verib ki, bundan sonra Tərtər, Bərdə və Goranboyda yas yerlərində sadə süfrə olacaq, ehsan, yəni yemək verilməyəcək”, dedi.  

Telefonda hiss etdim ki, məndən haradasa dəstək gözləyir. Ona qadağanın respublika üzrə verildiyini, bütün rayonlara aid ediləcəyini dedim. Doğru addım olduğunu əlavə edəndə, hiss etdim ki, təəccübləndi; həm də narazı qaldı: “bəs bu camaat daha ehsan verməyəcək?”, deyə açıqca sordu da. Ardınca da “axı bu xalqın hüququna müdaxilədir” dedi. İzah etməyə çalışdım ki, hətta qanunsuz, hüququ əsas olmasa belə, belə bir qərar doğrudur. Qane olmadı. O cür də  sağollaşdıq. 

İnsanları alışdıqları, həyatlarının bir hissəsinə çevrilmiş adətlərdən ayırmaq çətindir. İlk əvvəl hər kəs etiraz edir, hətta batil, doğru olmayan adət olsa belə, vərdiş etdiklərindən imtina asan olmur. Amma elə şeylər var ki, onlardan imtina qaçılmazdır, hətta vacibdir. 

İslam dini gələndə ərəblər adət etdikləri, “bablarının dinlərindən” imtina edə bilmədilər. Halbuki bir çoxları yeni gələn dinin əsl Allah kəlamı olduğunu bilirdi. Ancaq vərdiş edilən, adətə çevrilmiş işlərdən imtina asan baş vermir. Bu mənada sosial şəbəkələrdə, iştirak etdiyim müzakirələrdə də hökumətin mərasim qadağası, bahalı yas məclislərinin ləğv edilməsi ilə bağlı məcburi göstərişinə münasibətin birmənalı olmaması, etiraz edənlərin, qarşı çıxanların və bunun üçün bir çox hallarda haqlı iradlar bildirənlərin fikirlərini haradasa anlayışla qarşılamağa çalışdım.

Bu məsələdə ən müsbət məqamlardan biri də ruhanilərin mövqeyi oldu. Qərarla bağlı mediaya açıqlama verən yerli müsəlman ruhanilər birmənalı olaraq israfçı məclislərin keçirilməsinə qarşı olduqlarını, qərarı dəstəklədiklərini bildirdilər. Beləliklə, Azərbaycanda uzun illərdir az qala ictimai bəlaya çevrilmiş israfçı yas mərasimlərinə son qoyulur. Özü də birbaşa dövlətin müdaxiləsi ilə. Məlum olduğu kimi, artıq hökumət yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri “adətini” ləğv etməyə qərar verib. 

Bu qərar etiraz doğura bilər, məcburi olması hüquqi baxımından qanunsuz ola bilər. Əlbəttə, ortaya çoxsaylı sui-istifadə halları da çıxacaq. Amma bütün bunların fonunda belə bu addım müsbət bir qərar olaraq görünür. Çünki hər iki mənada, həm dini, həm də ictimai və sosial hadisə olaraq hazırkı yas mərasimlərinin heç bir izahı yoxdur və hər iki cəhətdən qəbul olunmur. 

Əvvəlcə dinin mövqeyindən baxaq. İslama görə dünyadan köçən insan üçün edilməsi vacib olan əməllər dünyadan köçənin yuyulub qüsl verilməsi, kəfənlənməsi və meyit namazı qılındıqdan sonra dəfn olunmasıdır. Bu işlər vacibdir, hətta bəzi hallarda müsəlmanlara bu işləri yerinə yetirmək üçün digər vacib işləri kənara qoymaları təkid olunub. Hazırda yas mərasimlərinin əsas atributlarına çevrilmiş ehsan məclisləri, 3-7-40-cümə günləri və sair İslamda dünyadan köçən insanlar üçün nəzərdə tutulan qaydalar deyil. Ərəbcədə yaxşılıq, xeyirxahlıq mənasını verən ehsan sözü isə susuz yolçuya bir su verməkdən tutmuş, yol çəkdirmək, məktəb tikdirməyə qədər -  geniş bir anlamı əhatə edir. Bir qayda olaraq müsəlmanlar dünyadan köçənləri üçün adətlərə uyğun olaraq Quran oxuyur, dində buyurulduğu kimi, o dünyada ruhuna rahatlıq, savab gətirəcək xeyir işlərdən görür. Hətta bəzi İslam alimlərinə görə belə yas evinə qonşu müsəlmanların yemək gətirməsi, ev sahibinin evində yemək bişirilməsi ilk günlərdə məsləhət görülmür. 

Bu məsələnin daha bir mühüm tərəfi isə israfla bağlıdır. Müsəlmanlar üçün israf ən böyük günahlar sırasındadır. Çünki Quran buyurur ki, Allah israf edənləri sevməz: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (Əraf surəsi, 31-ci ayə). Bu mənada tarix boyu israf müsəlmanlar üçün qırmızı xətt olub. Azərbaycandakı ehsan məclisləri isə birbaşa Quranın israf etməyin göstərişi ilə daban-dabana ziddir. Bundan başqa hədislərdə zamanla itib getməsi tövsiyə olunmuş qəbirlərə bahalı baş daşları qoyulması, qəbir yerlərinin satılması və sair kimi bahalı və dinlə əlaqəsi olmayan əməllər artıqdır, dini baxımdan nəinki ilkin məqsəd olan savab qazanmağa xidmət etmir, bəlkə də əks təsir yaradır. 

Bu məsələnin sosial tərəfi isə yas və ya ehsan məclislərinin Azərbaycan vətəndaşının maddi durumuna böyük təsir göstərdiyi ilə bağlıdır. Yuxarıda İslam alimlərinin ilk günlərdə yası düşən ev sahiblərinə yeməyin də kənardan gətirilməsini hökmünü yazdıq. Bu addımın həm də sosial mənası var, hüzrlü insanları daha çox əziyyətə və xərcə salmamaq. Azərbaycan adətləri isə bunun əksidir və sosial vəziyyətindən asılı olmayaraq, hər kəsi maddi olaraq xərcə salır. 

Bu siyahını daha da uzatmaq olar. Ancaq istənilən halda, mahiyyət hər kəsə aydındır. Və nəhayət, qərarın məcburi olaraq hökumət tərəfindən tətbiq olunmasına gəlincə, təcrübə göstərdi ki, bu məsələdə Azərbaycan insanları media, cəmiyyət və yerli orqanların çağırışlarını qəbul etmədi. Artıq 10 ildən artıqdır ki, bu mövzu aktualdır, ancaq sadalanan heç bir çağırış və ya təbliğat nəticə vermədi. Yeganə yol qaldı -  məcbur etdirmə. Əlbəttə, etiraz edənlər, ənənəvi olaraq qadağadan yayınmaq istəyən, yeni qaydaların - əslində mənə görə, bu qadağa deyil, bir islahatdır – işləməməsi üçün çalışanlar olacaq. Amma ümid edək ki, yeni qaydalar cəmiyyətin ehsan adətlərini dəyişmək üçün yetərli olacaq.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR