İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalqlar arasında əbədi müharibə və münaqişə olmur

928 15.12.2023 09:03 Media A A

Ermənilərlə birgə yaşayış reallaşmağa doğru gedərkən diqqət edilməli vacib məqamlar 

Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün fürsət yaranıb. “Ermənistan Azərbaycanla danışıqlar prosesində müəyyən ardıcıllığı təmin etməyə çalışır və Qərb platformalarında əldə edilmiş əvvəlki prosesləri nəzərə alaraq, danışıqların bu formatlar çərçivəsində davam etdirilməsinin təmin edilməsinə üstünlük verir”.

Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyanın deputatı, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan danışıb. Onun sözlərinə görə, əvvəllər xarici işlər nazirləri səviyyəsində bir neçə görüş keçirilib, iki ölkə liderləri də Brüsseldə bir neçə dəfə görüşüblər və orada fundamental məsələlər razılaşdırılıb. “Sülh müqaviləsi layihəsinin, eləcə də fundamental məsələlərin müzakirəsi əvvəlki dövrdə aparılıb. Ona görə də Ermənistan burada səmərəliliyin olduğunu düşünür. Danışıqları davam etdirmək və sıfır nöqtəsinə qayıtmamaq çox vacibdir”, - deyə Xandanyan bildirib.

Dekabrın 13-də isə Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub. Əsir hərbçilərimiz artıq vətəndədir.

İranda isə hələ sağlam baxış hakim deyil"-açıqlama

Azər Hüseynov

Siyasi şərhçi, AG Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, heç bir xalq arasında müharibələr və münaqişələr əbədi olmur: “Sadəcə, ara-sıra tarixin arxivindən geri dönürlər. Bunun da daxili və xarici səbəbləri olur. Bu zaman tarixi yaddaşı və ideoloji hazırlıqları olan xalqlar qəfil ovlanmırlar. Bizimlə ermənilərin arasında münaqişələrin tarixi Qafqaza Rusiya tərəfindən erməni əhalisinin köçürülməsi ilə başlayır. Erməniləri Rusiya Qafqaza gətirdi ki, burada Osmanlı və Qacar dövləti ilə Qafqazın türk-müsəlman arası arasında bufer rolunu oyansınlar. Eyni zamanda Rusiyanın Qafqazda möhkəmlənməsi üçün köməkçi olsunlar. Ermənilər bunu da elədi, amma həm də arada hamiləri olan Rusiya İmperiyası onların xətrinə dəyəndə üsyan və iğtişaş da elədilər. 1904-1905-ci illərdə ermənilər Rusiya administrasiyasının xeyli məmurunu qətlə yetirdilər. Maraqlısı odur ki, Rusiya bunları bağışladı. Çünki ermənilər xristian idi. Həm də Peterburq, sonra isə Moskva onları hələ istifadə edəcəkdi. Ortada bir sovet dönəmi oldu. Ermənilər bizə qarşı nifrətlərini diri tutdular. Biz isə onların bizə etdiklərini, 1905-1906-cı illər, 1918-20-ci illər, 1948-53-cü illər soyqırımı və deportasiyalarını demək olar ki, unutduq. Ayrı-ayrı dissidentlər xaric. 1991-ci ildə Ermənistan bizim torpaqlarımızın işğalına başladı. Müəyyən xarici və daxili səbəblərdən 1991-1993-cü illər ərzində Ermənistan bizim torpaqlarımızı işğal edə bildi. Bu, qəhrəman Azərbaycan əsgər və zabitlərinin məğlubiyyəti deyildi. Bu, zamanın siyasi problemlərinin təzahürü idi. 1993-cü ildə təcrübəli dövlət xadimi mərhum Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə planlı və emosiyalardan uzaq bir dövlət quruculuğu başladı. Ölkədə siyasi sabitlik təmin edildi. İqtisadi siyasətin təməlləri qoyuldu. Neft ixracı başladı və dövlətimizin resursları artmağa başladı. Heydər Əliyev rasional xarici siyasət yürütməklə xarici təhlükələri açıq aqressiv formatdan çıxartdı. Bəzi düşmənlərimiz dostumuza çevrildi və ya ən azından dost kimi görünməyə məcbur oldular. Dövlət və hərbi quruculuq gücləndi. Ən önəmli məsələ odur ki, Azərbaycan diplomatiyası Ermənistanı həmişə danışıqlar müstəvisində məğlub elədi”.

Siyasi şərhçi əlavə edib ki, ermənilər dünyada dəstəklərinə baxmayaraq (dünyada qlobal lobbi dəstəyi olan çox az sayda millətlərdəndirlər) işğalı hüquqiləşdirə bilmədilər: “Hətta Ermənistan belə separat xuntanı tanıya bilmədi. Daha sonra 2003-cü ildən Azərbaycan inkişafının yeni mərhələsinə daxil oldu. 2013-cü ildə ilk on hakimiyyət ilində Azərbaycanın dövlət başçısı İlham Əliyev keçid dövrünü bitirdi. Azərbaycan regional, regionlararası və qlobal proseslərin əsas oyunçusu oldu. Məhz 2014-cü ildən Ermənistan və separat güruh Azərbaycanın gücünü hiss elədi. 2014-cü il avqust döyüşlərində Azərbaycan Ordusu 47 işğalçını məhv elədi. 2016-cı ilin aprel döyüşləri də Azərbaycan Ordusunun növbəti uğuru idi. Artıq Ermənistanın hakimiyyət mətbəxində bilirdilər ki, məğlubiyyət yaxındır. Azərbaycanla Türkiyənin, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qardaşlıq münasibətləri neoimperializmə qarşı yeni bir cəbhənin yaranmasına səbəb oldu. Bu cəbhə məlum regional və qlobal oyunçuların mənfi müdaxilələrini önlədi. Və Azərbaycan 44 günlük bir igidlik dastanı və 2023-cü il antiterror əməliyyatına imza atdı. Dünyada antiterror əməliyyatı iddiasında olan çox dövlət var. Ancaq onların etdiklərinin nəticəsində minlərlə dinc insan dünyasını dəyişir. Azərbaycan Ordusu dinc sakinlərin burnunu qanatmadan ərazi bütövlüyünü bərpa etdi və dünyaya göstərdi ki, maksimal olaraq necə ehtiyatlı davranmaq olar”.

Yazını hazırladı: Afaq MİRAYİQ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR