İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xalq vətənpərvərlik imtahanını verib”

9257 01.09.2022 08:57 KİVDF layihələri A A

Hikmət Babaoğlu: “Azərbaycan gəncliyi milli bütövlük uğrunda mübarizə marafonumuzu qələbə ilə başa çatdıracaq”

“Milli özünüdərk və milli şüur milli kimliyi təyin edən əsas komponentlərdir. Şübhəsiz ki, bu, milli dil vasitəsilə tamamlanmaqla milli bütövlüyü yaradır. Yəni bu üç mühüm göstərici  millət olmanın əsas əlamətləridir”. Bu fikirləri “Yeni Müsavat”a millət vəkili Hikmət Babaoğlu bildirib.

Onun fikrincə, digər çoxsaylı faktorlar, məsələn, coğrafiya, siyasi təşkilatlanma, dil və onun statusu, vahid dövlətə mənsub olmağın yaratdığı hüquqi status, vətəndaş cəmiyyəti və institutları kimi məsələlər isə artıq cəmiyyətin inkişaf və təşkilatlanma göstəriciləri kimi səciyyələndirilir: “Ancaq son sadaladığımız göstəricilərin heç biri əsla yardımçı, yaxud formal göstərici hesab edilə bilməz. Ona görə ki, milli birliyi və məqsədləri ümumi mənafe kontekstində məhz bu faktorlar formalaşdırır. Burada isə artıq mənəvi komponentlərdən  danışmaq zərurəti yaranır ki, onların ən vacib tərkib hissələrindən  biri  də vətənpərvərlik hissidir. Yəni milli vətənpərvərlik  hissi əslində sosial-mənəvi seqment  funksiyasını yerinə yetirir, milləti vahid maraqlar və məqsədlər ətrafında birləşdirir. Ancaq bunlardan daha ümdə bir funksiya da yerinə yetirir ki, o da milli ənənə və bütövlüyü qoruma funksiyasıdır. Ona görə də tarixin müxtəlif mərhələlərindən keçən ən müxtəlif xalqlar inkişafının müəyyən mərhələsində vətənpərvərlik imtahanı verməli olur. Əgər milli ruhda vətənpərvərlik hissi yüksək səviyyədədirsə, bu imtahan uğurlu alınır və  inkişafın növbəti mərhələsi başlayır. Biz Azərbaycan xalqı  olaraq ən yeni tariximizin  son 30 ilində  tarix qarşısında məhz belə bir imtahan verməli olduq. Tanrıya şükürlər olsun ki, bu imtahanı uğurla verə bildik və hazırda böyük təntənə  ilə milli intibahımızın  növbəti mərhələsinə qədəm qoyuruq. Bu prosesdəki uğurumuzu şərtləndirən əsas mənəvi komponentlərdən biri kimi gənclərimizin vətənpərvər olması faktoru çıxış etdi. Ona görə də Ali Baş Komandan İlham Əliyev zəfərlə nəticələnən Vətən müharibəmizin nəticələrini təhlil edərkən vətənpərvərlik məsələsinin üstündə ayrıca dayanaraq bildirdi ki, torpaqlarımızı azad edən hərbi kontingentimizin, Azərbaycan Ordusunun şəxsi heyətinin vətənpərvərlik hisslərinin güclü olması qələbəmizdə təyinedici faktorlardan biri oldu.

Bu təsbit və bu cür əsaslandırma təsadüfi deyildi. Çünki milli vətənpərvərlik ruhu bir gündə deyil, illər ərzində, hətta onilliklər ərzində formalaşan mənəvi keyfiyyətdir. Bunun üçün ailədən başlayaraq ictimai institutlara qədər, dövlətin müvafiq funksional qurumlarından tutmuş vətəndaş cəmiyyəti təşkilatlanmalarına  qədər böyük bir ordu total şəkildə cəmiyyətə  vətənpərvərliyi təlqin və təbliğ etməlidir. Biz buna nail olmuşuq. Bu,çox böyük uğurumuzdur. Azərbaycan Prezidenti tarixi qələbəmizin müəllifləri kimi müzəffər ordumuzun mənsublarını, şəhid və qazilərimizi göstərir və qeyd edir ki, bu vətənpərvər gənclik məhz onun hakimiyyəti illərində vətənpərvərlik məktəbi keçərək yetişən gənclikdir. Milli Ordumuzun bizə qələbə bəxş edən şəxsi heyətinin yaş həddini təhlil etdikdə aydın olur ki, bu doğrudan da belədir. Eyni zamanda dini hisslər də mühüm və qadirdir. Milli və dini hissləri idarə etməklə istənilən fərdi məqsəd və vəzifə üçün səfərbər etmək olar. Azərbaycan  cəmiyyətinin sosial-ictimai münasibətlərinin keyfiyyətini təyin edən əsas faktorlardan biri də  yüksək milli mənəviyyat və vətənpərvərlik olduğu üçün biz tarixi zəfər əldə edə bildik.Deməli, milli hisslərimiz canlı və həssas, vətənpərvərliyimiz isə yüksək səviyyədədədir. Vətənpərvərlik Azərbaycan gəncliyinin hazırkı mənəviyyatının  keyfiyyət göstəricisi hesab edilə bilər”.

Millət vəkili həmçinin qeyd etdi ki, Vətən müharibəsində qazanılan tarixi qələbə hazırkı  mərhələdə yeni çağırışlar və vəzifələr müəyyənləşdirib: "Bu çağırış və vəzifələrin əksəriyyəti məhz Azərbaycan gəncliyinə aiddir. Yəni yeni milli intibahımızın və yeni qələbələrimizin memarı, ideyavericiləri və icraçıları onlar olacaqlar. Bu məqsəd və vəzifələrin nədən ibarət olmasına gəlincə isə tarixin indiki pəncərəsində dönüb son iki yüz illik keçmişimizə baxmalıyıq, nələri, necə itirdiyimizi xatırlamalıyıq və itirdiklərimizi qaytarmağın yollarını tapmalıyıq. Son 30 ildə itirdiklərimizi qaytarmağı necə bacardıqsa, son 200 ildə itirdiklərimizi də qaytarmağı bacarmalıyıq. Təcrübə göstərdi ki, bu mümkündür. Əminəm ki, Azərbaycan gəncliyi milli bütövlük uğrunda mübarizə marafonumuzu qələbə ilə başa çatdıracaq".

Nigar HƏSƏNLİ,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR