İnsanlara hürriyət, millətlərə istiqlal!

Vikipediyada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı nə baş verir? - VİDEO, FOTOLAR

1560 21.06.2018 16:53 Ölkə A A

MEK Vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrinə həsr olunmuş tədbir keçirib.

Musavat.com-un məlumatına görə, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vikipediyada mövzulu ay layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrini əks etdirən tədbir keçirib. Tədbirdə Mərkəzi Elmi Kitabxananın ölkəmizin informasiya təhlükəsizliyinə və Azərbaycan həqiqətlərinin təbliğinə töhfəsi olaraq MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vikipediyada gördüyü işlərin yekun nəticəsi təqdim olunub.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə AXC qurucularının xatirəsi sayğı duruşu ilə yad edilib. Tədbiri açan AMEA vitse-prezidenti, millət vəkili akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxananın Vikipediya istiqamətində metodik mərkəz rolundan, onun AMEA institutlarını, digər elm müəssisələrini, ayrı-ayrı könüllüləri koordinasiya edən sistemli fəaliyyətindən danışıb.

“Cümhuriyyət reallıqlarının öyrənilməsi, təbliğ edilməsi dövlətçiliyimizin qədrinin bilinməsidir ki, onun da mərkəzindən Azərbaycançılıq, millilik, vətənpərvərlik keçir” - deyən akademik MEK Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

İ.Həbibbəyli Azərbaycanı istəməyən qüvvələrin və informasiya müharibəsinin mövcud olduğu indiki zamanda “elektron kitabxana” adlandırdığı Vikipediyanın bir güc mərkəzi kimi formalaşdırılmasının vacibliyini vurğulayıb. “Vikipediyanın könüllüləri bütün Azərbaycan xalqıdır, lakin gənclərimizin üzərinə daha böyük yük düşür” - deyə bildirən akademik Vikipediyadakı irəliləyişləri, MEK-in bu sahəyə təəssübkeş, maarifçi, peşəkar mövqeyini xüsusi qeyd edib, əldə edilən nəticəyə görə MEK əməkdaşlarına və digər könüllülərə təşəkkürünü bildirərək, müsabiqə təşkilatçılarını və iştirakçıları təbrik edib.

MEK direktoru Leyla İmanova MEK-in ölkəmizin informasiya təhlükəsizliyi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində ardıcıl fəaliyyətindən, MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin “AXC-100” mövzusuna verdiyi töhfədən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş digər işlərdən danışıb. “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri ilə bağlı bütün müsabiqə qaliblərini təbrik edən L.İmanova MEK-in bu fəaliyyəti peşəkarlıqla koordinasiya etdiyini bildirib və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinə könüllü xidmətə, səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Vikipediyada əks olunmuş ölkə əhəmiyyətli informasiyaların, eləcə də AXC irsinə aid MEK fondlarındakı zəruri sənədlərin rəqəmsallaşdırılaraq elektron kataloqda qeyd olunduğunu və Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirildiyini bildirən L.İmanova bununla bağlı ADA Universiteti, Naxçıvanda Hüseyn Cavid muzeyi, İstanbulda Kazım Qarabəkir Paşanın ev muzeyi ilə birgə görülən işləri, o cümlədən, yaxın günlərdə soydaşımız tərəfindən MEK-ə təqdim edilmiş “AXC-Mühacir sənədlər” blokunu qeyd edib. Daha bir yenilik olaraq L.İmanova Mərkəzi Elmi Kitabxananın Azərbaycan milli irsinin öyrənilməsinə dair UNESCO işçi qrupuna üzv qəbul edildiyini, həmçinin kitabxananın elektron kataloqunun formatı və quruluşunun UNESCO işçi qrupunun ilkin reyestrləri üçün əsas kimi qəbul edildiyini diqqətə çatdırıb.

Sonra AXC-nin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət və istiqlalımız haqqında fikirlərini öz nitqində təqdim edən video-çarx göstərilib. MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Eltürk qeyd edib ki, mövzu ilə bağlı MEK Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən 500-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub. MEK Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova “2018-ci il Cümhuriyyət ili” çərçivəsində MEK Sərbəst elektron resuslarla iş şöbəsinin fəaliyyətini təqdim edib. G.Məmmədova bildirib ki, mövzu çərçivəsində ümumi 546 məqalə yaradılıb, onun 457-si Azərbaycanca Vikipediyada, 89-u isə Xaricidilli Vikipediyada işlənilib. Azərbaycan Xalq Cümhuriyyəti ordusuna, generallarına, nazirlərinə, təşkilatlarına və digər sahələrə həsr olunan bu məqalələr “Şəms” Tərcümə Xidmətləri Mərkəzi ilə əməkdaşlıq çərçivəsində xarici dillərə tərcümə olunaraq Xaricidilli Vikipediyada da yerləşdirilib.

Təqdimatın ardından Vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri ilə bağlı müsabiqənin qalibləri elan olunub. I, II, III yerlərə müvafiq olaraq MEK Sərbəst elektron resurslar şöbəsinin əməkdaşları Qulamhüseyn Məmmədov, Rəcəb Həsənbəyov və AMEA Coğrafiya İnstitutunun əməkdaşı Həlimə Əhmədzadə layiq görülüblər. Qaliblərə MEK tərəfindən fərqlənmə diplomu və Azərbaycan tarixinə, mədəniyyətinə aid qiymətli kitablar təqdim edilib. Vikipediya sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə MEK Sərbəst elektron resurslar şöbəsinin müdiri Elnur Eltürk, Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova, şöbənin digər əməkdaşları Gülarə Səbzəliyeva, Suğra Məmmədova, Jalə Babazadə, Nuray Tanrıverdiyeva, Səbinə Abizadə, MEK Milli Rəqəmsal Yaddaş şöbəsinin müdiri Renat Cəfərov, Azərbaycanca Vikipediyanın idarəçisi Tərxan Paşazadə, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, digər Vikipediya könüllüləri jurnalist Rey Kərimoğlu, Səfa Mövsümov, Ayxan Zayedzadeh, Ələddin Məlikov, Məhəmməd Məlikov, səmərəli əməkdaşlığa görə “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin direktoru Nəsimi Həsənov, mərkəzin əməkdaşları Şərqiyyə İbrahimova, Zəfər Abdullayev, Anar Kərimov və Kaspi Təhsil Mərkəzindən Tural Abbasquliyev MEK tərəfindən xüsusi təşəkkürnamə ilə təltif ediliblər. Bütün mükafatçılara MEK Mübadilə fondundan dəyərli kitablar hədiyyə olunub.

“Şəms” Tərcümə Xidmətləri Mərkəzinin direktoru Nəsimi Həsənov, Azərbaycanca Vikipediyanın idarəçisi Tərxan Paşazadə, Vikipediyada qrup rəhbəri, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərov, Qarabağ qazisi və əlili, Prezident təqaüdçüsü jurnalist Rey Kərimoğlu çıxış edərək informasiya müharibəsinin aktual olduğu indiki dönəmdə bu işlərin ərsəyə gəlməsini yüksək qiymətləndirib, əlaqəli fəaliyyətin daha peşəkar və səmərəli şəkildə davamı üçün bundan sonra da səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar. Tədbirin sonunda geniş müzakirə aparılıb, ümumi rəyə əsasən Vikipediyada yaradılan məqalələrdə Azərbaycanın milli maraqlarının qorunması, tarixi həqiqətlərinin düzgün, obyektiv çatdırılması üçün “Azərbaycançılıq”a söykənən vahid konsepsiyadan çıxış edilməsi dövrün zəruri tələbi kimi qəbul edilib.

Məlumat üçün bildirək ki, AXC irsinə aid olan bütün sənədlər MEK-in elektron kataloqunda qeyd olunaraq və rəqəmsallaşdırılaraq 2017-ci ilin dekabr ayından MEK-in keçirdiyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib. Layihənin məqsədi Azərbaycanın mədəni-tarixi irsinə aid olan sənədlərin (kitablar, jurnallar, qəzetlər, markalar, audio-videoyazılar) toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi, məlumat bazasına yerləşdirilməsi, müasir internet və digər elektron xidmətləri istifadəçilərinə təqdim edilməsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR