İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaşinqton Post”un “görmədiyi” həqiqətlər: Gizli həbsxanalar, dəhşətli işgəncələr…

2152 23.01.2019 14:55 Gündəm A A

Tanınmış jurnalist Nicat Dağlar şəxsi bloqunda “Vaşinqton Post”un “görmədiyi” həqiqətlər: Gizli həbsxanalar, dəhşətli işgəncələr… sərlövhəli yazı dərc edib. 

Musavat.com onun məqaləsini təqdim edir:

 

-  “Vaşinqton Post” yenə Azərbaycandan yazıb… Özü də Prezident İlham Əliyevin gənc blogger Mehman Hüseynovun “sizin mərhəmətinizə sığınıram” məzmunlu müraciəti əsasında Baş Prokurorluğa tövsiyə verdiyi gün. Üstəlik yenə “aclıq aksiyası” və hansısa mücərrəd siyahıdakı 128 “siyasi məhbusdan” bəhs ediblər.

Bunun adı bilirsiniz nədir? Mən deyim: Prosesin “arzuolunmaz” yön almasından dolayı yaranmış məyusluq. Bunlar həbsxanadan, iraq olsun, tabut çıxacağını gözləyirdilər, amma dövlət başçısına müraciət çıxdı. Bu gün-sabah da müraciət müəllifinin özü çıxacaq.

***

Ödənişli əsaslarla istənilən uydurmaya yer ayırmağa hazır olan “Vaşinqton Post”, daha doğrusu bu qəzet vasitəsilə Azərbaycana qarşı kampaniya aparan dairələrin narahatlığını baş düşmək olar. Plan baş tutmadı – İlham Əliyev cəmi bir gedişlə bütün əks kombinasiyaları alt-üst elədi! Məyusluq üçün ciddi əsasdır. Bir məsələdən qısa müddət kəsiyində bir neçə dəfə bəhs edib, hər dəfə də eyni tezislər və eyni mənbədən istifadə etməklə xüsusi maraq güddüyünə şübhə yeri qoymayan “Vaşinqton Post”, Mehman Hüseynovun “Kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini istəmirəm” cümləsi üzərində “baş məqalə” hazırlayası deyildi ki…

***

Elə bilirsiz Mehmanın qardaşı Emin Hüseynov Vaşinqtona təkcə mətbuat konfransı keçirməyə getmişdi? Yoxsa Vaşinqtonda məskunlaşmış Sevinc Osmanqızının ancaq veriliş aparmaq kimi balaca işlə məşğul olduğunu düşünürsüz?.. Əziz oxucu, məsələ çox dərindir . O qədər dərin ki, dibinə düşənlər üçün xilas kəndiri nəzərdə tutulmayıb. Nəyin bahasına olursa olsun, öhdəlik yerinə yetirilməlidir. Bura məsələn, hakimiyyətə qarşı faktiki olaraq cəbhə açmış, insanları küçələrə çıxmağa çağırmaq kimi media prinsiplərinə yaxından-uzaqdan dəxli olmayan fəaliyyət nümunələrinə meyilli mənbənin – Meydan.Tv-nin materiallarını “Vaşinqton Post”a ötürmək də daxildir. Misal üçün, Mehmanın Prezidentə müraciət etdiyi gün “Vaşinqton Post”da dərc olunmuş materialda Sevinc Osmanqızı ilə Emin Hüseynovun dəsti-xətti aydın görünür…

***

“Vaşinqton Post”un yazdıqları heç bir halda Ağ Ev-in Azərbaycana münasibətinin göstəricisi kimi şərh oluna bilməz. Bu qəzetin hansı məhzəbə qulluq etməsindən ötən yazımızda ətraflı bəhs etmişik. Tanış olmayanlar bu keçiddən istifadə edə bilərlər: (https://nicatdaglar.wordpress.com/2019/01/13/yararsiz-adamlarin-q%C9%99zeti-v%C9%99-ya-sad%C9%99c%C9%99-alcaqliq-t%C9%99skilati/).

Nəhəng kommersiya qurumuna məxsus olan “Vaşinqton Post” “adının çəkilməsini istəməyən mənbələr”ə istinadla o qədər yalan tirajlayıb ki, bundan hətta Donald Tramp da xirtdəyə yığılıb. Ağ Ev-in hazırkı sahibi ötən il öz Twitter hesabında açıq şəkildə yazmışdı: “Vaşinqton Post” öz məqalələrində mütəmadi olaraq anonim mənbələrə istinad edir. Halbu ki, heç bir mənbə yoxdur. Bu qəzet həqiqi adamlara çox nadir hallarda istinad edir. Çünki onlara lazım olan ancaq neqativ ruhda danışanlardır. Belələrini isə tez-tez tapa bilmirlər. Bu qəzet jurnalistikanın adını biabır edir“.

ABŞ prezidenti bu paylaşımından az sonra “Nyu York Tayms”ı da tənqid hədəfinə gətirdi. Bu qəzeti də dəqiqləşdirilməmiş və uydurulmuş xəbərlər yaymaqda ittiham edən Tramp, maraqlı proqnozu ilə diqqət çəkdi: “Vaşinqton Post” da “Nyu York Tayms” da 7 ildən sonra müflis olub sıradan çıxacaqlar. Bu qəzetlər mövcud olmayan mənbələrə istinad etməklə insanlarda ikrah yaradırlar. Getdikcə onların yazdığı heç kəsə maraqlı olmayacaq və nəticədə tamamilə müflisləşəcəklər”.

Bunda başqa, dünya ictimaiyyəti Trampın dilindən, “Bu qəzetlər Amerika xalqının düşmənləridir” kimi fikirlər də eşidib. Amerikanın digər ünlü siyasi xadimləri də adıçəkilən qəzetləri intriqaçılığa meyillilikdə və yalnız mənsub olduqları biznes şəbəkələrinin maraqlarını təbliğ etməkdə qinayıblar. Odur ki, kimsə əziyyət çəkib “Vaşinqton Post”un yazdıqlarını, “Tramp adminstrasiyasının rəsmi Bakıya ultimatumu” şəklində camaata sırımasın. Həmin o adminstrasiyadakılar “Vaşinqton Post”un sosial şəbəkələrdəki hesablarının bağlanacağı günü gözləyən adamlardır...

***

“Vaşinqton Post”un son dövrlər “siyasi məhbus” mövzusuna tez-tez müraciət etməsinin arxasında da şübhəsiz ki, başqa maraqlar dayanır. Yoxsa Azərbaycanda kimin içəridə, kimin çöldə olması “Vaşinqton Post”un sahibi, bütün dünyaya “nosqiderjatel” kimi xırda-xuruş ixrac etməkə milyardlar qazanmış Ceff Bezosun nəyinə lazımdır? Bu mövzuda şübhəsiz ki, başqa çəkici elementlər var. Məsələn, deyək ki, anti-Azərbaycan kampaniyası çərçivəsində xərclənən vəsaitlərlərin bir hissəsi də “Vaşinqton Post”a yönləndirilir. İnternet alverçisinin gəlir əldə etməkdən başqa nə marağı ola bilər ki? Yox, əgər “siyasi məhbus” mövzusu Amazon ailəsi üçün doğrudan da maraqlıdırsa, onda rəngarənglik üçün elə ABŞ-dakı “kiçik Quantanamolar”dan da xəbərlər hazırlaya bilərlər. Bəlkə də çoxlarına təəcüblü gələcək, ancaq fakt odur ki, bu gün ABŞ-da siyasi motivlərlə həbs olunmuş şəxslərin saxlanıldığı gizli təcridxanalar var. İkisinin yerini dəqiq göstərə bilərik: Terri-Xotda (İndiana ştatı) və Merionda (İllinoys ştatı). Haradan bilirik? TED Fondunun redaktoru Uil Potterin (Will Potter) “The Real News Network”a (www.therealnews.com) verdiyi müsahibələrindən. Məhz Potter müxtəlif vasitələrdən istifadə edərək, “Kommunikasiya idarəetməsi bloku” (Communications Management Units) adlanan həmin o gizli təcridxanalardan birinə daxil ola bilib. Onun sözlərinə görə, gizli təcridxanalarda insan haqlarının kobud şəkildə pozulması halları yaşanır. Lakin heç kəsin əli ora çatmır. Çünki bu işgəncə əraziləri vətəndaşların üzünə bağlıdır – nə xəbər ötürmək, nə də xəbər almaq mümkündür.

Potterin müsahibəsini oxuduqca “Demokratiya quşxanasında” siyasi azadlıqlar sahəsinin hansı vəziyyətdə olması barədə aydın təsəvvürlər yaranır. Yeri gəlmişkən, ABŞ-da fəaliyyət göstərən Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı da (American Civil Liberties Union – ACLU (www.aclu.org) belə gizli həbsxanaların mövcudluğunu insan haqlarına zidd hesab edir.

Ümumiyyətlə, ABŞ-ın hüqquq müdafiə təşkilatlarının hesabatlarına görə, bu ölkədə 100-ə yaxın siyasi məhbus var. Məsələn, bunu “National Jericho Movement” də (www.thejerichomovement.com) iddia edir, “Alliance for Global Justice” də (www. afgj.org). Bu hüquq müdafiə təşkilatı və qruplarının sənədlərində fərqli rəqəmlər göstərilsə də, nəticə etibarı ilə hamısı siyasi məhbusların varlığından narahatlıq ifadə edirlər. Ən dəhşətlisi isə odur ki, ittihamsız-hökmsüz işgəncələr altında illərdir cəza çəkən insanlar var. Onların sayını müəyyənləşdirmək mümkün deyil.

Odur ki, “Vaşinqton Post” bir dəfə ölkə daxilinə “göz gəzdirsə” daha maraqlı faktlar aşkar edə bilər. Hansı tərəfə diqqət yetirilsə, o tərəfdə “Amnesty International” və “Human Rights Watchq” kimi əl kontorlarının yazmadığı qorxulu həqiqətlər görünəcək…

Nicat DAĞLAR

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR