İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq İncəsənət Festivalı başa çatıb FOTO

548 13.11.2023 13:59 Mədəniyyət A A

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.

Musavat.com xəbər verir ki, noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın yekunlarına dair brifinq keçirilib.

Əvvəlcə festivalla bağlı videoçarx nümayiş etdirilib.

Açılış nitqi söyləyən Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova festival haqqında məlumat verib. Qeyd edib ki, 22 nominasiyada, 18 fərdi, 4 kollektiv olmaqla 6-9, 10-13 və 14-17 yaş qrupları üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşib.

Festival çərçivəsində həmçinin mayın 5-də Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olunub. Ağalı kənd tam orta məktəbində keçirilən tədbirdə Zəngilan rayonunda qeydiyyatda olan 20 uşaq xanəndəlik sənəti, Azərbaycan xalq çalğı alətləri ifaçılığı (tar), piano ifaçılığı və bədii qiraət nominasiyaları üzrə çıxış ediblər.

İyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs nominasiyaları üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 uşaq üçün yay düşərgəsi təşkil edilib.

26-27 avqust tarixlərində Laçın Şəhəri Günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi keçirilib. Düşərgədə festivalın finalına vəsiqə qazanan 60-a yaxın uşaq iştirak edib.

Heydər Əliyev Mərkəzinin əməkdaşı, UİF-nin layihə rəhbəri Əli Nuriyev bildirib ki, festivalın məqsədi ölkəmizin hər bir regionunda istedadlı uşaq və gəncləri üzə çıxarmaq idi: "Bu festival göstərdi ki, bizim kifayət qədər istedadlı uşaqlarımız var. Festivalda yer tutmayan uşaqlar məyus olmasınlar. Çünki onların hər biri bizim üçün qalibdirlər".

Elm və Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev layihənin əhəmiyyətindən söz açıb. Layihənin davamlı olacağına ümidvar olduğunu bildirən şöbə müdiri festivalın təşkilatçılarına təşəkkür edib.

Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi Strateji inkişaf sektorunun müdiri Elgün Əliyev vurğulayıb ki, mədəni, sosial və təhsil layihəsi olan festival böyük kütləni əhatə edib. Təkcə festivalın birinci mərhələsində ölkəmizdə olan 122 mədəniyyət müəssisəsində tədbir təşkil olunub. Əksər bölgələrimizdə festivalla bağlı məlumat günləri keçirilib. Festival istedadlarını nümayiş etdirmək üçün uğurlu platforma oldu".

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR