İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq döyməyi kimlər ideologiyalaşdırır?

9916 08.09.2022 08:40 KİVDF layihələri A A

Müəllim(ə) və tərbiyəçiləri psixoloji testdən keçirmədən uşaqların yanına buraxmaq olmaz

Son günlər yenə də gündəmdə uşaqların döyülməsi mövzusudur. Bir neçə gün öncə paytaxtın Nizami rayonunda yerləşən “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqların işgəncəyə məruz qalması ölkədə ciddi rezonans doğurub. Hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli istintaqa cəlb olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb. Məlum olaydan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hərəkətə keçib.

Dövlət Komitəsi mərkəzdə baş vermiş xoşagəlməz hadisənin digər müəssisələrdə təkrarlanmaması üçün ciddi addımlar atmağa hazırlaşır.  Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçaları, körpələr evi və reabilitasiya müəssisələrində monitorinqlərin aparılması üçün Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Müvafiq şəkildə icazələr təmin edildiyi halda komitə monitorinqlərə başlayacaq.

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilir - Video

Bəs bu hadisədən hansı nəticəni çıxarmalıyıq? Sözügedən reabilitasiya mərkəzində uşaq döyənlər öncə saxlanılıb, sonra isə ev dustaqlığına buraxılıb. Bu, situasiyaya adekvatdırmı?

2.5 milyon uşaq döyülür - səbəb?

Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur. Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Bir çox valideynlərin inadla “uşaqların özləri zorakılığın yaranmasına səbəb olur” deməsinə baxmayaraq, qanun bütün hallarda valideyni məsuliyyət qarşısına çəkir. Və nəticə etibarilə bu gün döyülən uşaq sabah döyən valideyn, bacı və qardaş olur. Şiddət domino effekti ilə yayılır.

Hansı ölkələrdə uşağı döymək qadağandır?

Məsələn, Polşada uşaqların döyülərək tərbiyə edilməsi qadağan edilib. Ölkədə “Ailədə zorakılığa qarşı mübarizə haqqında" qanuna yeni əlavələr qüvvəyə minib. Yeni əlavələr uşaqlara işgəncələrin verilməsini, habelə uşaqların mənəvi cəhətdən alçaldılmasını yasaqlayır. Bu norma pozulduğu halda polisin iştirakı ilə sosial xidmət əməkdaşları uşaqları ailədən ala və məhkəmələr 24 saat ərzində qəddar valideynləri bu hüquqlarından məhrum edə bilər.

Bakıda DƏHŞƏT: Ata azyaşlı övladına işgəncə verib, arvadını qaynar su ilə  yandırıb

Yeni əlavələrin müzakirəsi zamanı bir çox valideynlər bildiriblər ki, onlar uşaqların döyülmədən tərbiyə edilməsini təsəvvür edə bilmirlər. Bu iddianı rədd edən sosial xidmət əməkdaşları bildirirlər ki, uşaqların düzgün tərbiyəsi üçün onlara da böyüklər kimi hörmət qoyulmalıdır.

Bu ölkənin bəzi ştatlarında uşaq döymək olarmış...

İnsan Haqları İzləmə Təşkilatı (HRW) və Amerikan Mədəni Azadlıqlar Birliyinin hazırladığı bir sənədə görə, bundan öncəki təhsil ilində ölkədəki dövlət məktəblərində 200 mindən artıq şagird fiziki şiddətlə cəzalandırılıb. “Şiddət əks etdirən təhsil: Amerika dövlət məkəblərində uşaqların fiziki şiddətlə cəzalandırılması” başlıqlı sənədə görə, ildə mindən artıq uşağın şiddətə məruz qaldığı 13 ştatda Afrika-Amerika kökənli qız tələbələr ağdərili yaşıdlarına görə iki dəfə artıq şiddətə məruz qalır.

HRW araşdırmaçılarıTexas və Missisipi ştatlarında 3-19 yaşlarındakı uşaqların saqqız çeynəmək, müəllimə cavab qaytarmaq və ya geyim qaydalarını tapdamaq kimi səbəblərlə şiddətlə cəzalandırıldığını ortaya qoyub. Fiziki cəzalandırma, xüsusən də müəllim və ya sinif rəhbərinin taxta bir xətkeşlə uşağın yançağına vurması 21 ştatda qanunidir. Sənəddə qeyd olunub ki, bu hal bir çox uşağın yaralanmasına, özünü təhqir olunmuş hiss etməsinə və məktəbdən uzaqlaşmasına yol açır.

Cənub ştatlarında uşaqların fərqli sahələrində intizamsızlıq etməsi ilə bağlı bir fakt olmasa da, qaradərililər ağlardan 1.4 dəfə, qaradərili qız uşaqları da 2.1 dəfə daha artıq cəzalandırılır. Zehni və ya fiziki məhdudiyyəti olan uşaqlar da mütəmadi olaraq cəzalandırılır.

Hər iki təşkilat Amerika hökumətində bütün dövlət məktəblərində fiziki cəzalandırmanın qadağan olunmasını, ştat üsullarına, məktəb rəhbərliyinə və müəllimlərə də bu mövzu ilə bağlı çağırış etməsini istəyib. Amerikanın Texas ştatında üç məktəb pis davranan şagirdlərə kötək cəzası gətirməyə hazırlanır. Texasda 4 ilə 18 yaş arasında ibtidai, orta məktəb və lisey tələbələrinin getdiyi Üç Nəhrlər Məktəb Bölgəsi qaydalara riayət etməyən şagirdləri intizama salmaq onlara fiziki cəza vermə qərarı aldı. Bir uşaq, sinifdə qaydalara riayət etməmək və ya müəllimin sözünü dinləməmək kimi hər bir pis davranışında bir dəfə kötəyə məruz qalacaq. Valideynlər uşaqlarını məktəbə yazdıranda, onlardan kötək cəzasına razılıqlarının olub-olmadığı soruşulacaq. Təkcə valideynləri razılıq verən uşaqlara şiddət tətbiq oluna biləcək.

Sumqayıtda ata ögey qızına işgəncə verdi -

Amerikada 2016-cı ildə aparılan bir araşdırmanın ardınca məktəbə gedən 110 min amerikalı tələbənin hər il müəllimləri tərəfindən fiziki şiddətə məruz qaldığı ortaya çıxınca təhsil naziri Jon Kinq rəhbərlərinə yazdığı məktubda, məktəblərdə kötək cəzasının tamamən qadağan olunmasını istəmişdi. Jon Kinq kötək atmanın tələbələr üçün çox təhlükəli və zərərli olduğunu, belə bir sistemin dövlət məktəblərində əsla yer olmadığını bildirib. Amerikada hələ də 15 ştatda kötək cəzasına icazə verildiyi halda, 7 ştatda nə qadağan olunub, nə də icazə verilir.

Ölkəmizdə ən çox yeniyetmələr döyülür?

Azərbaycanda isə məktəbdə uşaqların hüquqları “Uşaq Hüququ Konvensiyası” və “Təhsil haqqında” Qanunda öz əksini tapıb. Savadlı valideynlər əslində bu hüquqlarının məktəb kollektivi tərəfindən qorunmasını tələb etməyi bacarmalıdırlar. Azərbaycanda isə bu məsələyə ictimai qınaq olduqca aşağı səviyyədədir. Qanuna əsasən, qeyri-hökumət təşkilatları təhsil strukturuna daxildir. Amma valideynlər həmin qeyri-hökumət təşkilatlarının məktəbdə hər hansı bir monitorinq aparması, hər hansı bir məsələnin izlənilməsinə yardımçı olmurlar, əksinə, maneə yaradırlar.

Ailədə döyülən uşaqlar gələcəkdə ailə başçısı olanda öz uşaqlarına eyni münasibəti göstərirlər. Belə ki, bu günün uşağını döymək sabahın döyən valideynini yetişdirməkdir: “Fiziki zorakılığa məruz qalan uşaqların gələcəkdə həyatlarında çox böyük problemlər olur. Onlar aqressivləşir, başqası ilə yüksək tonla danışır, kobudluq göstərir, təhqiramiz fikirlər işlədirlər. Uşaq vaxtı gördükləri təzyiqlər gələcəkdə onlar üçün travmasız ötüşmür. Valideyn başa düşməlidir ki, uşaq onun əşyası deyil. Onun borcu övladını yüksək səviyyədə tərbiyə etmək və cəmiyyətə çıxarmaqdır”.

Azərbaycan ailələrində ən çox problem uşağın yeniyetməlik dövründə yaşanır. Belə ki, müasir dövr, internet həm uşaqlarda, həm də valideynlərdə aqressiya yaradır.

Ekspertlər hesab edirlər ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Yəni valideynlər "öz uşağımdır, özüm bilərəm necə rəftar edirəm" fikrindən birdəfəlik əl çəkməlidir. Cəmiyyətin digər sferalarında isə mərhəmət üçün yalnız yazılı qanunların qəbulu gözlənməməlidir.

Sevinc TELMANQIZI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR