İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitetlərin sayı azaldılsın, ya yox?

2324 05.10.2018 10:10 Təhsil A A

Ekspertlər say məsələsində problem görmür, amma....

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır: “Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə, diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”.

Kamran Əsədov: “Universitetlərin sayı ilə yox, keyfiyyəti ilə bağlı problem var”

Təhsil eksperti Kamran Əsədov bizə açıqlamasında qeyd edib ki, Azərbaycanda təhsilli vətəndaşlar ümumi vətəndaşların 17 faizini təşkil edir: “Universitetlərin sayının çox olmasında problem yoxdur. Problem onların paytaxtda yerləşməsi ilə bağlıdır. Universitetlər regionlara köçürülməlidir. Ali məktəblər çox olsa da, keyfiyyətli təhsil verə bilmirlər. Problem kəmiyyətdə yox, keyfiyyətdədir. Bu gün Azərbaycanda universitetlər məzunlar buraxırlar. Amma onların keyfiyyəti ilə bağlı problemlər var. Müəllimlərimiz hələ də 20-ci əsrin 80-90-cı illərindədir, öz üzərində işləmir, yeniliklərə açıq deyil, müasir texnologiyanı tətbiq etməyib. Bundan başqa, onlar keyfiyyətli təhsil vermədiyinə görə də dünya reytinqində yer almayıblar. Azərbaycan universitetlərinə xaricdən gəlmirlər. Türkiyənin 168 universitetinə 850 min nəfər xarici tələbə oxumağa gəlir. Sinqapurda bu rəqəm 80 min xarici tələbədir. Amerikaya gələn tələbələrin sayı isə 10 milyon nəfərdir”.

Müsahibimiz dedi ki, universitetlərin səviyyəsi orada oxuyan xarici tələbələrin sayı ilə müəyyən edilir. Ekspert müqayisə xarakterli bəzi rəqəmləri də təqdim etdi. Onun dediyinə görə, Azərbaycandan Gürcüstana ali təhsil almaq üçün gedən tələbələrin sayı 2500, Gürcüstandan Azərbaycana gələn tələbələrin sayı isə 14 nəfərdir. Təkcə Türkiyədə oxuyan azərbaycanlı tələbələrin sayı 15 min nəfər olduğu halda, Türkiyədən ali təhsil üçün Azərbaycana gələnlər 340 nəfərdən artıq deyir. K.Əsədov bildirdi ki, universitetlərin sayı ilə bağlı hər hansı problem yoxdur. Müsahibimizin fikrincə, bu gün ölkədə iş problemi yox, keyfiyyətli işçi problemi var: “Universitetlərin sayı çoxalsa, kadrlar da çoxalacaq. Həm də təhsil təkcə diplom deyil ki. Təhsil həm də mədəniyyətdir, səviyyədir, əxlaqdır”.

Ali məktəblər birləşdirilsin - bu təklif daha çox yayılıb

Zaman-zaman Azərbaycanda ali təhsil müəssisələrinin birləşdirilməsi ilə bağlı təkliflər səsləndirilir. Amma ekspertlər bunun mənfi nəticələrinin ola biləcəyini deyir. Son zamanlar dövlət və qeyri-dövlət təşkilatlarının birləşdirilməsi maliyyə problemi ilə izah olunur.

Bir neçə il öncə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. 

Həmçinin Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib. Rabitə və Nəqliyyat Kolleci Texniki Universitetin nəzdinə, Maliyyə İqtisad Kolleci isə Dövlət İqtisad Universitetinin nəzdinə verildi.

 Ekspertlər bildirir ki, xarici dövlətlərdə xüsusilə Avropada ali təhsil müəssisələri arasında rəqabət olduğu üçün demək olar ki, bu təcrübə həyata keçirilmir. Xarici universitetlərdə bir-birini təkrarlayan ixtisaslar var. Amma həmin universitetlər daha savadlı kadr yetişdirmək üçün rəqabətə girirlər. Həmçinin Azərbaycandan fərqli olaraq Türkiyədə universitetlər texniki, təbiət, humanitar elmlər üzrə ixtisaslaşıb. Bundan başqa Oksford, Kembric və digər universitetlərdə Nobel mükafatı laureatı müəllimlərin çalışması ilə reytinqlərdə birinciliyi əldə edirlər.

Baş nazirin müavini əksini təklif edir: “Özəl məktəblər artırılmalıdır”

“Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar”. Bunu isə bir neçə ay bundan öncə baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin hesabat tədbirində deyib. Onun sözlərinə görə, Azərbaycanda təhsil iqtisadiyyatın inkişafına, dövlətin iqtisadi gücünün artmasına kömək etməlidir: “Bunlara necə nail olunmalıdır? Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir. Dövlətin təhsilə olan diqqət və qayğısının artmasına ehtiyac var. Dövlətin qarşısına qoyduğu əsas məsələ də təhsilin inkişaf etdirilməsidir”.

Ə.Əhmədov bildirib ki, diaqnostik qiymətləndirilmə nəticəsində müəllimlərin maaşı artıb: “Maaşın artırılması müəllimlərin nüfuzunun artmasına təsir edir. Təhsilin cəmiyyət üçün dəyər kimi nüfuzunun artırılması vacibdir”.

Onun sözlərinə görə, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib: “Yuxarı təhsil səviyyələrinin də əlçatanlılığının artırılmasına ehtiyac var. Azərbaycan əhalisinin 1,3 faizi tələbədir”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda universitetlərə sərbəstliyin verilməsi sahəsində cəsarətli addımlar atılmalıdır.

Ə.Əhmədovun sözlərinə görə, son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir: “Azərbaycanda dərin islahatlar həyata keçirilir - iqtisadiyyatdan tutmuş digər sahələrə kimi. Biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır”.

750-ci yerdəki Xəzər Universiteti, ya 801-1000-ci yerdəki BDU?

Böyük Britaniyanın “Quacquarelli Symonds” şirkəti 2018-ci il üçün dünya universitetlərinin reytinqini açıqlayıb. Azərbaycandan bura iki universitet düşüb. Xəzər Universiteti 701-750-ci, Bakı Dövlət Universiteti isə 801-1000-ci yerləri bölüşdürür..

Bakı Dövlət Universiteti ötən illə müqayisədə 100 pillə geriləyib, Xəzər Universiteti isə yerini qoruya bilib. Ermənistanla Gürcüstan siyahıda yer ala bilməyib. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı AzadlıqRadiosuna müsahibəsində deyib ki, bu yeri özləri üçün uğur sayır. Rektor reytinqi tərtib edənlərin seçim meyarları haqda bunları deyir: “Məsələn, onlar necə edirlər. Akademik nüfuza əsaslanırlar. Bu nə deməkdir?! Əvvəlcə sizin yaxşı jurnallarda çap olunan məqalələrin sayına baxırlar. Bir də dünyadakı təhsil üzrə mütəxəssislərə müraciət edirlər ki, universitetləri sıraya düzsün. Daha sonra işəgötürənlərdən soruşurlar ki, siz bu universitetlərdən nə qədər razısız”.

Hamlet İsaxanlının sözlərinə görə, Azərbaycandakı universitetlərin əksəriyyətinin bu siyahıya düşməməsinin əsas səbəblərindən biri ali məktəblərdə elmi nəşrlər üçün yetərli imkanların olmamasıdır. Halbuki onun sözlərinə görə, beynəlxalq reytinq müəyyənləşdirərkən bu amil mühüm sayılır.

Keçək ölkə daxilindəki rəqəmlərə. 2017/2018-ci tədris ilində Azərbaycanın təhsil sistemində 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərib. Həmin ali təhsil müəssisələrində 167677 tələbə ali təhsil alıb. Statistik məlumatlara görə, bu da 2003/2004-cü tədris ili ilə müqayisədə 38,0 faiz artım deməkdir. Dünyada mövcud olan ali məktəblərə gəlincə, hazırda ən çox universiteti olan ölkələrin siyahısına Hindistan başçılıq edir. Belə ki, bu ölkədə 8407 ali məktəb fəaliyyət göstərir. Siyahıda ikinci pillədə ABŞ-dır və bu ölkədə 5758 universitet fəaliyyətdədir.

Ä°lgili resim

Filippində 2060, Argentinada 1705, İspaniyada 1415, Meksikada 1341, Banqladeşdə 1268, İndoneziyada 1236, Yaponiyada 1223, Fransada 1062, Çində 1054, Rusiyada 1108, İranda 343, Cənubi Koreyada 322 universitet fəaliyyət göstərir.

İngiltərədə yüksək ali təhsillə bağlı yayımlanan “Times Higher Education (THE)” jurnalı “Dünyanın ən yaxşı universitetləri” siyahısını tərtib edib. Siyahıda Türkiyədən də beş universitetin adı var.  980 universitetin yer aldığı siyahının başında İngiltərədəki Oksford Universiteti yer alır.  Türkiyədən ilk 300-ə girən tək universitet isə İstanbuldakı Koç Universiteti olub. “Times Higher Education” jurnalı bu siyahını tərtib edərkən ali təhsil müəssisələrinin elmi araşdırmalarını, beynəlxalq fəaliyyət və statuslarını, gəlirlərindəki artımları, eləcə də keçən il siyahıda hansı yeri tutduqlarını nəzərə alır.

Sabancı və Bilkent Universitetləri ilk 400-də yer aldığı halda, Atılım və Boğaziçi Universitetləri də ilk 500-də yer alıb.

İndi isə keçək siyahıya.  Jurnalın siyahısındakı ən yaxşı 20 universitetin adı aşağıdakı kimidir:

Oxford University (İngiltərə)

Cambridge University (İngiltərə)

California Institute of Technology (ABŞ)

Stanford University (ABŞ)

Massachusetts Institute of Technology (ABŞ)

Harvard University (ABŞ)

Princeton University (ABŞ)

Imperial College London (ABŞ)

University of Chicago (ABŞ)

ETH Zurich - Swiss Federal Institute of Technology (İsveçrəe)

University of Pennsylvania (ABŞ)

Yale University (ABŞ)

Johns Hopkins University (ABŞ)

Columbia University (ABŞ)

University of California, Los Angeles (ABŞ)

University College London (İngiltərə)

Duke University (ABŞ)

University of California, Berkeley (ABŞ)

Cornell University (ABŞ)

Northwestern University (ABŞ)

Gördüyünüz kimi, siyahıda Azərbaycan ali məktəblərindən birinin də adı yoxdur. Amma bütün hallarda ekspertlər və rəqəmlər onların sayının azaldılması yox, təhsil keyfiyyətinin artırılması ilə bağlı təkliflər səsləndirirlər. Təkliflərin reallığa çevrilib-çevrilməyəcəyini isə gələcək göstərəcək.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR