İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan gözlədiyimiz dəstəyi niyə ala bilmədik?

10641 21.09.2022 09:20 KİVDF layihələri A A

Bəzi media orqanlarında Azərbaycan əleyhinə  yazılar dərc olundu, qazanc dalınca Bakıya gələcək müğənniləri ölkəmizi təcavüzdə günahlandırdı

Ukraynanın məşhur müğənnisi Tina Karolun (Tatyana Liberman) nəzərdə tutulan Bakı konserti ləğv edilib. Səbəb onun sosial şəbəkədə Ermənistana dəstək paylaşımı etməsi olub. Məlumatda bildirilir ki, sənətçi təcavüzkar rejimi dəstəklədiyinə görə onun 15 noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib. “Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur!”, - deyə yayılan açıqlamada bildirilib.

Bir neçə gün əvvəl isə digər ukraynalı müğənni Maks Barskixin də konsert ləğv edilmişdi. Səbəb isə eyni idi  - ermənilərə dəstək nümayiş etdirmişdi. “İnstagram” səhifəsində Azərbaycan haqqında sərsəm fikirlər səsləndirməsinin ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-na planlaşdırılan Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edildi. Maks Barskixin konsertinə bilet satışını həyata keçirən “iTicket.az” şirkəti məsələyə dərhal reaksiya verərək, bilet satışını dayandırdığını elan etdi. Onu da əlavə edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi nəzərdə tutulan konsertin biletlərin qiyməti 40-230 manat arasında idi.

Qeyd edək ki, ukraynalı müğənnilərin bu cür davranışları Azərbaycan ictimaiyyətində böyük təəssüf doğurub. Hamıya məlumdur ki, Azərbaycan xalqı Ukrayna-Rusiya savaşının hələ ilk günündən Ukraynaya dəstək nümayiş etdirib, həm maddi, həm də mənəvi baxımından onun yanında olub. Bu savaşda Ukrayna tərəfində döyüşən neçə-neçə azərbaycanlı döyüşçü həlak olub, yaralanıb. Bütün bunlara baxmayaraq, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədiləndə Ukrayna və ukraynalılardan gözlədiyimiz dəstəyi ala bilmədik. Bu azmış kimi, Ukraynanın bəzi media orqanlarında Azərbaycan əleyhinə fikirlər səsləndi, qazanc dalınca Bakıya gələcək müğənniləri ölkəmizi təcavüzdə günahlandırdı.

Tural Abbaslı bu tarixdə evlənir • Faktinfo.az

Mövzu ilə bağlı AĞ Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a danışıb: “Bu cür məsələlər Azərbaycanın diaspora və Xarici İşlər Nazirliyinin fəaliyyətinin nəticəsidir. Azərbaycan həmişə separatizmdən əziyyət çəkən xalq kimi hər zaman Ukraynanın yanında olub. Lakin bu gün Bakıda konserti keçirilməsi nəzərdə tutulan Ukraynanın məşhur müğənniləri Azərbaycan əleyhinə davranış nümayiş etdirirlər. Onları Bakıya dəvət edən təşkilat bundan utandımı? Həmin təşkilatçılara səslənirəm ki, onları Bakıya dəvət edib, 3-5 manat pula görə xalqımızı niyə ayağa verirsiniz? Dəvət edəndə bir araşdırın ki, bu müğənni kimdir, onun Azərbaycana münasibəti necədir? Hərə bir MMC açır, kimisi hansısa nazirin və yaxud oliqarxın qohumudur, istədiyini edir, ona görə də belə şeylər baş verir.

O ki qaldı Ermənistanın Azərbaycana qarşı sonuncu təxribatı zamanı Ukraynanın mövqeyinə, sözün düzü, mən heç bir reaksiya da gözləmirdim. Çünki bu qədər dəstəyimizə rəğmən Zelenski bir sıra çıxışlarına Azərbaycan və Türkiyəyə qarşı qınaqları var idi. Həmçinin erməni lobbisinin Ukraynadakı gücü də hər kəsə məlumdur. Onların həm hərbi, həm də siyasi elitalarında kifayət qədər ermənilər təmsil olunur. Bu baxımdan Ukraynanın bu cür mövqeyi mənim üçün sürpriz deyil. Artıq bir ildən çoxdur ki, Qarabağ qazisi Misir Qasımlının həbsdə saxlanılması isə onu bir daha sübut etdi ki, sən demə, bu qədər müharibə olmasına baxmayaraq, Ukraynanın hüquq-mühafizə orqanları, məhkəmə sistemi bir azərbaycanlını həbsdə saxlamaq işləyirlər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, kor-koranə kiməsə fanatlıq etmək olmaz və belə düşünən vətəndaşlarımız bugünkü gündən dərs çıxarmalıdırlar".

Anar Natiqoğlu Diaspor TV-yə müsahibə verib - YouTube

Anar Natiqoğlu 

Odessa azərbaycanlılarının “Birlik” diaspor təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu isə qeyd etdi ki, Ukrayna ilə  Azərbaycan arasında əlaqələrin tarixi kökü var: "Hətta yüz il əvvəl Azərbaycan Cümhuriyyəti qurulanda çox az sayda ölkələrdə nümayəndəliyimiz olub ki, onlardan biri də Kiyevdə olub. O ki qaldı hansısa müğənnilərin, şou-biznes adamlarının mövqelərinə, adlarından da məlumdur ki, onlar bizneslə məşğul olurlar. Əgər onların menecer və yaxud sponsorları başqa millətdən olanda belə şeylər gözlənilən olur.  Ukrayna mətbuatına gəldikdə isə ciddi dövlət, rəsmi orqanlarda hansısa anti-Azərbaycan mövqelərinə rast gəlməmişəm. Amma təbii ki, maliyyə qruplarına, oliqarxlara bağlı olan media strukturları belə yazılar verdilər. Burada erməni millətindən olan keçmiş daxili işlər naziri, həm də oliqarx olan Avakovun dırnaqarası “rolunu” qeyd etmək lazımdır. Onun bu işlərə təsiri olmamış deyil. Lakin ümumilikdə Ukrayna Azərbaycanla strateji tərəfdaşdır, xalqlar dost və qardaşdır. Yüzlərlə azərbaycanlı var ki, Ukrayna uğrunda döyüşür, həlak olur. Biz də diaspora olaraq əlimizdən gələn qədər Ukrayna xalqına, dövlətinə dəstək olmuşuq və bu dəstək bu gün də davam edir. Həmçinin Ukrayna hər zaman Azərbaycanın haqq savaşında yanındadır, onu dəstəkləyir. Təkcə onu xatırladım ki, 90-cı illərdə baş vermiş Qarabağ savaşında bir neçə ukraynalı Azərbaycan uğrunda döyüşüb və həlak olub, onların arasında Milli Qəhrəman olanı da var".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR