İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna Türkiyədən silah istədi, rədd etdik...”

2786 11.03.2023 13:37 Müsahibə A A

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhandan Rusiya mediasına ilginc açıqlamalar

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin (İstanbul) rektoru Çağrı Erhan Rusiyanın lenta.ru saytına geniş müsahibə verib.

Musavat.com müsahibədən bəzi hissələri oxuculara təqdim edir.

- Ukrayna böhranının əvvəlindən Türkiyə kifayət qədər balanslı mövqe tutdu və bu, ona münaqişənin hər iki tərəfinin etibar etdiyi azsaylı ölkələrdən birinə çevrilməyə imkan verdi. Belə bir ssenari varmı ki, Türkiyə Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməyə, məsələn, sanksiyalara qoşulmağa məcbur olacaq?

-Mən belə düşünmürəm. Türkiyə lap əvvəldən Qərb müttəfiqlərinə açıq şəkildə bildirdi ki, biz digər NATO üzvləri kimi deyilik. Bizim həm Rusiya, həm də Ukrayna ilə dəniz sərhədlərimiz və bir çox ticarət, sosial və mədəni əlaqələrimiz var. Türkiyə ilə bu iki ölkə arasında münasibətlərin həcmi digər NATO ölkələri ilə müqayisədə daha çoxdur. Ona görə də biz əvvəldən Qərb müttəfiqlərimizdən xahiş etdik: bizi heç bir sanksiyaya doğru itələməyin, biz Rusiya ilə münasibətlərimizi normal şəkildə davam etdirmək istəyirik. Eyni zamanda, Türkiyə, təbii ki, Montrö bəyannaməsi əsasında dərhal Qara dəniz boğazlarını Rusiya hərbi gəmiləri üçün bağladı. Sonrakı aylar Türkiyənin yanaşmasının doğruluğunu nümayiş etdirdi: təxminən bir il əvvəl biz Rusiya və Ukraynanın xarici işlər nazirlərini Antalyaya toplaya bildik, sonra Türkiyə hərbi əsirlərin mübadiləsində vasitəçi rolunu oynadı.

424460796_0_320_3072_2048_600x0_80_0_0_1fbdb1fa588c6070822c86cff7ef059e.jpg (40 KB)

Nəhayət, bizim əsas uğurumuz taxıl müqaviləsidir, çünki bu, təkcə Rusiya, Ukrayna və ya Türkiyə üçün deyil, həm də Ukrayna və Rusiya taxılının tədarükündən tamamilə asılı olan ən azı 11 Afrika ölkəsi üçün vacib idi. Onlar aclığın astanasında idi. Bu razılaşma Qərb müttəfiqlərimiz tərəfindən bəyənildi və müsbət qarşılandı. Türkiyə bu siyasətini davam etdirəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında apreldə İstanbulda danışıqlar təşkil etmək istəyir. Bunun nəticə verib-verməyəcəyini söyləmək çətindir.

“Bayraktar TB2” dronların Ukraynaya Türkiyə hökuməti deyil, özəl şirkət satır”

- Türkiyə vasitəçiliklə iqtisadi və siyasi baxımdan nə əldə edir?

-Onsuz da Türkiyənin cənubunda və şərqində müharibələr gedir, şimalda da müharibəyə ehtiyacımız yoxdur. Ona görə də Türkiyə Rusiya və Ukraynanın münaqişəyə tez bir zamanda son qoymasını və sülh olmasını istəyir. Hərbi əməliyyatların başlaması ilə Türkiyəyə Rusiya və Ukraynadan mühacir axını axıb və onların sayı hər gün artır. Artıq Suriyadan və regionun digər ölkələrindən çoxlu miqrant və qaçqınlarımız var, bizə hələlik rus və ukraynalı qaçqınlar lazım deyil. Biz münaqişənin onsuz da çətin vəziyyətə düşən Türkiyə iqtisadiyyatına mənfi təsir göstərməsini istəmirik. Ona görə də Türkiyə sülhün tezliklə bərqərar olmasına gətirib çıxaracaq istənilən təşəbbüsü dəstəkləyəcək.

-Siyasi aspektdən danışsaq, sizcə, Türkiyənin münaqişəyə yanaşması onun geosiyasi mövqeyini bir növ Qərbə alternativ edibmi?

-Mən belə düşünmürəm. ABŞ və Böyük Britaniya öz təsir dairələrini yaradırlar və iki şərti blok yaranıb. Fevralın sonunda BMT Baş Assambleyası Ukrayna ilə bağlı daha bir qətnamə qəbul etdi: dünya ölkələrinin demək olar ki, dörddə üçü ya lehinə səs verdi, ya da bitərəf qaldı. Qətnamənin əleyhinə yalnız bir neçə ölkə çıxış etdi. Deməli, Qərb artıq istədiyinə nail olub. Amma eyni zamanda, biz Rusiyaya qarşı sanksiyaların heç bir nəticə vermədiyini görürük. Nə İranda, nə Şimali Koreyada, nə də başqa bir ölkədə sanksiyaların heç bir təsiri olmadı. Ona görə də Qərb Rusiyaya maksimum ziyan vurmaq üçün müharibəni uzatmağa, onun dayanmamasına çalışır. Yəni söhbət Türkiyənin geosiyasi mövqeyinin dəyişməsindən getmir. Biz yalnız Qərblə Rusiya arasındakı bu lazımsız eskalasiyadan uzaqlaşmağa çalışırıq.

owl_wide_1200_4fd2f3c2593bfac6172d0bceb5ccc352.jpg (98 KB)

-ABŞ və Avropa İttifaqında getdikcə daha çox deyilir ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının vaxtı hələ çatmayıb. Türkiyə bu fikirlə razılaşırmı? Hazırda sülh danışıqları üçün hər hansı şərait görürsünüzmü?

-Türkiyə əmindir ki, ilk addım atəşkəs əldə etməkdir. Tam hüquqlu sülh danışıqları bundan sonra başlayacaq, indi onların parametrlərini, gündəliyini müzakirə etməyə ehtiyac yoxdur. Sülhün bağlanmasının təfərrüatlı şəkildə müzakirə olunacağı nazirlər səviyyəsində danışıqlar aparmağa imkan verəcək atəşkəsin bağlanması üzrə danışıqlara başlamaq lazımdır. Amma hazırda belə şərait yaratmadan sülh danışıqları aparmaq mümkün deyil. Təbii ki, tərəflər atəşkəsin bağlanması üçün öz ilkin şərtlərini irəli sürəcəklər. Bu barədə rəsmi məlumatım yoxdur, amma mediadan deyə bilərəm ki, Ukrayna atəşkəs üçün şərt kimi Zaporojye atom elektrik stansiyasının onun və ya ən azı MAQATE-nin nəzarətinə verilməsini istəyir. Rusiyanın bununla razılaşacağına əmin deyiləm. Düşünmürəm ki, Ukraynanın heç bir tələbini təmin etmədən atəşkəslə razılaşmaq mümkün olacaq.

Ukrayna münaqişənin davam etdirilməsində maraqlı olan Qərbin təzyiqi altındadır. Qərb ölkələri Ukraynaya getdikcə daha çox silah göndərir və mənəvi dəstək verir: ABŞ prezidenti Co Bayden Kiyevə getdi, bundan əvvəl isə Zelenskini Ağ Evdə qəbul etmişdi. Ona görə də ukraynalılar hiss edirlər ki, Qərb onları sona qədər dəstəkləyəcək - yaxşı və ya pis, amma reallıq budur.

- Türkiyə bu ilin sonuna qədər atəşkəsin bağlana biləcəyinə inanırmı?

-Bəşəriyyət tarixində minlərlə müharibə olub. Onların hamısı bitib. Bu müharibə də nə vaxtsa bitəcək, amma dəqiq nə vaxt olduğunu bilmirik. Bunun üçün tərəflər bir-birinə doğru bir neçə addım atmalı, qarşılıqlı tələblərin heç olmasa bir hissəsini yerinə yetirməlidirlər. Türkiyə indi bu iki ölkələri bir araya gətirməyə, uzlaşmaya, ortaq məxrəcə gəlmələrinə kömək etməyə çalışır.

- Türkiyənin ABŞ-la münasibətlərində ən ağrılı məsələlərdən biri Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən ən son F-35 qırıcılarının istehsalı proqramından çıxarılmasıdır. Əvəzində Türkiyəyə F-16 təklif olundu, lakin hətta bu addım indi ABŞ Konqresində əngəllənib. Türkiyədə bu necə qarşılanır?

-ABŞ Konqresi Türkiyəni F-35 proqramından tamamilə qeyri-qanuni çıxarıb. Türkiyə alıcı kimi çıxış etməyib, layihənin iştirakçılarından biri olub və ona iki milyard dollardan çox sərmayə qoyub. Ona görə də Amerika hakimiyyətinin bu addımı beynəlxalq ticarət hüququ və beynəlxalq özəl hüquq baxımından tamamilə qanunsuzdur. Biz isə proqrama qayıtmağımızda israrlıyıq. On il Amerikadan “Patriot” hava hücumundan müdafiə sistemlərini satmağı xahiş etdik, amma rədd cavabı aldıq. Bizim hava hücumundan müdafiə sistemimizi o zaman tək qırıcılar təmin edirdi, zenit-raket sistemlərimiz yox idi. Biz S-400 üçün Rusiyaya müraciət etdik, lakin bu, bizim ikinci variantımız idi. Biz hər iki tərəfin razılaşdığı şərtlərlə bazarlıq etdik və Türkiyə bu sistemləri aldı. NATO müqavilələrində Rusiya hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Alyansın bəzi üzvləri S-300-lərlə silahlanıb - Yunanıstan, Macarıstan, bütün Baltikyanı ölkələr, Rumıniya... Yalnız Türkiyə bu cür qərəzli və tamamilə qanunsuz sanksiyalarla üzləşib.

owl_wide_1200_3899d7eb7f39fbd82762ca11953cfb7e.jpg (155 KB)

-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədlə görüşə açıq olduğunu bildirib. Bu dialoqun ilkin şərtləri nədir və Türkiyə nəyə nail olmağa ümid edir?

-On ildən artıqdır ki, Türkiyə və Suriya kəşfiyyatı birbaşa danışıqlar aparır və iki illik hazırlıqdan sonra Türkiyə və Suriyanın müdafiə nazirləri üz-üzə görüşüb, bəzi məsələləri müzakirə ediblər. Türkiyə prezidenti dünya çempionatının açılışında Qətərdə olarkən ondan prezident Əsədlə görüşməyə hazır olub-olmadığını soruşublar. Cavab verdi ki, niyə də olmasın? Türkiyə Ermənistan, İsrail, İran və Yunanıstan da daxil olmaqla bütün qonşuları ilə münasibətlərin normallaşdırılması prosesinə başlayıb. Suriya ilə ən uzun sərhədimiz var, ortaq çağırışlarımız və ikitərəfli problemlərimiz var. Ona görə də prezidentlərimizin görüşü qaçılmazdır.

Amma çox təəssüf ki, zəlzələ baş verdi ki, bundan hər iki ölkəmiz zərər çəkdi. Hər iki liderin indi fərqli prioritetləri var: Türkiyə prezidenti hər həftə vaxtının ən azı yarısını zəlzələ bölgəsində keçirir. Mən əmin deyiləm ki, hər iki prezidentin qrafiki belə bir görüşün keçirilməsinə imkan verir.

-Türkiyə xüsusilə Suriyanın şimalında kürd qüvvələrinə qarşı sərhədyanı əməliyyatları ilə bağlı güzəştə getməyə hazırdırmı?

-PKK-nın bölgədəki fəaliyyəti Türkiyə üçün olduğu qədər Suriya üçün də problemdir. Kürdlər Suriya əhalisinin təxminən on faizini təşkil edir, lakin hazırda ABŞ-ın yardımı sayəsində Suriya torpaqlarının 35 faizindən çoxuna nəzarət edirlər və muxtar bölgə yaratmaq ərəfəsindədirlər.Türkiyə Əsədin siyasətləri ilə razılaşmasa da, Suriyanı heç vaxt parçalamağa çalışmayıb. Türkiyə prezidenti və xarici işlər naziri hər fürsətdə Suriyanın ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəklədiyimizi vurğulayırlar. Ona görə də Suriyanın şimalında muxtar və ya müstəqil bölgə yaratmaq cəhdi həm Dəməşq, həm də Ankara üçün qəbuledilməzdir.

- Ərdoğan Ukrayna ilə bağlı vasitəçilik səylərinə görə bir neçə ölkə tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib. Bu Türkiyə üçün nə dərəcədə önəmlidir?

-Türkiyədəki insanlardan soruşsanız, çox az adam bu barədə bilir. Bu, ölkədə bir nömrəli xəbər deyil. Alıb-almayacağı ilə bağlı proqnozlar vermirik. Təbii ki, bəzi dövlətlərin Türkiyə prezidentinin Nobel Sülh Mükafatına namizədliyini dəstəkləməsi yaxşı haldır. Amma şəxsən mən hesab edirəm ki, Nobel mükafatı həddən artıq siyasiləşib.

-Türkiyə Ukraynaya münaqişə zamanı geniş istifadə olunan “Bayraktar TB2” pilotsuz uçan aparatları tədarük edib...

-Dronları Türkiyə hökuməti deyil, özəl şirkət təmin edir. Öz silahlarını istehsal edib müxtəlif ölkələrə satan bir çox özəl şirkətlər var. Amma başa düşürük ki, çatdırılma yalnız hökumətin razılığı ilə mümkündür. Türkiyə hökuməti onları niyə qadağan etməlidir? Bu yaxşı biznesdir.

- Əgər Ukrayna indi digər NATO ölkələrində olduğu kimi açıq şəkildə hökumətə müəyyən silah növlərinin verilməsi xahişi ilə müraciət etsə, Türkiyə nə cavab verəcək?

-Ukrayna artıq Türkiyəyə belə xahişlə üz tutub və ona rədd cavabı verilib. Çünki Türkiyənin birmənalı mövqeyi var: biz neytralıq. Türkiyə dövlət olaraq heç bir tərəfə hərbi yardım göstərmir.

Hazırladı:Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR