İnsanlara hürriyət, millətlərə istiqlal!

Əxlaq keşikçilərinin və “bud ala gəzənlər”in nifaqı

3282 28.04.2024 11:45 Yazarlar A A

 

Bu günlərdə sosial şəbəkədə bir çox adamın bəh-bəhlə paylaşdığı bir video var: marketdir, gecə köynəyi kimi bir libas geymiş, beli, çiyni, bir sözlə, büstü, eləcə də ayaqları açıq olan, el dilində desək, bud ala gəzən bir qız nəsə almaq istəyir. Bir xala isə onun bu geyiminə “ilişərək” marketdən çıxmasını tələb edir.

Gənc qız ya həyasızlar legionundan olmadığı, ya da qüvvələrin qeyri-bərabər olduğunu görərək, dinməz-söyləməz şəkildə marketdən çıxır. Beləliklə, marketdə əxlaq qaydaları bərpa olunur, şəhərin ayrıca götürülmüş bir məkanında namus keşikçiliyi uğurla başa çatır.

Söz yox, bir qız cəmiyyət içinə elə bir libasda çıxmamalıdır. Yüz minlərlə qadın heç öz evində, ərinin, qardaşının yanında o paltarda gəzib-dolaşmır ki, ayıbdır. Görünür, ona “ay bala, küçəyə bu görkəmdə çıxma, tanış-biliş nə deyər” deyən yoxdur.

Əslində adam içinə o tərzdə çıxmaq özünü tənəli, ehtiraslı baxışlara, istehzalı atmacalara, hətta cinsi təcavüz aktına məruz qoymaqdır. Beləsi addımını küçəyə qoyan kimi ilk qarşılaşdığı gənc kişi onu başdan-ayağa süzəcək, yüngül əxlaqlı sayıb ödənişli seks təklif edəcək, taksiyə minsə, sürücü güzgüdən baxa-baxa pul lazım olmadığını deyəcək, alternativ ödəniş variantının olduğunu bildirəcək, taksidən düşən kimi qızı görənlər baxışacaq, eyhamla pıçıldaşacaqlar və s. Əmin olun ki, bu cür geyinmiş qız gecə vaxtı gəliş-gedişi az olan park və küçələrdə tək və sərbəst gəzə bilməz, dərhal hisslərinə hakim olmayanın biri çıxacaq və zorla olsa da, onunla cütləşmək istəyəcək.

Çünki bura Mençester deyil ki, gecə saatlarında minlərlə daha betər geyinmiş, daha dəqiqi, geyinməmiş qız şəhərin əyləncə mərkəzlərində içkili halda gəzib-dolaşsın və heç kim də onlara bir söz deməsin. İlk növbədə ona görə ki, o şəhərdə (eləcə də Avropanın digər meqapolislərində, Rio-de-Janeyroda, Pattayada, Boqotoda, Nyu-Yorkda və s.) bu cür geyinənlər minlərlədir, kütləvidir. Minlərlə “bud ala gəzən”in içində fərd olma başqa şeydir, hamının normal libasda gəzdiyi vaxt açıq-saçıq geyinərək özünü ictimai diqqətin mərkəzinə qoymaq başqa şey.

Yay vaxtı çimərlikdə bundan da betə açıq geyinənlər var, amma heç kəs onlara irad bildirmir. Ona görə ki, o məkanda hamı çılpaqdır və bu normaldır. Hətta əksinə, çimərlikdə başdan-ayağa örtülü geymiş adam çimərlik geyimində olanların arasında yabançı kimi görünür. Sanki qara qarğaların içinə ağ qarğa düşüb. İnsan harada nə cür geyinəcəyini dürüst bilməlidir.

Bu baxımdan marketə gecə köynəyində gələn qızın qızın hərəkətinə haqq qazandırmaq olmaz - ən azı hansı yerə hansı libasda çıxmalı olduğunu bilməmişdi. Ancaq xalanın etdiyi də aşırı reaksiyadır. Heç kəsin başqasının geyiminə qarışmaq, kimisə ictimai məkandan qovmaq haqqı yoxdur. Burası şəriət rejimi ilə idarə olunan ölkə deyil və heç kəsin özünü əxlaq polisi, ictimai namus keşikçisi kimi aparmaq haqqı yoxdur.

Həmin xala sakitcə qıza yaxınlaşıb pıçıldaya bilərdi ki, xala qurban, camaat içinə belə çıxmaq olmaz, dəlisi var, manyakı var, özünü təhlükəyə atma. Qız da başa düşərdi, ya düşməzdi, öz işidir. Əsas odur ki, xala öz təpkisini verərdi.

Yoxsa hərəmiz öz zövqümüzə görə kiminsə geyiminə qarışsaq, bu işin axırı absurda gedər. Məsələn, bir çox yaşlı adamlar gənc qızların göbəyi açıq geyimlərindən xoşnud deyil və onlara çəpəki baxır, başlarını bulayırlar, əllərində əlac olsa, onları küçədə təhqir edərlər. Bəziləri qadınların saç düzümüdən narazıdır, imkanları olsa, belələrinin başını dibdən qırxdırıb təcridxanaya salar. Oğlanların şortik geyməsini qılınclayan minlərlə adam var.

Yeri gəlmişkən, 2022-ci ildə İranda Məhsa Əmini adlı qızın bir çəngə saçının görünməsinə görə əxlaq polisləri onu həbs edib türmədə öldürdülər və ölkədə ara qarışdı: yüzlərlə maşın, bina yandırıldı, yüzlərlə adam öldü, minlərlə adam yaralandı, yüzlərlə adam həbs və edam edildi. Halbuki qızı saxlayan polislər ona sakitcə “bacı, başını yaxşı ört” deyə yola versəydilər və ya qızın saçının göründüyünü “görməsəydilər”, bu boyda faciə baş verməz, İranda inqilabi situasiya yaranmazdı.

Yəni insanların geyiminə qarışa-qarışa getsək, bunu əxlaq atributuna, ehkama çevirsək, bu təmayül sonda geyimlər üzərində total nəzarətə aparıb çıxaracaq və Əfqanıstandakı nəticəni verəcək: qadınlar yalnız gözləri tor altında görünən bürüncəkdə gəzməli olacaq. Daha dəqiqi, yalnız evdə oturmalı olacaqlar, çünki şəriət onlarn ictimai yerə tək çıxmasına icazə vermir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR