İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəylə İsrail barışırmı?

1053 12.02.2022 11:20 Yazarlar A A

Məlum olduğu kimi, İsrail parlament respublikasıdır. Burada prezident yanız dövlətin simvolu, milli birliyin və həmrəyliyin təcəssümüdür. Ona görə də KİV-lər martın ortalarında prezident İshaq Hersoqun Türkiyəyə səfər edəcəyi haqqında xəbərlər yayanda bunu bəzi siyasi müşahidəçilər bir az etinasız qarşıladılar – yəni, prezident elə də mühüm siyasi persona deyil, ondan da səlahiyyətli və mühüm olan baş nazir var...

Amma biz belə yanaşmaları bölüşmürük – prezident Hersoqun səfərindən sonra Türkiyə rəsmilərinin də İsrailə cavab səfərləri gözlənir və bir də baxıb görəcəyik ki, proses dalğavari xarakter aldı və çox ciddi siyasi nəticələrə gətirib çıxardı.

Xatırladaq ki, iki dövlət arasındakı münasibətlər 2010-cu ildə pozulmuşdu. Oxucular yəqin ki, “Mavi Mərmərə” gəmisilə bağlı olayı xatırlayırlar. Bu gəmi Türkiyə bayrağı altında Qəzza sektoruna yollanmışdı, amma yolda İsrail hərbi-dəniz qüvvələrinin basqınına məruz qalmış, 9 nəfər ölmüş və gəmi heyəti bütünlüklə həbs olunmuşdu.

1351595302_mavi-mermere_925.jpg (48 KB)

Fəqət, bu, yeganə səbəb deyil. İki dövlət arasında münasibətlərin korlanmasına gətirib çıxaran digər səbəblər də var. Bura Yaxın Şərq probleminə müxtəlif, bəzən də əks yanaşmaları, xüsusən də İsrail tərəfindən Qüdsün paytaxt elan olunmasını misal kimi gətirmək olar.

Amma düz deyirlər ki, əbədi düşmənlər yox, əbədi maraqlar olur və onlar müxtəlif ölkələrin yaxınlaşmasını diqtə edirlər. Hazırda biz bunu Türkiyə ilə İsrail arasında müşahidə edirik.
Belədə isə iki dövlət arasındakı yaxınlaşma bir neçə aspektdən zəruridir.

Birincisi, İsrail və Türkiyə regionun yeganə demokratik ölkələridir və onlar ən azı bu demokratiyanın qorunması üçün ümumi dil tapmalıdırlar.

İkincisi, İsrail regionda ABŞ-ın qeyri-formal ştatı hesab olunur. Ona görə də onunla normal münasibətlər elə ABŞ-la münasibətlər deməkdir. Bu ölkə ilə Türkiyəni isə uzun illərdir müttəfiqlik münasibətləri birləşdirir.

Üçüncüsü, Azərbaycanın Türkiyə və İsraillə çox sıx münasibətləri var və onların yaxınlaşması Bakının da maraqlarına cavab verir.

1505372925_van-minut.jpg (30 KB)

Əlbəttə, bütün problemlər dərhal həll olunmur. Məsələn, İsrail özünün paytaxtla bağlı qərarını dəyişməyəcək. Eləcə də Yaxın Şərq probleminin bəzi məqamlarına yanaşmalar da dəyişməz qalacaq. Amma bununla belə yenə də bəzi təmas nöqtələri tapmaq mümkündür. Buna görə də İsrail prezidentinin qərarı müəyyən qədər optimizm üçün əsas verir, bəli, necə deyərlər, əsas iş prosesi başlatmaqdır...

Qeyd edək ki, son illərdə ayrı-ayrı ərəb ölkələrilə İsrail arasında münasibətlər dəyişməyə start götürmüşdü. Prezident Donald Trampın dövründə bəzi ərəb ölkələri İsraillə diplomatik münasibətlər qurmağa başlamışdılar. Qeyd etmək lazımdır ki, son illərdə Türkiyə sanki region ölkələrindən təcrid olunub: ərəb dövlətlərilə onun münasibətləri elə də qənaətbəxş deyil, çünki ərəbləri Ankaranın Yaxın Şərq problemlərilə bağlı çox prinsipial mövqeyi yox, ABŞ-ın ərəb dövlətlərini, xüsusən də Səudiyyəni regionun ən aparıcı dövlətinə çevirmək kimi şirnikləndirici təklifləri cəlb edir.

Hazırda regionda tamam yeni əməkdaşlıq müstəviləri yaranır. Region dövlətləri hətta birlikdə neft və qaz hasilatına başlamağı planlaşdırırlar. Ankaraya bu proseslərdən kənarda qalmağa dəyərmi?

Düşünürük ki, dəyməz. Çünki qonşularla əməkdaşlıq hər bir ölkənin maraqlarındadır. Belə hesab edirik ki, Ankarada bunu başa düşürlər. Yəqin orada onu da başa düşürlər ki, Türkiyə Yaxın Şərq siyasətini bir az mülayimləşdirməlidir, çünki məsəl var, deyirlər ki, Roma papasından artıq katolik olmaq olmaz...

Bir sözlə, biz hələ bilmirik ki, İsrail prezidentinin Ankaraya səfəri nəyi dəyişəcək. Amma bir məsələ aydındır: dəyişikliklərin zamanı yetişib...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR