İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə yardım kampaniyasının lokomotivi gənclərdir

5307 16.02.2023 12:48 KİVDF layihələri A A

İmdad Əlizadə: “Sosial statusundan asılı olmayaraq hər kəs türk xalqına yardım etməyə çalışdı”

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ilk yardımı Azərbaycan etdi. Həm dövlət səviyyəsində humanitar və maddi yardım edildi, həm də xalqın birliyi sayəsində onlarla TIR vasitəsilə ilkin ehtiyaclar üçün əşyalar göndərildi. Bu böyükmiqyaslı prosesdə diqqətçəkən məqam gənclərin fəallığı oldu. İki dövlət bir-millət olmağın bariz sübutu sınaqlar zamanı bəlli olur. Bu baxımdan, zəlzələdən zərərçəkmiş şəxslərə yardım etmək üçün təşkil edilən demək olar ki, bütün proseslərdə gənclər fəallığı ilə seçildi.

Jurnalist, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, müasir Azərbaycan gəncliyi üçün ən ağır sınaq 44 günlük Vətən müharibəsi dövrü idi. O qeyd etdi ki, müharibənin gedişatı, nəticələri göstərdi ki, yalnız silaha sarılıb ordu sıralarında döyüşən gənclərin deyil, arxa cəbhədə də fəallıq göstərən qəhrəmanların sayəsində də gəncliyimiz tarixin bu sınağından üzüağ çıxdı. Bu bir gün ərzində formalaşmış vətənpərvərlik deyildi: “Bu, böyük bir prosesin kulminasiya nöqtəsi, məntiqli və ədalətli yekunu idi. İstər dövlət, istər QHT, istərsə KİV-də vətənpərvərliklə bağlı müxtəlif layihələr həyata keçirilirdi. Bəzi qruplar mövzunun həddən artıq şişirdildiyini, bəzən bundan istifadə edildiyini vurğulayırdılar. Təbii ki, belə halların olduğunu istisna etmək olmaz, lakin yekunda Azərbaycan gəncliyinin vətənpərvərlik sınağında qətiyyətli mövqeyini ortaya qoyması, 30 il işğal altında olmuş torpaqlarımızı azad etməsi, Azərbaycan sərhədlərini bərpa etməsi bizim qazancımız oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm!

Azərbaycan gəncliyi dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycanla nəfəs alır, dövlətin, Vətənin uğuru, qələbəsi üçün əlindən gələni etməyə hazırdır".

İ.Əlizadə Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticələrinin aradan qaldırılması üçün Azərbaycan dövləti, cəmiyyəti səfərbər oldu. O qeyd etdi ki, fevralın 6-dan etibarən ölkə gündəminin əsas mövzusu zəlzələnin səbəb olduğu humanitar fəlakətdir: “Cəmiyyətin müxtəlif təbəqələri səviyyəsində Türkiyəyə yardım ön plana keçdi. Dərhal yardım kampaniyası başlandı. Göründüyü kimi, bu kampaniyada gənclər daha fəaldır. Ölkənin dörd bir yanında toplanan yardımların çeşidlənməsi, yük avtomobillərinə yüklənməsi üçün böyük qüvvəyə ehtiyac var idi. Bu yükü Azərbaycan gəncliyi öz üzərinə götürdü. Bir sözlə, əksər yardımlarda gənclər önə çıxır.   Gənclər yardım prosesinin lokomotivlərinə çevriliblər. Eyni zamanda Azərbaycandan Türkiyəyə çox sayda könüllü gedib ki, onların fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Könüllülərimiz çətin şəraitdə zəlzələdən zərərçəkmiş insanlara yardım göstərirlər. Bundan başqa, müxtəlif qurumlar, təşkilatlar aksiyalar həyata keçirirlər. Türkiyədən Azərbaycana təxliyə edilmiş şəxslər var. Onların tibbi və digər ehtiyaclarla yanaşı, ciddi psixoloji yardıma da ehtiyacları var. Eyni zamanda dünyanın 80-dən artıq dövlətinin xilasediciləri zəlzələ bölgəsində çalışır. Bu siyahıda ilk sırada Azərbaycan yer alıb. Bu da təbiidir, çünki biz qardaşıq. İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycanın qələbəsi üçün siyasi, hərbi, mənəvi nöqteyi-nəzərdən əlindən gələni edib. Müharibə təkcə Azərbaycanın deyil, Türkiyə-Azərbaycanın birgə sınağı idi. Qələbə eyni zamanda türk dünyasının idi. Bu gün də Türkiyə çətin sınaqla üz-üzədir. Biz də əlimizdən gələn qədər qardaş ölkənin yanındayıq. Sosial statusundan asılı olmayaraq hər kəs türk xalqına yardım etməyə çalışdı. Bir sözlə, iki qardaş ölkə zəlzələ nəticələrinin aradan qaldırılması üçün birgə çalışırlar”.

İ.Əlizadə informasiya təminatı mövzusuna diqqət çəkərək qeyd etdi ki, müharibə zamanı həqiqətlərin dünyaya çatdırılmasında türk mediası bütün qüvvəsi ilə Azərbaycanın yanında oldu, bu gün də Azərbaycan mətbuatı zəlzələ bölgəsində çətin şəraitdə fəaliyyət göstərir: “Azərbaycan jurnalistikası bu prosesdən də üzüağ çıxa bilir. Bütövlükdə Türkiyə və Azərbaycan əlaqələri elə bir səviyyəyə çatıb ki, bu ölkələrində hər hansı birində sınaq olanda hər iki ölkənin gəncləri ayağa qalxır, əl-ələ verir və mübarizə aparırlar. Bu da hər iki ölkədə vətənpərvərlik nöqteyi-nəzərindən aparılan fəaliyyətin, təbliğatın nəticəsidir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb.

Hazırladı: Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR