İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə yenidən parlament respublikası olacaqmı?

1459 04.12.2021 12:00 Yazarlar A A

Rəcəb Tayyib Ərdoğan haqqında bir siyasi lider və prezident kimi, əlbəttə, hamıdan doğru Türkiyə vətəndaşları danışa bilər. Biz isə yalnız onu deyə bilərik ki, prezident Ərdoğanın vaxtında Türkiyə Qarabağ probleminə əvvəlki dövrlərlə və hakimiyyətlərlə müqayisəyə gəlməyəcək dərəcədə töhfə verdi – qardaş ölkənin siyasi, diplomatik və hərbi-texniki dəstəyi olmasaydı biz II Qarabağ savaşında qalib gələ bilməzdik.

Amma gəl ki, Türkiyənin özündə prezident R.T. Ərdoğana münasibət heç də birmənalı deyil və bu səbəbdən də əksər siyasi müşahidəçilərin fikri budur ki, o, siyasi Olimpdə son çağlarını yaşayır. Prinsipcə, burada qeyri-adi və təəccüblü heç nə yoxdur – hər şeyin başlanğıcı olduğu kimi, bir sonu da var.

Türkiyə elektoratı bu vaxta qədər dəfələrlə Ərdoğanı baş nazir və prezident kimi dəstəkləyib. Ona görə də onun hakimiyyətinin qürubu haqqında söz açmaq heç də məntiqsiz deyil, çünki bir daha deyirik ki, əbədi heç nə yoxdur, o cümlədən də siyasi hakimiyyət.

Buna həm də prezident Ərdoğanın siyasi fəaliyyəti təhrik edir - əvvəllər baş nazir, sonra isə prezident kimi.

Ölkədə iqtisadi vəziyyət çox gərgindir. Amma bu, prezident əleyhinə heç də yeganə arqument deyil. Onun xarici siyasəti də tez-tez ciddi tənqidə məruz qalır. Əsas müxalifət partiyası – CHP onun xarici siyasətini, xüsusən də Qərb ölkələri və ABŞ-la bağlı siyasətini kəskin tənqid etməkdədir.

Amma doğrudanmı bunda yalnız prezident Ərdoğan günahkardır? Düşünürük ki, yox. Avropa və ABŞ son vaxtlarda Türkiyəyə qarşı qeyri-səmimilik nümayiş etdirirlər. Məgər bir-iki il bundan öncə onlar Ərdoğanı dini moizəçi F. Gülənlə əvəz etmək istəmirdilərmi?

Fəqət, hətta cari xarici siyasət və iqtisadi kurs prezident əleyhinə tənqiddə yeganə arqumentlər deyillər. Məlum olduğu kimi, Ərdoğanın vaxtında Türkiyə prezident respublikası oldu. Etiraf edirik ki, belə siyasi metamorfozanın səbəbləri bizə məlum deyil. Prezident idarəçiliyini bir qayda olaraq, prezidentlər və prezident postuna iddialı olanlar, güclü və geniş səlahiyyətli hakimiyyət tərəfdarı olanlar sevirlər. Parlament respublikasına isə daha çox demokratlar önəm verirlər – bəli, sıravi və hakimiyyətdə olan demokratlar.

Biz heç də iddia etmirik ki, əvvəlki parlament idarəçiliyi zamanı Türkiyə daha demokratik idi. Amma parlament respublikalarının demokratikliyini daha çox müqayisəli politologiya üzrə mütəxəssislər iddia edir– böyük emprik material əsasında onlar bildirirlər ki, parlament respublikaları daha dayanıqlı və demokratikdirlər.

Ona görə də bu günlərdə Türkiyədən daxil olan məlumatı maraqlı adlandırmaq olar. Altı müxalifət partiyası ölkənin əvvəlki siyasi sistemə qaytarılması təşəbbüsü ilə çıxış edib. Əlbəttə, hələ demək olmaz ki, bu cür təşəbbüslər nə ilə bitəcək. Ola bilsin, bu, sadəcə, Ərdoğan hakimiyyətinə qarşı yönələn təzyiq vektorlarından biridir. Bütün hallarda, zaman göstərəcək: Türkiyədə siyasi sistem necə qalacaq?

Sözsüz, əsas budur ki, siyasi modelindən asılı olmayaraq Türkiyə demokratik ölkə kimi qalacaq. Bu, demokratik Qərb dəyərləri heç də öndə olmayan müsəlman dünyası üçün çox vacib bir məsələdir. Çox təəssüf ki, ABŞ və Avropa ölkələri bunu çox vaxt unudurlar.

Əvvəlki yazılarda artıq qeyd etmişik ki, ABŞ prezidenti Cozef Bayden Türkiyəni dekabrın birinci on günlüyündə baş tutacaq demokratiya sammitinə dəvət etməyib. Doğrudanmı 110 ölkə arasında Türkiyəyə yer tapılmadı? Əslindəsə burada əsas məsələ başqadır. Türkiyə və onun cəmiyyəti çox dinamikdir. Biz deyə bilmərik ki, bu ölkə yenidən parlament respublikası olacaq. Təkcə onu qeyd edək ki, parlament idarəçiliyi güclü siyasi partiyalar və mütəmadi, ciddi, düzgün parlament seçkiləri deməkdir və bunlar Türkiyədə mövcuddur. Ümumilikdəsə, istənilən ölkənin demokratikliyi məhz bu amillərlə müəyyən olunur, daha Baydenin onu hansısa bir sammitə dəvət edib-etməməsilə yox...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR