İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə üçün 66 kritik gün

1546 19.04.2018 11:36 Yazarlar A A

Qardaş ölkə də erkən seçkilərə qərar verdi. Düz 66 gün sonra, iyunun 24-də Türkiyə tarixində ilk dəfə eyni gündə prezident və parlament seçimləri keçiriləcək. Bununla da ölkə böyük bir dönəmin ardınca prezidentli üsul-idarəyə adlamış olacaq.

Qərar gözlənilən idi əslində. Ona görə ki, 2019-cu il seçkilərinədək Türkiyə uğurlu idarəçilik əvəzinə, üzücü bir qeyri-müəyyənlikdə, “keçid vəziyyəti”də qala bilməzdi. Söz yox ki, seçki – hazırda “babat” sayda düşmənləri olan Türkiyə üçün daxildə yeni siyasi təlatümlər, cəmiyyətin silkələnməsi və müəyyən müddətə olsa da parçalanması, siyasi ehtirasların pik həddə çatması deməkdir. Bu dövrdə daxili və xarici təhdidlər, hətta terror riskləri arta bilər ki, onları önləmək, seçkilərin azad, demokratik qaydalara uyğun keçməsini təmin etmək öncəliklə hökumətin borcudur.

Türkiyə ətrafında taleyüklü və tarixi proseslərin getdiyi, faktiki, bölgənin geosiyasi arxitekturasının təzədən cızıldığı dönəmdə onun başının özünə qarışması bəzi əlavə problemlər də yarada bilər. O sırada prezident Rəcəb Tayyib Ərdoğanın seçilmək şansını azaltmaq üçün xarici və daxili qüvvələrin, bəzi çevrələrin hərəkətə keçəcəyi, bir az da fəallaşacağı realdır. Onların ünvanı məlumdur.

Həmçinin, iqtisadi xarakterli təxribatlar istisna deyil. Türkiyənin və Ərdoğan iqtidarının qəfil “büdrəməsi”, lirənin daha da dəyər itirməsi, nəticə etibarilə rəqiblərin şansının artması üçün məlum dairələr yəqin ki, əllərindən gələn sürprizi edəcək. Rusiya, Putin isə əksinə, Ərdoğanın hakimiyyətdə qalmasında maraqlı olduğu üçün əks-işarəli dəstək, o sırada kəşfiyyat-informasiya dəstəyi verə bilər. Necə? Bunu da yəqin ki, görəcəyik.

Şübhə yox ki, ölkə yönətimləri seçki ilə bağlı bütün fors-major amillərin fərqindədir və müvafiq hesablamalar aparıblar. Ümid edək ki, Türkiyə öz müdrik xalqı, onun azad iradəsi sayəsində qarşıdakı krtik 66 günü böyük itkilərsiz adlaya biləcək, 24 iyun seçimlərindən qardaş məmləkət və onun cəmiyyəti qalibin kim, hansı partiya olmasından asılı olmayaraq, daha monolit, daha güclü çıxacaq. Dostları sevindirəcək, düşmənləri xar edəcək. Buna da ümid bəsləyək ki, ana müxalifət məkrli çevrələrin “ayı xidməti”ni, tələdəki “pendiri” yox, ölkənin ali mənafeyini üstün tutacaq, ləyaqətli siyasi rəqabəti tərcih edəcək...

Beləliklə, Türkiyə kritik seçki zolağına girib. MHP-nin Ərdoğanı dəstəkləməsi, eks-prezident Abdulla Gülün seçkiyə qatılma ehtimalı, habelə toqquşan Qərb, Rusiya amilləri nəzərə alınarsa, maraqlı və nəfəskəsici bir seçki, təbliğat və əks-təbliğat kampaniyası, hətta kompromat savaşı gözlənilir.

Hərçənd, sayın Baxçəlinin Ərdoğanı seçməsi hələ bütün MHP-çilərin, “boz qurd”arın AKP liderinə dəstəyi də demək deyil.

Qısacası, 24 iyun seçkiləri ən çox Ərdoğan və komandası üçün sınaq olacaq. Bütövlükdə Türkiyə dövləti mühüm bir daxili testdən keçəsi olacaq...
Seçkilər Azərbaycan üçün də müstəsna önəm kəsb edir. Həm də o səbəbə ki, bizim əsas siyasi-hərbi müttəfiqimiz Türkiyənin tarazlı durumu və özünə inamı, ona daxildən və xaricdən olan mümkün təhdidlər bizdən ötrü əsla əhəmiyyətsiz deyil. Zaman-zaman yazdığımız kimi, Türkiyənin gücü - gücümüz, problemi, qayğısı - qayğı-problemimizdir. Qardaş ölkənin ayağına dəyən hər daş-çınqıl bizə dəymiş kimidir, ağrısını o saat biz də duyarıq.

İkinci səbəb əlbəttə ki, Qarabağdır. Bəlli ki, bu məsələdə Türkiyə müstəsna güvənc yerimizdir. Bu üzdən onun daima “formada olması” bizdən ötrü çox mühümdür. Xüsusilə Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə qardaş məmləkətin bizə hər cür köməyə hazır olmasını nəzərdə tuturuq.

İndilikdə isə hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yaz-yay mövsümüdür. 24 iyun seçimləri məhz bu dövrə düşür. Ehtimal k, o üzdən Qarabağda müharibə, daha doğrusu, antiterror əməliyyatı azından, 66 gün ertələnmiş olacaq. Amma o vaxta yaz bitsə də, daha əlverişli olan yay mövsümü başlayacaq.

Qardaş ölkəni o günə daha qüdrətli görmək arzusu ilə!..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR