İnsanlara hürriyət, millətlərə istiqlal!

Təşkilat rəhbərinə 11 il cəza kəsildi - dələduzluq işi

682 10.12.2018 18:48 Son xəbər A A

Assosasiya rəhbəri hakim qarşısına çıxarılıb. O dələduzluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Telman Səlimovun məhkəməsi başa çatıb.

Telman Səlimov “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Telman Səlimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

İttiham aktına əsasən, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. T.Səlimov həmin binada mənzil satıb.

O, həmin binada inşaat qaydalarının pozulmasına görə tikinti işlərinin dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib. Buna baxmayaraq, T.Səlimov Sumqayıt şəhər sakini Rafiq Bəylərovu 17 mərtəbəli yaşayış binasının tikintisinin yenidən bərpa olunacağına, qısa müddətdə başa çatdırılacağına və mənzillərin hazır olacağına inandırıb.

Məlumata görə o, R.Bəylərovu aldadaraq, yaşayış binasında 50 kvadratmetr sahəli mənzilin hər kvadratmetrinin 300 ABŞ dolları olmaqla, 15 min dollara satılması barədə 8 aprel 2016-cı il tarixli saxta müqavilə tərtib edib. T.Səlimov icraçı qismində sənəd imzalayaraq, “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının möhürünü vurub, R.Bəylərovdan mənzil satmaq adı ilə ilkin olaraq 7231 manat alıb.

T.Səlimov Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Bildirək ki, T.Səlimovun digər cinayət işləri üzrə də məhkəmə istintaqı davam etdirilir. Həmin iş də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR