İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitetlərin bağlanmasının sirri: “diplomlu işsizlər”in sayını azaltmaq...

1972 23.01.2017 10:31 Təhsil A A

Azərbaycanda ötən həftə ərzində iki özəl ali təhsil ocağı- Qafqaz və Təfəkkür universitetləri  bağlandı. Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, nazirlik  ləğv olunan universitetlərin tələbələrinin digər ali məktəblərə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupu yaradıb. 

Bəzi ekspertlər bildirirlər ki, bu tendensiya davam edə və dövlət universitetləri də bağlana bilər.  Belə iddialar da var ki, hökumət “diplomlu işsizlər”in sayının artmasından da narahatdır. Bu səbəbdən də ikinci və üçüncü dərəcəli ali məktəbləri bağlamaqla diplom alanların sayının artmasının qarşısını almağı hədəfləyib.        
 

Ölkənin təhsil sistemində nə baş verir?


Sabiq təhsil naziri Firudin Cəlilov  mövzu ilə bağlı bildirib ki, təhsil sistemini sağlamlaşdırmaq üçün “çürük” yerlərini dəyişmək lazımdır: “Ölkə əhalisinin və eləcə də iş yerlərinin sayı nəzərə alınmalıdır. Hər iş yeri üzrə də müəyyən ixtisaslara uyğun tələb olunan kadrın da sayı təxminən bəllidir. Ona görə də ali məktəblərin buraxılış sayı bunlarla tən gəlməli və çox fərqlənməməlidir. Məsələn, bir il ərzində bütün universitetlər  500 nəfər hüquqşünas məzun edərsə, onların işlə təmin olunması da lazımdır. Lakin həmin 500 nəfərdən yalnız 50 nəfəri iş tapa bilir. Yerdə qalan 450 nəfər isə məcbur olub, başqa sahəyə üz tutur. Bu cür faktlar çoxdur. Bütün bunlar Nazirlər Kabineti tərəfindən araşdırılmalıdır və plana uyğun olaraq işlər aparılmalıdır. Hesab edirəm ki, bəzi universitetlərin də bağlanması bu problemlə bağlıdır. Yəqin ki, artıq bəzi universitetlər lazımı effekt vermir. Tələbənin o universitetdən aldığı diplom onun üçün kağız parçasına çevrilir. 

Image result for Firudin Cəlilov

Nəticədə isə həmin universitetə sənəd verənlərin də sayı azalır və təhsil müəssisəsi rentabelli işləmir. Özəl universitet ödənişli olduğu üçün tələbə az olduğu təqdirdə təhsil müəssisə öz xərclərini də ödəyə bilmir. Ümumilikdə,  təhsil sistemi böyük bir sistemdir. Bu sistemin daxili mexanizmini bir-bir öyrənib, harada çürümə varsa, onu dəyişmək lazımdır. Bu mənada bəzi universitetlərin bağlanması və ya bağlana bilmə ehtimalı  bu günün tələbidir. Bunun inkişafa, yoxsa tənəzzülə aparmasını isə indidən söyləmək çətindir”.

Təhsil eksperti Məlahət Mürşüdlü isə bildirib ki, təhsil sistemində bütün işlər paralel olaraq aparılmalıdır:

“İki universitetin bağlanmasını struktur dəyişikliyinin aparılması zərurəti kimi izah edirlər. Ancaq yaxşı olardı ki,  bu qərar heç olmasa, ilin ortasında deyil, sonunda verilərdi. Çünki hazırda imtahanlar gedir və dərs ilinin başa çatmasına da 3-4 ay qalıb. Ləğvedilmə haqqında qərar, düşünürəm ki, zaman baxımında uyğun  deyil.  Müasir universitetlər hər cür müasir təchizata malik olmalıdır. Onların yüksək kadr bazası olmalı və bu kadrlar ən azı magistr dərəcəsini bitirməlidirlər. Özəl universitetlərdə hətta bakalavr səviyyəsində dərs aparanlar var. Bu isə sözsüz ki, gələcək kadr hazırlığına müsbət təsir göstərə bilmir”.

Image result for Məlahət Mürşüdlü

Ekspert hesab edir ki, hazırkı prosesdə dövlət universitetlərinin bağlanması gündəmdə deyil:

“Hazırda dövlət universitetlərinin şəbəkəsinin genişləndirilməsi gündəmdədir. Bu baxımdan onlardan hansınınsa bağlanmasının planlaşdırıldığını düşünmürəm. Dövlət universitetlərinin maddi-texniki təchizatının və kadr potensialının gücləndirilməsi istiqamətində işlər gedir. Bir məqam da var ki, dövlət universitetlərinin birləşdirilməsi və ləğv olunması prosesi artıq başa çatıb. Misal üçün ötən il, sərəncama uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı hesab olunub. Eləcə də 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun bəzi filialları ləğv olunub. Bütün bunların hamısı yuxarıda qeyd etdiyimiz kimi maddi-texniki təchizat və kadr bazasının gücləndirilməsi istiqamətində atılan addımlardır”. 

Əli Rais


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR