İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbiətə ziyan vuranlar cəzalandırıldı - 37200 manat cərimə

1754 15.10.2015 12:05 Son xəbər A A
“Yeni Müsavat” qəzetinin və “Musavat.com” saytının ötən günlərdə Bakının Xətai və Suraxanı rayonları arasındakı ərazinin zibilxana poliqonuna çevrilməsi barədə hazırladığı materiallar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılıb.  

Qeyd edək ki, ərazidə yaşayan sakinlərin şikayəti əsasında hazırlanmış materiallarda bildirilirdi ki, zibillərin daşındığı bu ərazidə dözülməz vəziyyət hökm sürür. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, yazılanlar tam təsdiqini tapıb. Rəsmi məlumatda bildirilir ki, “Bakı tikinti materialları” ASC-nin kərpic istehsalı zavodunun ərazisinin zibilxanaya çevrilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb: “Araşdırma zamanı zavodun hazırda fəaliyyət göstərmədiyi, 2015-ci ilin əvvəlindən hazırkı dövrədək üç ay fasilələrlə işlədiyi müəyyən edilib. Baxış zamanı ərazinin məişət tullantıları poliqonuna çevrildiyi və zavodun ərazisinin ayrı-ayrı yerlərində məişət tullantılarının pərakəndə şəkildə qalaqlanması və yandırılması halları da müşahidə olunub. Faktla əlaqədar Nazirliyin  əməkdaşları tərəfindən qanunamüvafiq qaydada protokol tərtib olunaraq “Bakı tikinti materialları” ASC-nin nümayəndəsi vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib”.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova əməkdaşımıza bildirib ki, araşdırmalar zamanı eyni zamanda, tullantıların yük maşınları ilə zavodun ərazisinə daşınması halları da müşahidə olunub: “Sürücülər ETSN-nin əməkdaşları tərəfindən saxlanılıb, lakin qanun pozucuları sənəd təqdim etmədən ərazini tərk ediblər. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş sorğu nəticəsində həmin sürücülərin şəxsiyyəti müəyyən edilərək barələrində qanunamüvafiq protokol tərtib olunub. Belə ki, 2 qanun pozucusu hüquqi şəxs qismində hər biri 9000 manat, 24 nəfər isə fiziki şəxs qismində hər biri 800 manat olmaqla, ümumilikdə 37200 manat məbləğində cərimə edilib”. 

Qeyd olunanlarla yanaşı, zavodun ərazisində tikinti materiallarının satışı bazarının qanunsuz fəaliyyət göstərdiyi də məlum olub: “Araşdırma zamanı bazarın fəaliyyət göstərməsi üçün Qaraçuxur Bələdiyyəsi ilə fiziki şəxs arasında bağlanmış müqavilənin müddətinin 2014-cü ilin sonunda bitdiyi məlum olub. Bununla əlaqədar sözügedən bazarın zavodun ərazisindən çıxarılaraq başqa əraziyə köçürülməsi barədə ETSN tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə, “Bakı tikinti materialları” ASC-yə və Qaraçuxur Bələdiyyəsinə məktub göndərilib”. 

Qeyd edək ki, məsələ ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də “Yeni Musvat”-ın əməkdaşı ilə söhbəti zamanı məsələnin nəzarətdə saxlanılacağını və ekoloji problemlər yaradan şəxslərə qarşı ciddi tədbirlər görüləcəyini deyib. Eyni zamanda əhalinin sıx yaşadığı bu ünvandakı ərazinin təmizlənərək park salınması barədə təkliflərin də müzakirə ediləcəyini bildirib.  

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR