İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkili böhtançılıqda ittiham edən məşhur həkimə sərt sözlər – YALAN YAZIB!

1455 05.03.2024 14:56 Kriminal A A

Xəbər verdiyimiz kimi, məşhur həkim Öndər Tulumbacı tanınmış vəkil Əkrəm Həsənovu məhkəməyə verib.

Xətai Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verən Öndər Tulumbacı Əkrəm Həsənovu Cinayət Məcəlləsinin 147-ci – böhtan maddəsi ilə ittiham edib. Tulumbacı Əkrəm Həsənovun Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması haqda fikirlərini böhtan hesab edir.

Musavat.com xəbər verir ki, vəkil həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, nəticədə “bicbala”ların dünyaya gəldiyi haqda fikirlərini yazmışdı.

Məhkəmə iddiasına gəlincə, Əkrəm Həsənov deyir ki, “bicbalalığın leqallaşdırılması” yazısındakı fikirlərinə görə orada adı çəkilən həkim Öndər Tulumbacı onu böhtan atmaqda ittiham edib.

ONDER.jpg (52 KB)

Öndər Tulumbacı

Maraqlıdır ki, Öndər Tulumbacı məhkəməyə təqdim etsə də, özü məhkəmənin 2 iclasına gəlməyib. Bu səbəbdən də məhkəmənin sayca 3-cü iclası martın 13-nə təyin olunub.

Əkrəm Həsənov deyir ki, xüsusi ittihamçı olan Öndər Tulumbacının məhkəməyə gəlməməsinin səbəbini bilmir:

“Mənə elə gəlir ki, Öndər Tulumbacı xüsusi ittihamı verməyindən peşmandır deyə iclaslara gəlmir. Əslində, mən onu ittiham etməyə hazırlaşıram. Cinayət Məcəlləsinində cinayət barəsində yalandan xəbərçilik maddəsi var. Yəni şəxs bilə-bilə yalan məlumat verirsə, yalandan olaraq cinayətdə ittiham edirsənsə, buna görə məsuliyyət nəzərdə tutulur. Öndər Tulumbacının şikayətində birbaşa böhtan var. Yazır ki, onu dələduz adlandırmışam, guya demişəm ki, o Ali Məhkəmənin qərarını rüşvətlə əldə edib. Halbuki, mənim sosial şəbəkədəki hesabımda belə bir şey yoxdur. Mən onu nə dələduz adlandırmışam, nə də Ali Məhkəməyə rüşvət vermişəm. Mən bundan sonra sosial şəbəkədəki məlum statusumda hər hansı bir dəyişiklik etsəm belə, bu, görünəcək, bilinəcək. Öndər Tulumbacı məlum xüsusi ittihamında mənə böhtan atıb. Hesab edirəm ki, Öndər Tulumbacı mənim şikayətimi oxuyandan sonra emosional vəziyyətdə olub və belə bir böhtanlar yer alan şikayət yazıb”.

Əkrəm Həsənov Öndər Tulumbacının məhkəməyə gəlməsini tələb edir:

“Öndər Tulumbacı məhkəməyə gəlməli, xüsusi ittihamda yazdığı yalanlara görə cavab verməlidir. Əslində, bu iş barədə indiyədək yazmamağımın səbəbi özümlə bağlı olması deyil. Səbəb odur ki, Tulumbacının şikayəti çox qeyri-ciddi (xeyli qrammatik səhv var, yazımın tarixini belə yanlış göstərib və s.), əsassız və hətta gülüncdür. Yəni heç diqqətəlayiq deyil. Təbii, bu o demək deyil ki, məhkəmə prosesinə hazırlaşmıram. Əksinə, şikayət verildikdən sonra süni mayalanma sahəsini daha dərindən öyrənir, dəhşətə gəlir və problem üzrə araşdırmalarımı genişləndirmək əzmindəyəm”.

Xatırladaq ki, iş üzrə Xətai Rayon Məhkəməsində (hakim Sülhanə Hacıyeva) 23 fevralda ilk hazırlıq iclası olub.

Öndər Tulumbacı iclasa qatılmaması səbəbindən 1 marta qədər təxirə salınmışdı. Həmin tarixdə olan iclasa da Öndər Tulumbacı gəlməmişdi. O, məhkəməyə xüsusi ittiham qaydasında təqdim etdiyi şikayətində Əkrəm Həsənovun ona böhtan atdığını iddia edir. Əkrəm Həsənov isə bildirir ki, səsləndirdiyi faktlar Ali Məhkəmənin ictimaiyyətə açıq olan qərarından götürülüb. Həmin faktların doğru və ya yalan olmasına da o, cavabdeh ola bilməz.

Əkrəm Həsənovun dediklərindən sitat:

“Bəli, yazımda mən Ali Məhkəmənin Qərarındakı mövqeyə mənfi münasibətimi bildirmişəm. Amma fikir bildirməklə böhtan atmaq mümkün deyil. Şikayətdə faktla fikir kateqoriyaları qarışıq salınıb. Bu, hüququn əlifbasıdır! Qərarda söhbət ondan gedir ki, iddiaçı olan kişi arvadının donordan süni mayalanmasına razılıq vermədiyini və Tulumbacı ilə arvadının onu aldatdığını bildirir. Tulumbacı ilə arvadı isə deyir ki, xeyr, kişinin yazılı razılığı olub. Lakin həmin razılıq məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Ali Məhkəmə kişinin iddiasını rədd edib. O əsasla ki, razılığın olmadığını kişi özü sübut etməlidir və ümumiyyətlə, belə razılıq olmadan donordan istifadə oluna bilməzdi. Yəni məhkəmə Tulumbacı ilə arvadı haqlı çıxarıb, mən də bunu olduğu kimi yazmışam. Sadəcə mən məhkəmənin mövqeyini tənqid etmişəm. Çünki heç kəs etmədiyini sübut edə bilməz, bu, absurddur. Ali Məhkəmənin analoji iş üzrə digər (17.04.2023-cü il tarixli 2(102)-1252/2023 saylı) qərarını da tapmışam. Orada klinika (həkimin adı göstərilməyib) məhkəməyə kişinin razılıq ərizəsini təqdim edib, lakin ekspertiza oradakı imzanın kişiyə məxsus olmadığını müəyyən edib. Buna görə də bu işdə qərar kişinin xeyrinə olub. Deməli, Ali Məhkəmə artıq fərqli mövqe sərgiləyib: sübutetmə yükü kişinin üzərində deyil və süni mayalanma onun razılığı olmadan həyata keçirilib.

Nə isə, qayıdaq Tulumbacıya. Şikayətdə özü mənə böhtan atıb. Yazıb ki, guya mən onu dələduzluqda ittiham etmişəm və yazmışam ki, “məhkəmə tərəfindən müəyyən səbəblərlə (maraqlandırma, rüşvət və s.)” müvafiq Qərar verilib. Halbuki, mənim yazımda belə şeylər ümumiyyətlə yoxdur! Tulumbacı şikayətdə yazır ki, guya mənim yazımdan sonra “hazırda gün ərzinə 100-lərlə olan pasiyent müraciəti demək olar ki, əhəmiyyətli dərəcədə azalıb”. Başa düşdüyüm qədər, o, ümumən Ali Məhkəmənin qərarını ictimailəşdirdiyimdən narazıdır. Çünki guya nəticədə potensial müştəri bazası azalıb. Lakin Qərarı ictimailəşdirmək mənim hüququmdur. Konkret bu halda isə vətəndaşlıq borcumdur. O cümlədən maarifləndimə kontekstində. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 3 aprel 2019-cu il tarixli 604 saylı Fərmanının preambula hissəsində deyilir ki, “məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı”dır. Şəffaflığı təmin etmək üçün biz hüquqşünaslar mühüm qərarlar haqda cəmiyyətə məlumat verməliyik. Mən də bunu etmişəm. Süni mayalanma dövlətimiz, onun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir.

Söhbət genofonddan gedir. Bu sahədə hazırda ciddi nəzarət yoxdur. Allah bilir, qadınlarımızın donorları kimlərdir. Onsuz da zəifləyən ailə institutu üçün nəzarətsiz (heç sənədləri sonradan tapmaq olmur!) böyük təhlükədir. Ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycan kişisi arvadının başqasından hamilə qalmasına razılıq versin. Görəsən, buna görəmi şəhidlərimiz canlarını qurban verdi ki, indi qadınlarımız naməlum kişilərdən uşaq doğsun?!

Cənab Prezident fevralın 14-də keçirilmiş andiçmə mərasimində o cümlədən deyib:

“Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”. Bundan sonra deyib: “Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir... Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq...” Görəsən, donordan süni mayalanma nə dərəcədə milli-mənəvi dəyərlərimizə uyğundur? Bəli, mən bütövlükdə donor vasitəsilə uşağın doğulmasının əleyhinəyəm. Həmçinin ona görə ki, gələcəkdə qardaş və bacının evlənməsini istisna etmir, halbuki, həmin əməl qanunsuzdur. Bununla belə, qanunvericiliyimiz bu gün donorluğa imkan verirsə, burada ciddi qaydalar və nəzarət olmalıdır. Ən azı sənədləşdirmə işi qaydasında olmalıdır. Əks halda məhkəmələrdə belə təəccüblü işlər və qərarlar yenə də ola bilər. Odur ki, hamını süni mayalanma məsələsi barədə mövqeyini ortaya qoymağa çağırır, bu sahəni ciddi ictimai nəzarət altına götürməyə səsləyirəm. İrəli!”

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR