İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi sürücüsü jurnalistlik edəndə...

2103 24.03.2019 11:25 Yazarlar A A

İndi bütün ölkə jurnalist, bloger, vaynerdir. Hərənin əlində bir telefon. Çəkir, səsləndirir, ifşa edir, yayır. Bir günün içində insanlar yüz minlərə çatımlılıq imkanı qazanırlar. Yemək bişirən xalalardan tutmuş, 5-6 yaşlı uşaqlara qədər. Sonuncular evdə kiçik bir oyun videolarını belə hadisəyə çevirir, dostları ilə bir mahnının sədaları altında klip hazırlayıb, onu özlərinin youtube kanalına yükləyirlər.

Ona görə də heç kimə heç nə bəyəndirmək olmur. Çünki hər kəs özünü jurnalist, söz adamı, televizyonçu bilir. Ümumiyyətlə, jurnalistika ilə məşğul olmaq artıq böyük əksəriyyətin xobbisinə çevrilib. Və jurnalistika tək-tük peşələrdəndir ki, onunla məşğul olanlara yol göstərən, ağıl verən, qüsur tapanlar milyonlarladır. Məsələn, siz bir cərraha, ya da kimya mühəndisinə işini daha effektli necə yerinə yetirəcəyi ilə bağlı göstəriş verə bilərsinizmi? Mümkün deyil. Savadınız çatmaz, naşı qalarsınız,  dərhal gülməli duruma düşərsiniz. Amma biz jurnalistlərə reportajı necə hazırlamaq, xəbəri necə yazmaq, verilişi necə idarə etmək, hətta və hətta hansı sözü necə tələffüz etməklə bağlı göstəriş verənlər saysız-hesabsızdır.

O gün Azərbaycanın rayonlarından birinə taksi ilə gəldim. 400 kilometrə yaxın yolda sürücünün Azərbaycanı, Azərbaycan insanını köşə yazarı, analitik dəqiqliyi ilə təhlil etməsinin şahidi oldum. Bilirsiz, bizdə sürücülər əsasən iki diplomlu, zamanında yüksək vəzifələrdə çalışmış və indi iş tapa bilmədiyi üçün taksiçilik etməyə məcbur insanlardan ibarətdir. Daha doğrusu, özləri təqdimatlarını belə verirlər. Əksəriyyəti də yalan danışmır. Çünki söhbət etdikcə savadlı olduqları da üzə çıxır. Məsələn, bizim sürücü də Moskvada mühəndislik və avtomobil mütəxəssisliyi üzrə iki ali təhsil aldıığını deyirdi. Amma bu günlərdə özünü jurnalistdən daha çox jurnalist sayırdı. Səbəb? Görürdü, gördüklərini çəkir, yayır və ən əsası, jurnalistlərdən fərqli olaraq senzuraya məruz qalmırdı. Səhər gözünü açan kimi xəbər saytlarını və bir də youtube-dəki son xəbərləri izləyirdi. Sonuncunu mən ilk dəfədir eşidirdim. Sən demə, bəzi insanlar youtube kanalında trendlər bölümündəki videoları izləməyi xəbər izləmək hesab edir.

Sürücünün ən çox danışdığı Bakıya ərəb turistlərin axını zamanı yaşadıqları idi. Məlum, onlar turistləri hansı kafeyə, restorana, saunaya, bara, otelə aparırlarsa, ordan ciddi məbləğdə faiz alırlar. Bu, bir ticari anlaşmadır.  Amma son zamanlar turistlərin bir qayda olaraq xalq arasında “badımcan taksi” adlandırdıqları taksini tərcih etdiklərindən şikayət edirdi. Bəli, ərəblər təlimatlandırılmış və sıradan, heç bir təhlükəsizlik təminatı olmayan taksilərə minməməklə bağlı hardansa məsləhət almışdılar. Ərəblərlə taksiyə minən cavan qızlar və onların əməlləri azərbaycanlı sürücüləri ən çox qıcıqlandıran situasiya imiş. Buna görə dəfələrlə maşından düşürülən, döyülən ərəblər olubmuş sən demə. Amma ağrısını sürücülər çəkib: çalışdıqları taksi firmasından qovulub, polisə düşüb, get-gələ salınıblar. Demək olar ki, hamısı da bu durumda azərbaycanlı gənc qızların, qadınların ərəblərin qabağında düşdüyü rəzil durumdan şikayətçidir. Viaqra qəbul etdiyi üçün durumu pisləşən ərəbi xəstəxanaya çatdırma hekayəsindən tutmuş, sevgilisi tərəfindən döyülən ərəbi qoruyan gənc qızın yaşadıqlarına qədər... Bakının arxa küçələrində, gecə həyatında film kimi hadisələr baş verirmiş, xəbərimiz yoxdu. Sürücü bu situasiyanı belə özətləyirdi: ərəb ölkəyə pul gətirdi, amma papağımızı da başımızdan alıb apardı.

Bir də taksi firmalarının sürücüləri istismar hekayəsi varmış. Sayı gündən-günə artan, bir-birilə rəqabət aparmaq üçün az qala kilometri 20 qəpiyə tarif müəyyənləşdirən firmaların mətbəxindən də xoş olmayan qoxular gəlir. Sürücülərdən haqq alıb, gələn müştəri sifarişlərini onlara yönləndirmə halları son zamanlar daha da çoxalıb. Ayda 60-100 manat qarşılığında firmalar sürücüləri sifarişlərə yönləndirirlər. Məsələn, sürücü Nizami metrosu yanındadır, sifariş də o həndəvərdən gəlir. Amma firmanın haqq aldığı sürücü 20 yanvar tərəfdə olsa da, sifariş ona yönləndirilir. Müştəriyə də 5-10 dəqiqə gözləmək qalır. Nəticə: rüşvət qazanır...

Sürücü yazdığım bütün bu hekayələri bu və ya digər formada çəkib, yayıb, ifşa edib. Taksi firmasında başına gələnləri sübut edib məsələn. Gələn sifarişlərin kodunu əldə edib, həmin vaxt hansı sürücünün harda olduğunu təsdiqləyəndən sonra iddiasını əsaslandırıb. Ərəblərlə bağlı bir çox detalı çəkib, səs və video görüntülərlə sosial şəbəkədə yayıb. Deyir, bir videosunu youtube-də 5 mindən artıq adam izləyib.  Gecə klublarının qabağında imkanlı adamların sərxoş vəziyyətdə çıxardığı hoqqalarla bağlı əlində nə qədər video var. Yəni, adam eyni vaxtda araşdırmaçılıq, reportyorluq və paparatsilik edib. Səbəbini soruşuram. Deyir, “bunu kimsə yaymalıdır ki, camaat xəbər tutsun. Jurnalistlər etsə, həbs edəcəklər min bir bəhanə ilə. Taksiçi edəndə isə “avara adamdı da, qoy etsin” deyirlər. Necə deyərlər, jurnalistika ölür, əvəzində sərbəst azad “jurnalistlər” qazanır. Gerçək jurnalistləri qorumaq üçün zorən jurnalistlər ordusu yaranır. Belə bir gülməli məmləkət...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR