İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh sazişi imzalanmasa, azad olunmuş ərazilərdə xarici və yerli investisiyanın cəlbi çətin olacaq”

9235 16.09.2022 08:20 KİVDF layihələri A A

Rəşad Həsənov: “Özəl sektor anlamalıdır ki, həmin ərazilərə yatırdığı sərmayələr dövlət təminatı altındadır”

2021-ci il bir çox mühüm və əlamətdar hadisələrlə də yadda qaldı. Təbii ki, ən yaddaqalan hadisə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin, yəni Zəfərimizin ildönümünün qeyd olunması idi. Dünya Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etməyə məcbur oldu, halbuki münaqişə və müharibədən əvvəl bu barədə danışmaq mümkünsüz idi.

Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar tərəfindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb. Hazırda bölgədə bu istiqamətdə işlər necə gedir? Erməni silahlı qüvvələrinin son hücumları bölgədə leallaşdırılacaq layihələrə maneçilik törətmir ki?  Yeri gəlmişkən, ekspertlər hesab edir ki, işğaldan azad olunmuş ərazilərin inkişafı istiqamətində beynəlxalq təcrübənin istifadəsi əhəmiyyətlidir. BMT-nin FAO təşkilatının İraq və Əfqanıstanda müharibədən sonrakı dövrdə aqrar sahədə iri həcmli layihələr həyata keçirmək təcrübəsi var. Kənd təsərrüfatı sahəsində dayanıqlığın və bərpanın təmin edilməsi, deqradasiya olunmuş torpaqların bərpası və su ehtiyatlarından daha səmərəli istifadə, kiçik fermer təsərrüfatlarının davamlı məhsuldarlığının təmin edilməsi kimi layihələrdən əldə edilmiş təcrübələrin ölkəmizdə də istifadə imkanlarını qiymətləndirmək mümkündür.

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “Yeni Müsavat”a bunları şərh etdi: “2020-ci ildən sonra bu bölgələrin bərpası ilə bağlı gözləntilər əhəmiyyətli şəkildə artıb. Həmin ərazilərin bərpa prosesinin daha səmərəli şəkildə qurulması, eyni zamanda bu ərazilərdə həyata keçirilən layihələrin şəffaflığının təmin edilməsi, layihələr üzrə dövlət vəsaitlərindən səmərəli xərclənməsinin təmin edilməsi istiqamətində gözləntilərin daha da artmasına gətirib çıxarıb. Çünki həmin ərazilərin bərpası üçün kifayət qədər vəsaitlər lazımdır. Bunu peşəkar şəkildə idarə etmək üçün əlverişli mühitin formalaşmasına ehtiyac var. Oradakı idarəetmə sistemi ilə bağlı yeni yanaşmaların elementlərini görmək olur. Amma digər sahələrdə dəyişiklik yoxdur.  Xüsusilə də investisiya layihələrinin həyata keçirilməsi, dövlət vəsaitlərinin istifadə edilməsi və sairə istiqamətdə. Burada obyektiv faktorlar da var.  Həmin ərazilərin iqtisadi inkişafı dövlət-özəl, xüsusilə ölkə kənarından cəlb edilən xarici investisiyalardan əhəmiyyətli dərəcədə asılıdır. İnvestora münasibətdə təminat mexanizmlərinin formalaşdırılması zəruridir. Bunlardan birincisi sülh sazişinin olmasıdır. Azərbaycan hökumətinin özü də zaman-zaman müəyyən şikayətlər edir ki, xarici fondlar, maliyyə institutları Qarabağda həyata keçirilən layihələrə vəsait ayırmırlar. Amma burada nəzərə almaq lazımdır ki, dünya praktikasında bəyanatla həll edilən məsələ, yaxud da bəyanat nəticəsində dayandırılmış münaqişələr başa çatmış münaqişə hesab olunmur. Bunu müəyyən dövrdə baş verən hadisələr də, xüsusilə son sentyabr hadisələri də bir daha göstərdi”.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

Ekspert qeyd edir ki, sülh sazişi olmayınca, bura nəinki xarici investisiya, yerli investisiyanın cəlb edilməsi imkanları da məhdud olacaq: “Obyektiv faktorlardan biri bundan ibarətdir. İkinci məsələ, Azərbaycan hökumətinin bu istiqamətdə vahid və aydın strategiya formalaşdıra bilməməsidir. Həmin ərazilərdə mülkiyyət hüququ və sair məsələlər hələ də öz həllini tapmayıb. Torpaqlar istifadəyə necə verilməlidir, əmlak qeydiyyatı necə aparılır, təminatlar nədir, bunların heç biri yoxdur. Bu olmadığı təqdirdə gecikmələr, prosesin zəif olması başa düşüləndir. Başqa bir məqam, burada təminatlar məsələsidir. İstənilən halda biz desək də, müharibə başa çatıb, amma faktlar göstərir ki, risklər vardır. Həm xarici, həm daxili investora münasibətdə təminatlar verilməlidir. Özəl sektor anlamalıdır ki, həmin ərazilərə yatırdığı sərmayələr dövlət təminatı altındadır. Bunun üçün investisiyaların sığorta edilməsi mexanizminin yaradılması, eyni zamanda bank vəsaitlərinin həmin bölgələrə cəlb edilməsində dövlət təminatının olması vacibdir. Yəni əgər biz deyiriksə, həll etmişik, problem yoxdur, bunun arxasında da dayanmalıyıq. Və bu təminatları verməliyik. Yaxşı olardı ki, təminat xərcləri və sığorta haqları dövlət tərəfindən ödənilsin. Daha az vəsait xərcləməklə kifayət qədər böyük vəsaitlərin həmin ərazidə axınını təmin edib və prosesi sürətləndirə bilərik. Amma təbii ki, burada ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi əsas məsələdir. Sürətindən asılı olaraq, bu istiqamətdə əldə edilən nailiyyətlərdən asılı olaraq işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişaf strategiyasında daha çevik, daha səmərəli nəticələr əldə ediləcək”.

 Afaq MİRAYİQ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR