İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada Rusiyaya köçən ailənin torpağında qanunsuz ev tikiblər - FOTOLAR

2490 23.01.2017 18:00 Sosial A A
Quba rayonu Alpan kəndində yaşayan Bayramova Naibə Becan qızı redaksiyamıza şikayət məzmunlu məktub ünvanlayıb. 

Şikayətçi xanım iddia edir ki, ona məxsus olan torpaq sahəsində başqa insanlar ev tikib və yaşayırlar. 

Naibə Bayramova məktubda deyir ki, ailə üzvləri ilə birgə Rusiyaya köçməsindən istifadə edən şəxslər ona məxsus olan torpaq sahəsində ev tikiblər: "Hüququm pozulduğuna görə 2016-cı ilin avqust ayında Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Quba rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə 28 oktyabr 2016-cı ildə bizim və əks iddiaçıların (Fətəliyev Əhməd Əli oğlu və Fətəliyeva Mehmanbanu Əziz qızı) işimizə baxılaraq, haqlı olduğum halda, mənim ziyanıma, əks tərəfin xeyrinə qərar çıxarılıb". 

Naibə Bayramovanın sözlərinə görə, onlara məxsus 0.16 hektar həyətyanı torpaq sahəsi Rusiya Federasiyasının Novosibirsk şəhərində olan zaman zəbt edilib: "Kənddə olmamağımızdan istifadə edilərək torpaq sahəmiz Fətəliyev Əhməd Əli oğlu tərəfindən daşla hasara alınıb və orada ev inşa edilib. Onu da qeyd edim ki, həmin yerin 0.12 hektarını bizdən “bağışlama” adı ilə satın almaq barədə Fətəliyev Əhməd və onun yoldaşı Mehmanbanu ilə söhbətimiz olmuşdu və yerə görə 100 dollar beh də bizə verilmişdi. Lakin 1998-ci ildən 2016-cı ilə kimi torpağın pulunu müxtəlif bəhanələrlə verməkdən yayındılar və Rusiyada yaşamağımızdan istifadə edərək mülkiyyətimizi mənimsəyib ev inşa ediblər. Pulumuzu vermədiklərinə görə aramızda notariat qaydada alqı-satqı əməliyyatı da aparılmayıb". 

Şikayətçi bildirir ki, heç bir ödəniş almadıqları halda məhkəmədə onlara pul verdiklərini deyiblər: "Bütün bunlara baxmayaraq, məhkəmənin gedişatı zamanı qarşı tərəf guya bizə hissə-hissə 10000 manat pul verdiklərini bildirdilər. Bu zaman mən hakim Elman Əhmədova dedim ki, 100 dollar behdən savayı bizə heç bir manat da pul verilməyib. Hətta bu yaxınlarda yerimizi zəbt edən Əhmədlə Mehmanbanu Alpan kəndinin icra nümayəndəsi Tofiq Qubatovun yanına gedərək bildirmişlər ki, zəbt etdikləri yerə görə bizə 6 min manat vermək istəyirlər, ancaq biz onlardan 8 min manat istəyirik. Mən də yerimin zəbt edilməsi barədə Tofiq Qubatova rəsmi şikayət etmişdim. O, mənə demişdi ki, "6 min manatı alıb, yeri notarial qaydada onlara ver". Bir neçə gün gözləsək də onlar dedikləri pulu verməkdən yayındılar. Belə olduqda Tofiq Qubatov mənə məhkəməyə müraciət etməyi məsləhət görüb, ərizəmə rəsmi cavab verdi". 

N.Bayramova iddia edir ki, məhkəmədə onun verdiyi bu məlumatlar hakim tərəfindən nəzərə alınmayıb: "Mən bunu məhkəmə qərarı çıxdıqdan sonra bildim. Əlavə məlumatlar əsasında müəyyən etdim ki, qarşı tərəf müəyyən adamlardan istifadə etməklə məhkəmədə mənim iddiamı rədd edən qərarın çıxarılmasına nail olublar. Onsuz da qarşı tərəf və onlara yaxın olan adamlar pulla hər bir iş görməyin mümkün olduğunu və məhkəmə vasitəsilə buna nail olacaqlarını bildirirdilər. İndi onlar apelyasiya şikayəti verdiyim zaman ilkin məhkəmə qərarının mexaniki olaraq Sumqayıt məhkəməsində təsdiqlədəcəklərini deyirlər. 

Məhkəmə qərarının təfsilat hissəsində hakim Elman Əhmədovun qarşı tərəfi haqlı çıxarmağa səy göstərdiyi aydın hiss olunurdu. Belə ki, vaxtında notarial əməliyyatın tərəflər arasında aparılmamasına səbəb kimi ailə üzvlərindən Bayramov Emin Tahir oğlunun adının “Bayramova Əminə Tahir qızı” kimi olduğu bgöstərilir. Hansı ki, az-çox bu cür işlərdən başı çıxanlar bilir ki, şəhadətnamədəki belə səhvləri rayon torpaq şöbəsində bir an içərisində düzəliş edilərək möhürlə təsdiqləyib verirdilər. Deməli, notarial əməliyyatın aparılmamasının səbəbi həmin adın səhv yazılması deyil, alıcının torpaq sahibinə pulunu verməməsi olub. 

Hakim isə təfsilat hissədə qarşı tərəfin bizə pul verməsini sanki gözü ilə görmüş kimi əsaslandırmağa çalışır. Hətta bu haqda ortada təsdiqedici sənəd olmasa belə, Azərbaycanın məhkəmə təcrübəsindən savayı Belçika və Bolqarıstan məhkəmələrindən də sitatlar gətirir. Lakin bu zaman ədalət ilahəsi “Femida”nın işin həlli zamanı ədaləti əsas götürməsi pirinsipini unudur".

Şikayətçi xanım qarşı tərəfin ev inşa etdiyi torpaq sahəsinin ardıcıllıqla 2016-cı ilə qədər vergisini verib: "Bu haqda qəbzlərin surətini məhkəməyə təqdim etmişəm. Hakim məqsədinə müvafiq olmadığına görə bu fakta da hüquqi qiymət vermədən qarşı tərəfi müdafiə edib. Əlavə olaraq bildirirəm ki, yerli hakimiyyət nümayəndəsi Tofiq Qubatovun şikayət ərizəmə cavab olaraq, mənə verdiyi məktubun məzmunundan da görünür ki, torpağımızı zəbt edənlər bizə pul verməyiblər". 

Məhəmməd Türkmən,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR