İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ döyüşçüsünün 10 yaşlı qızının gələcəyi sizin əlinizdədir - VİDEO, FOTOLAR

3670 14.12.2016 15:51 Sosial A A
Elə bir ölkədə yaşayırıq ki, nə yeyəcəyini çeşid bolluğundan seçə bilməyənlər də var, heç bir seçimi olmayanlar da... Kasıb ilə varlı arasında böyük uçurum var. 

Azərbaycanda pul hər bir qapını təpiklə açdığı üçün varlılar üçün qanun önəmli deyil. Qanun kasıblar üçündür. Çünki qanuna əməl etmək tələb edilən də onlardır, qanuna ümid bəsləyənlər də... Kasıbın dərdini məmurlar eşitməyəndə onların sığınacaqları tək şey Allah olur, "Şükür edib" həyatlarına davam edirlər. 

Bu gün sizlərə oxşar durumda olan bir ailədən bəhs edəcəyik. Piriyevlər ailəsinin başçısı Qurban Piriyev 2 il öncə dünyasını dəyişib. Həyat yoldaşı Xəzəngül Piriyeva 2 qız övladı ilə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 127 ünvanında yaşayır. Ailənin 10 yaşlı qızlı Fatimə dünyaya fiziki məhdudiyyətli gəlib. 

Uşaq serebral iflicindən əziyyət çəkən Fatimənin müalicəsi üçün atası çox çalışıb. 8 yaşına kimi reabilitasiya mərkəzinə gedib-gələn Fatimədə çox inkişaf olub. İnsanlara alışıb, əlindən tutan zaman yeriyə bilib, aqressiyası azalıb. Amma 8 yaşından sonra mərkəzdə Fatimənin artıq yaş limitini aşdığını deyib, ona qapını göstəriblər. 

İki ildir ki, reabilitasiya mərkəzinə aparmaq mümkün olmayan Fatimədə hiss ediləcək qədər geriləmə var. Hər yerə kömək üçün müraciət edən ailənin əli hər şeydən üzülüb. Məmurlar, "Büdcədə pul yoxdur" deyib, çarəsiz ailəni yola verirlər. 

Reabilitasiya mərkəzləri də Fatiməni qəbul etməkdən boyun qaçırıblar. Bəziləri isə onsuz da kasıb olan ailədən pul tələb ediblər. Xəstə övladını tək qoymamaq üçün işləyə bilməyən çarəsiz ana övladlarını az miqdarda aldığı maddi yardımın, qonşuların, xeyirxah insanların köməkliyi ilə saxlayır. 

Xəzəngül Piriyeva 67 manat qızının xəstəliyinə, 60 manat sosial yardım, 113 manat da dünyasını dəyişmiş Qarabağ döyüşçüsü olan həyat yoldaşına görə dövlətdən pul alır. Bu pulları bir yerə toplayanda 240 manat edir. Manatın hər gün daha da dəyərsizləşdiyi dönəmdə bu pulla necə dolanmaq olar? 

Çarəsiz ana deyir ki, gözləri önündə uşaqları məhv olub gedir: "Fatimənin daimi evdə qalması həm ona, həm də digər qızıma ziyan vurur. Çünki Fatiməyə tək qalmaq olmaz. Elə olanda darıxır, sıxılır, özünə ziyan verir. Keçən dəfə əllərini dişləyib. Bəzən qışqırır, digər qızım ona görə qorxur. Ona da pis təsir edir. İkinci qızımın gözündə problem var. Ona çanta daşımaq olmaz. Ona görə də, məktəbə gedib-gələndə çantasını mən daşıyıram". 

Xəzəngül Piriyeva deyir ki, qızına mütləq reabilitasiya mərkəzi lazımdır: "Hara gedirəm geri qaytarırlar. Deyirlər ki, "Apar uşaq evinə qoy". Mən anayam axı, bunu necə edim? Cəmiyyətimiz qəribədir. Uşaqla küçəyə çıxıram, harasa aparıram. Mənə qəribə baxırlar. Bəzən elə danışırlar ki, bu mənə pis təsir edir. Fatimə hələ də pampersdədir. Hər dəfə harasa aparıb-gətirmək çətin olur. Reabilitasiya mərkəzləri uzaqdadır. Yaxında olanlar ya pul tələb edirlər, ya da mən apara bilmirəm. Çünki taksi ilə hər dəfə aparıb-gətirmək çox xərc tələb edir. Mən onu qarşılaya bilmirəm". 

"Ataları sağ olsaydı belə olmazdıq" deyən Xəzəngül xanım, sözlərinə belə davam etdi: "O, sağ olanda qızı üçün vuruşurdu. Əlindən gələni edirdi ki, Fatimə yaxşı olsun. Artıq o da yoxdur. Tək başına çətinlik çəkirəm. Heç olmasa müalicə prosesi davam etsə, özü-özünü idarə edə bilsə mənim işim yüngülləşər. Mən bu gün varam, sabah yoxam. Gec-tez mən də öləcəyəm. Bacısına yük olmasın. Yoldaşım 2 il Qarabağda döyüşüb, Zəngilan rayonundan qaçqın düşüb. Amma onun nə qaçqın olmasına, nə də Qarabağda döyüşməsi görə heç bir yardım almırıq. Heç evimiz belə, yoxdur. Yaşadığım bu ev qardaşıma aiddir. Maddi imkanım olsaydı, övladlarıma daha yaxşı baxardım, amma yoxdur". 

Ailəyə, 10 yaşlı Fatiməyə yardım etmək istəyənlər üçün 

Access Bankda müştəri kodu: 7001771694, Piriyeva Xəzəngül Tarix qızı

Əlaqə telefonları: 012-440-42-91
                              055-607-34-70

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar və video müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR