İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətin “varlı çox ödəsin, kasıb az” prinsipi...

4596 13.01.2017 19:51 Sosial A A
Hökumətin son dövrlərdə kommunal xidmətlər və bəzi məhsullarla bağlı apardığı qiymət siyasəti əsasən varlıların daha çox ödəniş etməsinə yönəlib. Məsələn, elektrikdən və qazdan daha çox istifadə edən, limiti keçən varlı təbəqə daha çox pul ödəməlidir. “Avtomobilinə yüksək oktanlı benzin vuran imkanlı şəxslər daha çox pul xərcləməlidir” kimi əsaslandırmaları son vaxtlar tez-tez eşidirik. Təbii ki, bir çox hallarda bu sözlər sadəcə kağız üzərində qalır. Məlum qərarlardan kasıblar da, orta təbəqə də əziyyət çəkir. 

Bəs, ümumiyyətlə, qiymət siyasəti ilə bağlı bu cür yanaşma doğrudurmu? Xarici təcrübədə belə hallar varmı?

Musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli məsələni belə şərt etdi: “Əslində diferensiallaşmış vergi siyasəti dünyanın bir çox ölkələrində var. Məsələn, ABŞ-da belə müəyyən şkalalar var. İllik 80 min dollara qədər olanlar bir cür vergi ödəyir, 80-120 min dollar arası qazancı olanlar başqa faizlə vergi ödəyir. 120-200 min arası illik gəliri olanlar isə daha yüksək ödəyir. 250 min dollardan çox illik qazancı olanların vergiləri daha çox yüksəkdir. Bir çox ölkələrdə bu cür şkalalar mövcuddur. Bizdə problem ondan ibarətdir ki, insanların heç də hamısının gəlirləri şəffaf deyil. Bizdə varlı kimdir? Rəsmi şəkildə milyonçular varmı? Problem buradan başlayır. Şəffaf maliyyə və vergi sistemi olsaydı, o zaman bəlli olardı ki, kimlər varlıdırlar, kimlər daha çox vergi ödəməlidirlər, dövlət büdcəsinə ödənişlər etməlidirlər”. 

Ekspertin fikrincə, kommunal xərclərdə bu yanaşma özünü doğrultmadı: “Hətta bir-iki otaqlı evlərdə yaşayanlar, yeni tikilmiş və hələ qaz verilməmiş yeni binalarda yaşayanlar elektrik enerjisindən həm istilik, həm də yemək bişirmək üçün istifadə edənlərə ayın sonunda 150 manatdan artıq elektrik borcu gəldi. Bu insanların ödənişlərində birdən-birə 30-35 faiz artım oldu. Biz onları varlı adam saymalıyıqmı? Xeyr. Bu məsələdə dövlətin də üzərinə düşən öhdəliklər olmalıdır. Həmin binalarda normal mərkəzləşdirilmiş istilik sistemi, qazlaşdırma olsaydı, o binalar təhvil alınsaydı, qaz verilsəydi, həmin insanların ödənişi bu qədər artıq olmazdı. Bu mənada sözügedən siyasət Azərbaycan üçün uyğun deyil. Bizdə bilinmir ki, varlı kimə deyilir. Hələ ki, belə bir diferensiallığın aparılması üçün rəsmi metod yoxdur”. 

Natiq Cəfərli qeyd etdi ki, ilk növbədə ölkədəki varlı insanları müəyyən etməyin metodu tapılmalıdır: “Azərbaycan elə bir ölkədir ki, rəsmi bir milyonçusu yoxdur. Azərbaycan milyonçularının hamısı Rusiyada fəaliyyət göstərirlər. O baxımdan bizdə ilk növbədə “varlı kimdir” sualına cavab axtarılmalıdır. Söhbət bahalı maşınları sürənlərdən gedirsə, məlum olacaq ki, həmin maşınların böyük əksəriyyəti məmurlara və onların ailə üzvlərinə aiddir. O zaman sual ortaya çıxacaq ki, bu maşınları hansı vəsaitlə alıblar? Bu mənada şəffaflıq artmadıqca belə yanaşma ilə diferensiallaşmış vergi və ödəmə sisteminə keçmək doğru deyil. Çünki belə olan halda aşağı səviyyəli gəlirləri olan insanlara da ciddi ziyan dəyir. Bu yanaşma həll olunmadan xarici təcrübəni tətbiq etmək doğru deyil. Ən azından şəffaflıq artmalıdır. Kasıb sinfin, orta sinfin, varlı sinfin təsnifatı aparılmalıdır. Bu günə qədər də belə bir təsnifat yoxdur ki, bu siniflərə kimlər aiddir”. 

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR