İnsanlara hürriyət, millətlərə istiqlal!

Şaxtalı havalar gəldi... Bakı donacaqmı?

8336 24.11.2014 17:40 Son xəbər A A
Yenə payız  gəldi, havalar soyudu, Bakının ənənəvi təbii qaz və elektrik enerjisi problemi başladı. Bir neçə gündür ki, sosial şəbəkələr “elektrik kəsildi”, “qaz yoxdur” xəbərləri ilə silkələnir. Yazılan rəylərə baxsaq, görərik ki, nəinki Bakıətrafı qəsəbələrdə, şəhərin mərkəzində belə ayrı-ayrı bölgələrdə təbii qazın təzyiqi zəifdir, mənzillər normal qazla təmin olunmur. 
Aidiyyatı qurumların mətbuat xidmətləri isə Bakıda belə bir problemin olmadığını bildirirlər. 
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Yeni Müsavat”a açıqlamasında  bildirdi ki, quruma son günlərdə kütləvi şikayət daxil olmayıb: “Bakının elektrik enerjisi ilə təchizatında hər hansı problem yoxdur. Belə bir problem varsa, bizə konkret ünvan göstərməklə şikayət edilsin və vaxtında problemi araşdırıb həll edək. Yalnız ötən gün Xətai rayonu, Gəncə prospektində əməkdaşlarımız elektrik enerjisinin verilməsini 20 dəqiqəlik dayandırmışdılar. Bu da sırf texniki səbəbdən idi. Ancaq digər rayonlarla bağlı hər hansı bir məlumat daxil olmayıb. Bizim 199 nömrəli qaynar xəttimiz var, niyə abonentlər bu qaynar xəttə müraciət etmirlər?  Bizə fərdi qaydada müraciətlər olur və dərhal aradan qaldırılır. Bu gün isə heç bir şikayət daxil olmayıb. Mən xahiş edirəm ki, müraciət edənlər dəqiq ünvanı yazsınlar, küçəni və mənzilin nömrəsini qeyd etsinlər ki, operativ ölçü götürülsün”. 

 "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev qeyd etdi ki, tərəfimizdən hər nasazlıq aşkarlanmayıb: “Bizə abonentlər tərəfindən fərdi qaydada müraciət olunur və biz də həmin nasazlığı aradan qaldırırıq. Ümumilikdə isə ölkə üzrə təbii qazın verilişində hər hansı nasazlıq yoxdur. Təbii qazın verilməsində təzyiq tərəfimizdən tənzimlənir. Mütəmadi olaraq qaz kəmərlərinin üzərindəki qaz tənzimləyici şkaflardan yerli qaz istismar sahələrinin nümayəndələri bunu tənzimləyirlər ki, bütün mənzillərə eyni qaydada qaz verilsin. Bununla belə, qaz kəmərlərində, qaz verilişində nasazlıq, təzyiqdə zəiflik müşahidə olunursa, müraciət edəndə dərhal tərəfimizdən tədbirlər görülür. Xidməti qaynar xətlərimiz 104 və 185 –dir. Hansısa mənzildə qaz zəif gəlirsə, bu kütləvi hal deyil. Kimin bununla bağlı problemi varsa, bizə müraciət etsinlər və lazımi tədbirlər görülsün.  ”

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə əhalinin elektrik enerjisi, təbii qazla təminatında mütəmadi olaraq istehlakçıların hüquqlarının pozulduğunu bildirdi: “Biz hər il bu aylarda abonentlərin elektrik enerjisi, təbii qaz və istilik sistemi ilə təmin olunmasını monitorinq edirik, ayrı-ayrı yerlərdə sakinlərin şikayətlərini dinləyirik. Ümumilikdə onu demək istərdim ki, qazın təzyiqi sabit olmalıdır. Yay mövsümü, qış mövsümü anlayışı yoxdur, əhaliyə sabit, standarta uyğun qaz verilməlidir. Başqa heç bir ölkədə mövsüm anlayışı yoxdur. Azərbaycanda belə bir standart var. 
Biz neçə il öncə bu dövlət qurumlarına bildirmişdik ki, işıq, qaz məsələsi  bir qurumun əlində olmalıdır. Məsələn, rayonlarda hər hansı kəndə qaz verilmirsə, orada işığı da kəsirlər və faktiki olaraq insan həyatı üçün çox çətin vəziyyət yaranır. Bəs, bu vətəndaşlar nə etməlidir? Bir insanın həm işığını, həm də qazını kəsirsənsə, o da əlinə balta götürüb gedib meşənin ağaclarını qıracaq ki, istiliyi olsun. əgər bunlar bir qurumun əlində olsa biləcək ki, hara qaz verilməsi dayandırılıb, o ərazini mütəmadi işıqla təmin edəcək. Ancaq bu anormal vəziyyət hələ də Azərbaycanda davam edir və istehlakçıların hüquqları birmənalı şəkildə pozulur. Təəssüf ki, istehlakçıların hüquqları onlarla bağlanan müqavilələrdə də göstərilmir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda da göstərilir ki, bazarda inhisarçı qurum istehlakçını fasiləsiz və keyfiyyətli xidmətlə təmin etməlidir. Adını çəkdiyimiz qurumlar da hər ikisi bazarda monopolist qurumdur və istehlakçıların hüquqlarını ciddi şəkildə pozurlar. Elektrik enerjisindən istifadə qaydalarında göstərilir ki, istehlakçıya standart keyfiyyətə uyğun elektrik enerjisi verilməzsə, o zaman ayın sonunda təchizatçı tərəf istehlakçıya ödədiyi pulun  25%-ni qaytarmalıdır. Lakin bu qaydanın pis tərəfi odur ki, elektrik enerjisinin keyfiyyətini təchizatçı tərəf  ölçür. Yəni, istehlakçıya elektrik enerjisi standarta uyğun verilməsə belə,  onun tərtib etdiyi akt qəbul olunmur. Bu kimi anormal hallar var. Bugünə kimi bircə dəfə də görməmişik ki, təchizatçı tərəf istehlakçıya ödədiyi puldan nəsə qaytarsın. Problemin kökündə isə istehlakçıların hüquqlarını qoruyan qanunların mükəmməl olmaması, bu qanunlara nəzarət edən qanunların seyrçi mövqeyidir. Məsuliyyətin müəyyən olunmadığı yerdə həmişə qanun pozuntusu və aldatmalar olur”. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR