İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın patronajlığı davam etdikcə, Qarabağdan patron səsi gələcək

3425 21.06.2016 08:55 Son xəbər A A
Tanınmış politoloq Şahin Cəfərli Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən Qarabağ danışıqlarına dair görüşünün nəticələri barədə fikirlərini yayıb. Musavat.com politoloqun sosial şəbəkədəki səhifəsində paylaşdığı statusu oxucularına təqdim edir:

***

Sankt-Peterburq görüşünün nəticələri barədə ilkin dəyərləndirmə:

1. Qarabağ diplomatik cəbhəsində dəyişən bir şey yoxdur. Vyana-Peterburq görüşləri göstərdi ki, aprel döyüşlərinin münaqişənin həllində pat vəziyyətindən çıxılacağına dair yaratdığı ümidlər özünü doğrultmadı.

2. ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılıq "təmas xəttində müşahidə və insidentlərin araşdırılması mexanizminin yaradılması" kontekstində qəbul olunmuş deklarativ qərardır. Ortada qarşılıqlı hüquqi öhdəlikləri əks etdirən hər hansı sənəd olmadığı üçün bunun praktik təsiri az olacaq və ya heç olmayacaq.

3. Təmas xəttində bəhs olunan mexanizmin yaradılmasına dair hüquqi bağlayıcılığa malik sənədin imzalanmaması müsbətdir. Bu, o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri son aylarda tətbiq etdiyi və işğalçını rahatsız etməyə, yeri gələndə ona lokal zərbələr endirməyə yönəlmiş taktikasını davam etdirə bilər. Lakin bu, heç də torpaqların azad olunmasına əsas yaratmır, Rusiya bizim üçün ciddi çəkindirici amil olaraq qalır.

4. Münaqişənin həlli prosesi növbəti qeyri-müəyyənlik mərhələsinə qədəm qoyur, tunelin ucunda işıq görünmür. Bu, əlbəttə ki, çox pisdir, lakin hər şərdə bir xeyir var prizmasından yanaşanda, pozitiv tərəfini də görmək olur. Hazırkı regional geosiyasət şəraitində bu münaqişə o zaman həll olunar ki, bəsit ifadə etsək, Azərbaycan Rusiyanın gözləntilərini qarşılasın, onun inteqrasiya layihələrinin bir parçasına çevrilsin. Lavrov aprel döyüşlərindən sonra bu mesajı açıq şəkildə vermişdi. Lakin proseslər onu göstərir ki, Bakı hələ ki buna getmir, bu da Azərbaycanın maraqları baxımından doğru mövqedir.

5. Qərb hələlik Qarabağ ixtilafının həllinə fəal müdaxilə etməyərək Rusiyanın bu məsələdə dominant rolunu qəbul etmiş durumdadır. 

Əsas səbəblər:

- Rusiyanın münaqişə tərəflərinə real təsir imkanlarına malik yeganə vasitəçi, əsas regional güc olması;

- Tərəflərin özlərinin prosesdə Rusiyanın patronajlığını qəbul etməsi;

- Ermənistanın Rusiyanın bir uzantısı, qeyri-rəsmi anklavı olması gerçəyi ilə bərabər, 
Azərbaycanın da Gürcüstan, Ukrayna və Moldovanın yolu ilə getməyərək qərbyönlü seçim etməməsi və Qərblə siyasi münasibətlərdə araya ciddi məsafə qoyması;
- Bütün bu amillərin də təsiri ilə Qərbin postsovet məkanında Rusiya ilə daha bir gərginlik ocağı yaratmaq istəməməsi və onunla uzlaşması...

YEKUN: Azərbaycanın geosiyasi baxımdan "boz" zonada, təhlükəsizlik baxımından isə "vakuum"da qalması hər hansı strateji problemin həllinə şərait yaratmır. Azərbaycan çətin də olsa, öz yolunu seçməlidir ki, bu yol ən əvvəl daxildə bütün sahələrdə ciddi transformasiyanın başlanmasından keçir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR