İnsanlara hürriyət, millətlərə istiqlal!

"AZADLIQ" QƏZETİ BƏYANAT YAYIB

200210 06.09.2011 17:23 Son xəbər A A

“Azadlıq”ın saytı iki domen üzərindən yayımlanır – www.azadliq.infowww.azadliq.az. Bu ilin aprel ayında haker hücumu ilə www.azadliq.az ünvanı iki dəfə dağıdıldı, bu ünvandakı səhifəyə mənəviyyata və əxlaqa zidd video görüntülər yerləşdirildi. Hər iki halda “Azadlıq”ın domenlə yazışmalar apardığı elektron poçtuna onun şifrəsini sındırmaqla müdaxilə olub və domen saxta məktubla başqa, həmin mənəviyyatsız və əxlaqsız görüntülərin yerləşdirildiyi ünvanlara yönləndirilib.

“Azadlıq” qəzetinin hakimiyyətə qarşı sərt tənqidi mövqeyi və hakimiyyətin azad sözə, tənqidçi jurnalistikaya münasibəti bütün bu hücumların arxasında siyasi sifarişin və Azərbaycan hakimiyyətinin sərəncamında olan xüsusi xidmət qruplarının dayandığına şübhə yeri qoymur.

Görünür, bu cür açıq müdaxilənin “Azadlıq”a qarşı kiber təxribatların məhz hakimiyyətdən qaynaqlandığını daha çılpaq formada göstərdiyi dərk olunduğundan bir qədər sonra hücumun taktikası dəyişdi. Süni yükləmələr hesabına saytın server bağlantısı ağırlaşdırıldı ki, bu da istifadəçilərin saytı ziyarət etməsini çətinləşdirdi.

Aylardır davam edən kiber hücumun nəticəsi olaraq son günlərdə sayta daxil olmaq çətinləşdi, bəzi hallarda isə ümumiyyətlə mümkün olmadı. Saytın fəaliyyətinə nəzarət  edən əməkdaşlarımızın bütün profilaktik tədbirlərinə baxmayaraq sayta girişi tamamilə dayandırmağa yönəlmiş bu kiber hücumun qarşısını almaq mümkün olmadı. Sentyabrın 5-i saat 22 radələrində saytın server bağlantısı tamamilə kəsildi. Saytın fəaliyyətini bərpa etmək üçün aparılan çalışmalar deməyə əsas verir ki, hücumun xarakteri süni yükləmələr, yaxud başqa hücum metodları ilə serverin iş rejimini pozmaqdır.

“Azadlıq” qəzeti hazırda saytın bərpası üçün çalışmaların davam etdiyini bildirməklə yanaşı bəyan edir ki, baş verənlərə görə bilavasitə siyasi hakimiyyəti sorumlu bilir. Hakimiyyətin leqal və ya qeyri-leqal kiber qrupların əli ilə yayılmasını istəmədiyi internet resursları hədəf aldığı yeni xəbər deyil. Müxtəlif saytlardan tutmuş  müxalifət fəallarının “Facebook” profillərinə qədər bir çox internet resursları indiyə qədər belə hücumlarla sıradan çıxarılıb.

Azərbaycan hakimiyyəti, şəxsən ölkə başçısı xüsusən də beynəlxalq birlik qarşısında Azərbaycanda internetin azad olduğunu təkrarlamağı xoşlayırlar. Lakin təkcə “Azadlıq” qəzetinin saytına olan hücumlar Azərbaycanda internet azadlığının da ümumən söz və mətbuat azadlığı kimi sadəcə kağız üzərində və dövlət rəsmilərinin bəyanatlarında mövcud olduğunu deməyə əsas verir.

“Azadlıq” qəzeti Azərbaycan hakimiyyətini beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə əməl etməyə və söz azadlığını boğmaq, internet resurslarına qanunsuz müdaxilə və onları nəzarətdə saxlamaq siyasətindən əl çəkməyə çağırır.

“Azadlıq” qəzeti həmçinin demokratik dünya ictimaiyyətini və beynəlxalq birliyi Azərbaycan hakimiyyətinin yazılı və elektron mediada olduğu kimi internet üzərində də senzura yaratmaq, arzulamadığı informasiya vasitələrini sıradan çıxarmaq siyasətini durdurmaq üçün ona təzyiqləri artırmağa səsləyir”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR