İnsanlara hürriyət, millətlərə istiqlal!

ATİLLANIN QƏBƏLƏDƏKI QIZIL ATI...

11368 21.12.2011 13:32 Son xəbər A A

Başlığı “300 kiloqramlıq qızıl atı Ramiz Mehdiyev kimə hədiyyə edib?” olan yazıda göstərilir ki, Qəbələdə qazıntı aparılan zaman aşkar olunan kurqandan 300 kiloqramlıq qızıl at heykəli, çoxlu qızıl-zinət əşyaları tapılıb və yüksək ranqlı dövlət adamları tərəfindən bölüşdürülüb: “Xəzinə tapıldıqdan sonra Qəbələyə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kamaləddin Heydərov birgə səfər edib. Xatırladaq ki, səfər bu il oktyabrın 17-də gerçəkləşib. Yayılan məlumatlarda rəsmi şəxslərin antik dövrə aid yeni tapılan yaşayış yerinə baş çəkdikləri bildirilirdi. Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev rəsmilərin tapıntılarla tanış olduqlarını, abidənin yaşı və arxeoloji əhəmiyyəti barədə məlumat aldıqlarını demişdi.
Bir-birinə düşmən olan üçlüyün Qəbələyə birgə səfərindən sonra xəzinə tapılması barədə rəsmi açıqlama yayılıb. Hakimiyyət mətbuatı xəzinə tapıldıqdan sonra Qəbələdə Hun imperatoru Atillanın qəbrinin aşkarlandığını bildirdi. Lakin həmin xəbər qısa müddət ərzində yığışdırıldı. Diqqət çəkən məqamlardan biri isə xəzinə barədə Elmlər Akademiyasının Tarix İnstitutunun və Arxeologiya İnstitutunun hər hansı açıqlama verməməsidir. Ölkənin istənilən bölgəsində saxsı qablar belə, tapılarkən telekanallarda bu barədə silsilə verilişlər verildiyi halda, Qəbələ xəzinəsi barədə susqunluq nümayiş etdirildi.
Ehtimal edilir ki, çəkisi 300 kiloqram olan qızıl at heykəlini bu 3 məmur mənimsəyib. Ən məntiqi ehtimal isə budur ki, at İlham Əliyevə hədiyyə edilib. Digər qiymətli əşyaları isə bu üç məmur bölüşdürüb”.

Bu məlumata və yazıdakı ittihamlara münasibət öyrənmək üçün telefon açdığımız rəsmi instansiyalardan yalnız Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənovla danışa bildik. İqtidar sözçüsü “Yeni Müsavat” əməkdaşına deyib ki, qəzetin bugünkü manşet yazısının həqiqətlə heç bir əlaqəsi yoxdur: “Bu, qeyri-ciddi yazıdır, tamamilə cəfəngiyatdır. Orada göstərilənlərin hamısı yalandır”.

Qəzet müxbirinin qənaətincə, 300 kiloqram çəkisi olan qızıl heykəl yalnız böyük imperiyalarda hazırlana bilərdi. Yazının sonunda qəzetin ağır ittihamı yer alıb: “Azərbaycan hakimiyyəti yalnız qızıl atı, xəzinədə tapılan qiymətli əşyaları oğurlamayıb. Eyni zamanda Azərbaycan və Qafqaz tarixinin böyük bir hissəsini oğurlamış olub”. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR