İnsanlara hürriyət, millətlərə istiqlal!

“BALAKHANI OIL COMPANY”DƏN JURNALİSTLƏRƏ BİABIRÇI QADAĞA

2824 16.10.2012 17:43 Son xəbər A A

Bundan sonra “Balakhani Oil Company”nin əmək haqlarını qismən də olsa qaldırılacağı gözlənilsə də, bu baş verməyib. Əvəzində şirkət rəhbərliyi söz və ifadə azadlığını məhdudlaşdırmaqla neftçilərin etirazlarını ictimaiyyətdən gizlətmək yolunu tutub. Belə ki, 3 gün əvvəl neftçilərin artıq iki dəfə etiraz aksiyası keçirdiyi məkanda fotoçəkiliş aparılması qadağandır mənasını verən trafaretlər quraşdırıb.
Qeyd edək ki, neftçilər çalışdıqları şirkəti məhkəməyə verməyə hazırlaşır. Bu barədə “Yeni Müsavat”a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib. Deyib ki, “Balakhani Oil Company” ilə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət ediblər. Çünki həmin şirkət Əmək Məcəlləsinin bir neçə maddəsini pozub. Əsasən 63-cü maddə pozulub. Bu maddəyə görə, mülkiyyətçi dəyişəndə şərtlər dəyişməməli idi. Ancaq işçilərin əmək müqaviləsindəki şərtlər dəyişdirilib. Biz Əmək Müfəttişliyindən cavab gözləyirik. O cavaba əsaslanıb şirkəti məhkəməyə verəcəyik”.
Ardıcıl aksiyadan sonra neftçilər “Balakhani Oil Company” rəhbərliyi tərəfindən hədələnib. Onlardan aksiya keçirməmək və rəhbərlikdən əmək müqaviləsi tələb etməmək tələb olunub.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdik. Müfəttişliyin rəisi Məhərrəm Məhərov bildirdi ki, BOC fəhlələri aksiya və tələbləri haqda rəhbərlik etdiyi quruma vaxtında məlumat verilsə idi, araşdırma apara bilərdilər: “Əgər fəhlələr iş şəraiti, əmək haqlarının azlığı və s ilə bağlı müfəttişliyə müraciət etsəydilər, mütləq şəkildə buna baxardıq. Yaxşı olardı ki, fəhlələr aksiya keçirməzdən əvvəl bu haqda rəhbərliklərinə tələbləri barədə məlumat versinlər. Tələbləri yerinə yetirilməsə, bu haqda müfəttişliyin 142 saylı qaynar xəttinə zəng edib məlumat versinlər, tədbir görək”.
 
Xatırladaq ki, sentyabr ayında fəhlələr 2 dəfə aksiya keçirib. Hətta sonuncu dəfə onlar bir neçə saatlıq tətil də edib. Aksiya iştirakçıları maaşlarının azlığından, iş şəraitinin ağırlığından, yeni rəhbərliyin işçilərə münasibətindən şikayətçidir. Neftçilər həmçinin sosial sığortalarının olmamasından, onlarla bağlanan əmək müqaviləsinin müddətli olmasından və surətinin onlara verilməməsindən, maaş kağızlarının onlara göstərilməməsindən narazılıq edirlər.

E.HÜSEYNOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR