İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyxin qazi təyinatı şimal bölgəsində niyə narazılıq doğurub?

3406 29.04.2014 15:48 Son xəbər A A
Redaksiyamızın elektron poçtuna Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadədən şikayət daxil olub. Şikayətin müəllifi Qubanın adının çəkilməsini istəməyən sakinidir. Lakin ad bəlli olmasa da məsələnin ictimai əhəmiyyətini və Rusiya amili ilə mümkün ilgiliyini nəzərə alıb ona önəm verməyi qərara aldıq.        

Beləliklə, müəllif yazır: “Şimal rayonlarında əhalinin cəmi 6 %-i cəfəri (şiə), yerdə qalanı isə sünnilərin şafi məzhəbinə mənsub insanlardır. Amma Şeyx həzrətləri cəfəri olan Yaşar Rzayevi bölgəyə qazi təyin edib. Bu da yerli əhali arasında narazılıq yaradıb. Təsəvvür edin ki, Azərbaycanın cənub rayonlarına sünni məzhəbindən olan qazi təyin edilib. Bu mümkünmü?”

Müraciətdə daha sonra yerli orqanların Paşazadə ilə əlaqələrini pozmamaq naminə reallığı gizlətdiyi iddia olunur: “Qusar, Xaçmaz, Quba, Şabran rayonlarındakı rusiyapərəst qüvvələr isə xalqı qızışdırırlar ki, Şeyx sizin balalarınızı şiələşdirmək üçün qəsdən cəfərini qazi təyin edib, ona görə Rusiya bizim xilaskarımızdır. Xahiş edirik, Paşazadənin yarıtmaz siyasətinə hakimiyyət son qoysun. Biz vətənimizi və xalımızı sevirik. Bəlkə o, bunu qəsdən edir? Ya bəlkə onu aldadıblar. Paşazadənin Rusiyanın adamı olduğunu bilirik... Allah günahlarını bağışlasın. Hər halda, inandırıcı deyil ki, o boyda QMİ-nin, Şeyx həzrətlərinin şimal bölgəsinə təyin etməyə sünni məzhəbli adamı olmasın”.

Şübhəsiz, Azərbaycan hansı təriqətə mənsub olmasından asılı olmayaraq bütün azərbaycanlı müsəlmanların, inanclıların vahid vətənidir. İndiyədək də dini-məzhəb  zəminində bir problem yaşanmayıb – buna məkrli qüvvələr israrlı cəhdlər göstərsələr də. Tolerantlıq bineyi-qədimdən toplumumuzu fərqləndirən keyfiyyətlərdən olub. 

Amma indi ölkə olduqca həssas durumdadır. O səbəbə ümid edirik ki, dini qurum, Şeyx həzrətləri şikayətdəki iddialara operativ reaksiya verəcək. Axı söhbət təkcə məzhəblərarası süni narazılıq yaratmaq cəhdindən yox, müraciətdə də deyildiyi kimi, Rusiyanın bölgədəki “təsir agentləri”nin əlinə işləməkdən gedir.    
 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR