İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə “Rəsul Rza” gəmisi istifadəyə verilib

Bu gün Türkiyədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) aldığı “Rəsul Rza” quru yük gəmisində Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin başçılığı ilə nümayəndə heyəti və qonaqlar iştirak ediblər.

AXDG-dən "Report"a daxil olan xəbərə görə, tədbir Türkiyənin Yalova bölgəsindəki “Tersan” tərsanəsində keçirilib. R.Vəliyev AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı, Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmanın yenilənməsi kimi strateji hədəflərin daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə mütəmadi iş aparıldığını vurğulayıb. O bildirib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin xarici sularda fəaliyyəti 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub, 2015-ci ildə nəqliyyat donanmasının 3 gəmisi - “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” gəmiləri Qara dəniz - Aralıq dənizi hövzəsinə göndərilib, ötən ayda isə bu hövzədə istismar edilmək üçün 6 quru yük gəmisi alınıb: "Onlara böyük yazarların və qəhrəmanların adları verilib: “Rəsul Rza”, “Şair Vaqif”, “Şair Sabir”, “Hüseyn Cavid”, “General Aslanov” və “Qafur Məmmədov”. Bununla da Xəzərdənkənar hövzələrdə işləyən gəmilərin sayı 11-ə çatacaq".

Qeyd edək ki, yeni alınan gəmilər Rusiyada inşa edilib, “Natəvan” və “Üzeyir Hacıbəyli” gəmiləri ilə eyni layihədəndir. Dedveyti 5 490 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,8 metr olan gəmilər Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb ediləcək.
Şərh yoxdur