İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın tarixi çıxışı - ABŞ “dünya jandarmı” rolundan geri çəkilir?

3595 22.01.2017 21:04 Siyasət A A
Mehman Əliyev: “Tramp bicdir, o bilir nə deyir”

ABŞ-ı yeni prezidenti Donald Trampın yanvarın 20-dəki inauqurasiya mərasimindəki çıxışı dünya gündəmini zəbt edib. Ağ Evin yeni sahibi əvvəlki ABŞ rəhbərlərindən tam fərqli çıxış edərək, təbliğat kampaniyasında verdiyi vədlərdən bir az da irəli gedib və yalnız Amerika xalqı üçün danışıb. 

Doğrudur, yeni prezidentin çıxışında dünya üçün müəyyən mesajlar da var idi, amma bunlar təhdid dolu deyildi və bir növ, dünyanın əsas güc sahibinin əvvəlki zamanlardan fərqlənən qlobal siyasəti yürüdəcəyinin anonsu idi. Tramp açıq şəkildə bəyan etdi ki, hər şey Amerika və amerikanlar üçündür. O, açıq olmasa da, üstüörtülü şəkildə özündən əvvəlki prezidentlərin fəaliyyətini də tənqid edib. Amerikada işsizlik probleminin artdığını, fabriklərin bağlandığını, ABŞ sənayesinin  böhran yaşadığını, ordunun zəiflədiyini və bu kimi problemlərin aradan qaldırılacağını qeyd edib. Tramp hər şeyin amerikanlar tərəfindən ediləcəyini və yalnız onların işə götürüləcəyini də bildirib. Yeni dövlət başçısı “radikal islamı dünya üzərindən siləcəklərini” də söyləyib. Trampın dediklərinə inansaq, onun dönəmində ABŞ “dünya jandarmı” rolunu oynayan dövlət olmayacaq.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Tramp siyasətçi olmadığına görə bu cür açıqlamalar verib: “O biznes adamıdır, siyasətçi deyil. Tramp bildirir ki, indiyə qədər Amerikanı siyasətçilər idarə edib. Onlar da müəyyən təbəqə olublar və xalqdan uzaq düşüblər, xalqın duyğularını o qədər də hiss etməyiblər. O, mesaj verir ki, xalqın içərisindən gəlmişəm və xalqın hakimiyyətə təsirini təmin edəcəyəm. Tramp onu da demək istəyir ki, Amerika xalqı ölkənin idarə edilməsində iştirak etsin və mən bu şəraiti yaradacağam. Burada əsas söhbət vətəndaşların hökumət üzərində təsirlərini təmin etməkdən gedir və bunu necə edəcəyini gələcək göstərəcək. Amma əsas məsələ amerikanları dövləti idarəçiliyinə dəvət etməkdir. Tramp “radikal islam” dedikdə daha çox İŞİD, “əL-Qaidə” və bu kimi qrupları nəzərdə tutur. Bunları aradan götürməkdən söhbət açılır. Başqa cür Trampın bu yöndəki açıqlamalarını müsəlman ölkələrini təhdid etmək kimi qələmə vermək doğru deyil”.

Ekspert Ağ Evin yeni sahibinin işsizlik və digər məsələlərlə bağlı dediklərinə də toxundu: “Son 15-20 ildə təkcə Amerikanın deyil, digər ölkələrin iqtisadiyyatlarının yaxşı dönəmi deyil. Belə vaxtlarda biznesmenlər öz bizneslərinin təsirini artırmaq üçün müxtəlif yollara əl atırlar. İlk növbədə işçi qüvvəsinin  ucuz olması, vergilərin aşağı salınmasını istəyirlər. Dünyada bu gün prinsipcə iş bölgüsü gedir. Bəzi ölkələrdə turizm və xidmət sektoru inkişaf edir. Məsələn, Yaponiyada 70% bizneslə məşğul olanlar xidmətlə məşğul olurlar. Bu dövlətlərdə xidmət önə çıxıb, istehsal üçüncü dərəcəli dövlətlərə gedib çıxıb. Harada işçi qüvvəsi ucuzdur, vergilər aşağıdır, o ölkələrin iqtisadiyyatı inkişaf edir. Çin və başqa bu kimi ölkələri misal çəkmək olar. Bu da normaldır. Belə vəziyyətdə işsizlik yaranır, çünki fabriklər bağlanır, işsiz qalanlara digər sahələri öyrətmək lazım gəlir. Tramp bicdir, o bilir nə deyir. 2018-ci ildən başlayaraq, dünya iqtisadiyyatında böyük yüksəliş başlayacaq. Bu uzunmüddətli proses olacaq. Belə halda istehsal mallarına, xidmətə böyük ehtiyac olacaq. Tələbat getdikcə artacaq. Bunun təmin olunması üçün yeni iş yerlərinin açılması lazım olacaq. İqtisadiyyatın özü bunu tələb edəcək. Amerikada da eyni proseslər gedəcək. Tramp bunları qəşəng bilir və ona görə də əvvəlcədən bunları edəcəyinin anonslarını verir. Onun bir əziyyəti olmayacaq. Sadəcə, ABŞ və digər ölkələrdə bu proseslər gedəcək. 2017-ci il əslində hazırlıq ilidir. Trampın dövründə iş yerlərinin açılması, iqtisadiyyatın dirçəlməsi real vəziyyətdir. Bu obyektiv durumdur və bunu bilən Tramp buna uyğun da açıqlamalarını verir. Onun biznesini götürsək, böyük əksəriyyəti xaricdədir. Azərbaycan və cürbəcür ölkələrin adlarını çəkmək mümkündür. Amerikada buna normal yanaşırlar. Çünki vergisini verib, şəffaf pulunu qazanır”.

M.Əliyev rəsmi Vaşinqtonun bundan sonrakı dünya siyasətinə də toxundu: “Tramp dünya siyasəti ilə bağlı dediklərində də biclik edir. 2017-ci il həlledici il olacaq. Ona görə də Tramp deyir ki, “radikal islam”la işləri qurtarmalıyıq. Bu əslində onun istəyi deyil. Sadəcə, hazırlanmış bir siyasətdir. Bu ilin sonuna qədər Suriya və İraqda İŞİD-lə məsələ bitməlidir. Bu baxımdan ABŞ çalışacaq ki, bu il bu prosesi bitirsin və gələn ilə saxlamasın. İraq və Suriyada bundan sonra geniş bərpa işləri aparmaq istəyəcəklər. Tramp bilir ki, Amerika əvvəlki kimi hərbi əməliyyatlara vəsait ayırmayacaq, çünki buna ehtiyac da olmayacaq. Əməliyyatlar da o qədər olmayacaq. Daha çox iqtisadiyyat və digər sahələrə vəsaitlər xərclənəcək. Bunları bilən Tramp əvvəlcədən öz istəyi kimi qələmə verir”.


Cavanşir ABBASLI  
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR