İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüstəm İbrahimbəyovun müxalifətə dönüşü

3397 20.01.2017 08:00 Siyasət A A

2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan siyasətinin əsas simasına çevrilən Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyov uzun müddət idi ki, siyasətdən tam çəkilmişdi. Yanvarın 15-də kinorejissor bir yazısı ilə siyasətdə olduğu barədə yenidən mesaj verib. 

Milli Şura sədri, tarixçi professor Cəmil Həsənlinin 65 yaşının tamam olması ilə bağlı yazısı adi bir təbrikə bənzəsə də, məktubun içərisində siyasi notlar çoxdur. Sanki kinorejissor Milli Şuranın fəxri sədri olmasını yaddaşlarda təzələmək, son illərdə passivliyi ilə insanların yaddaşından silinən ismini yenidən geri qaytarmağa cəhd edib. R.İbrahimbəyov ölkədə “möhkəmlənmiş rejimin” olmasından söz açıb və tarixçi professorun mövcud quruluşla üz-üzə qaldığını vurğulayıb və ona olan təhlükələrə işarə vurub. Belə təhlükələrin amansız yatırılma faktları ilə təsdiq olunduğunu kinorejissor qeyd edir. R.İbrahimbəyov ölkənin müxalifət liderlərinin bostanına daş atmağı da unutmayıb. Milli Şuranın fəxri sədri C.Həsənlini demokratik düşərgənin lideri kimi qələmə verərək, onun fəaliyyətinin ölkənin tarixinə düşəcəyindən əminliyini dilə gətirib. Kinorejissor Milli Şura sədrindən sitat da gətirib və deyib ki, “haqlısan, gələcək nəsillər çoxlarının susduğu vaxtda həqiqəti deyənlərin adlarını bilməlidir”.

Kinorejissor əslində təbrikindəki bu cümlələrlə Milli Şurada təmsil olunmasına baxmayaraq, özünü Azərbaycan müxalifətinin lideri sayan AXCP sədri Əli Kərimliyə də mesaj ünvanlayıb və lider kimi tarixçi alimi gördüyünü etiraf edib. Heç şübhəsiz ki, bu məktub Milli Şura daxilində olan AXCP tərəfdarlarını da qıcıqlandırmaya bilməz. Bunun da nəticələrini görmək üçün qarşıdakı zamanı gözləməyimiz kifayət edir...

Xatırladaq ki, R.İbrahimbəyov 2013-cü ilin əvvəllərində rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına vergidən yayınma maddəsi ilə iş açıldığı uçun ölkəni tərk edib. Həmin ilin sonlarında keçirilən prezident seçkiləri ərəfəsində prezidentlik eşqinə düşən kinorejissorun təklifi ilə Rusiyanın projesi olduğu iddia olunan Milli Şura yaradılıb. Ölkənin əsas ana müxalifət partiyaları bu qurum ətrafında birləşərək, onun vahid namizədliyinə çalışsalar da, kinorejissor barəsindəki cinayət işi ilə bağlı ölkəyə gələ bilməmiş, nəticədə C.Həsənli demokratik düşərgənin seçkilərdəki vahid namizədi olmuşdu. Bundan sonra R.İbrahimbəyovun ötən ilin martında qardaşı, xalq yazıçısı Maqsud İbrahimbəyovun ölümündən sonra müvəqqəti Azərbaycana gəlişinə icazə verilib. Lakin o, qardaşının yas mərasiminin ertəsi gün ölkəni tərk edib. 

Cavanşir ABBASLI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR