İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar növbəti dəfə “Suriyadan çəkilir”

2761 19.01.2017 09:41 Siyasət A A

Rusiya ordusunun hərbi texnikası Suriyadan çıxarılır. Son məlumatlara görə, 6 ədəd "SU-24" tipli döyüş təyyarəsi Rusiyaya geri qaytarılıb. Ancaq eyni zamanda Suriyaya yeni hərbi döyüş təyyarələri "SU-25"lər göndərilib.

Rusiya Müdafiə Nazirliyi yanvarın əvvəllərində Rusiya ordusunun bir hissəsinin Suriyadan çıxarılacağını bəyan edib. Rusiya ordusu Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, ordunun bir hissəsi ilkin mərhələdə Suriyadan çıxarılacaq. Bunların sırasında “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisi, “Böyük Pyotr” kreyseri və onları müşayiət edən gəmilər var. 

Qeyd edək ki, ilk dəfə ötən ilin martında Rusiya hərbi hava qüvvələrinə məxsus 30 döyüş təyyarəsinin Suriyadan çıxarıldığı haqda xəbərlər yayılmışdı. Həm indi, həm də ötən il yayılan xəbərlərdə Suriyadan geri çağırılan döyüş təyyarələri arasında əsasən "SU-25"lərin adı qeyd olunurdu. 

Məlum olduğu kimi, "SU-25" təyyarələri SSRİ dönəmində istifadəyə verilmiş, alçaq uçuşlar həyata keçirən, hava və yerdəki hədəflərə qarşı əməliyyat keçirən döyüş təyyarələridir. "SU-25"lərin uçuş və manevr imkanları yüksək qiymətləndirilməsə də, onların əsas üstünlüyü yerdəki hədəflərə raket, bomba və aviasiya topları ilə atəş açmaq imkanına sahib olması, xüsusən də yerdəki hərbi texnika - tank, zirehli maşın, artilleriya qurğuları və canlı qüvvələrə qarşı əvəzsiz silah hesab olunur. Bu qırıcılar Əfqanıstan müharibəsində geniş istifadə olunub və amerikalıların verdiyi “Stinger” raketləri ilə əfqanlar xeyli sayda "SU-25" vurublar. 

Hazırda Rusiya ordusunda və dünyanın müxtəlif ordularında, o cümlədən Azərbaycan ordusunun istifadəsində "SU-25" döyüş təyyarələri var. Rusiyada bu təyyarələrin yenilənmiş modelləri də mövcuddur. 

Suriyada məhz yaşayış məntəqələrində, kiçik hədəflərə qarşı bu təyyarələrdən istifadə olunub. Ancaq görünür ki, rusların artıq Suriyada bu tip təyyarələrə ehtiyacı yoxdur. Rusiya ordusu Suriyada son zamanlar daha çox uzaq məsafəyə uçan bombardmançılardan daha çox istifadə edir. Suriyada daha çox Rusiya "SU-24" bombardmançı təyyarələri və ən yeni nəsil "SU-34" qırıcı-bombardmançıları, eləcə də uzaq məsafəyə uçan "TU-22" təyyarələrindən istifadə edir. Sonuncular Rusiyanın mərkəzindən havaya qalxaraq Suriyadakı İŞİD mövqelərini bombalayaraq geri dönmək qabiliyyətinə malikdir. 

Bütün digər savaşlar olduğu kimi, Suriya müharibəsi də Rusiya üçün yeni silahların sınaqdan keçirilməsi oldu. Rusiyanın bir sıra yeni silah və texnikası ilk dəfə Suriya müharibəsində göründü. Rusların təxminən hər 6-9 aydan bir Suriyadan ordunu çıxarmaları bəyanatı və ardınca müəyyən hərbi texnika və silahların çıxarılması ictimai rəyə hesablanmış gedişdir. Moskva dünya ictimai rəyində Suriyada daimi qalmaq fikri olmadığı mənzərəsini yaratmağa çalışır. Eyni zamanda savaşın şərtlərinə uyğun olaraq texnikaları dəyişdirir. İndi Suriyada əməliyyatlar əsasən böyük yaşayış məntəqələrinin geri alınması istiqamətində aparılır. 

Bu səbəbdən də ruslara Suriyada ağır tonnajlı bombardmançılar daha çox lazımdır, nəinki kiçik qabaritli döyüş təyyarələri. Digər tərəfdən, “tank ovçusu” adlandırılan "SU-25"lərin Suriyada hansısa ciddi effekt verməsi mümkün deyil. İndi ağır bombardmançılar daha faydalıdır. Yəqin ki, Suriyada "SU-25"lər ölkə bütövlükdə təmizləndikdən sonra kiçik terror qruplarına qarşı “ov” əməliyyatları zamanı onları axtarıb tapıb məhv etmək üçün lazım olacaq. Bu səbəbdən də ruslar indi texnikaların yerdəyişməsini edirlər. 

Yeri gəlmişkən, gələn həftənin əvvəli Astanada Suriya münaqişəsinin həlli ilə bağlı danışıqlar başlayır. Türkiyə, Rusiya və İranın birgə razılığı ilə keçirilən danışıqlara Suriya hökuməti, 14 müxalif qrup və eləcə də ABŞ hökuməti dəvət olunub. Türkiyənin təklif etdiyi Qətər və Səudiyyə Ərəbistanının iştirak edib-etməyəcəyi məlum deyil. 

Danışıqların Suriyada ciddi dönüş olacağı, ən azından terrorçu və siyasi müxaliflərin ayrılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Görünür, silah və texnikanın çəkilməsi həm də danışıqlar və atəşkəs rejimi ilə bağlıdır. 

Kənan RÖVŞƏNOĞLU




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR