İnsanlara hürriyət, millətlərə istiqlal!

Obama niyə Xədicə İsmayılovanın fotosuna baxmaqla kifayətlənir?

6990 30.09.2015 22:13 Siyasət A A


ABŞ prezidenti Barak Obamanın Tvitterdəki  mikrobloqunda fotoşəkil yayılıb. Həmin fotoşəkildə Barak Obama Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılovanın və hüquq müdafiəçisi Leyla Yunusun da fotosunun yer aldığı stendi nəzərdən keçirir.

X.İsmayılovanın adı müxtəlif ölkələrdə həbsdə olan 20 qadının – jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının azad olunması çağırışı ilə çıxış edən “Free 20” kampaniyasına daxil olunub.

ABŞ-ın BMT-dəki missiyası bu siyasi məhbusların fotolarını hər gün dərc edib. Bütün 20 portret dünya liderlərinin BMT-nin iclaslarına gəlişi ilə əlaqədar böyük stend halında tərtib edilib. Obama da məhz həmin stendin qarşısında dayanaraq böyük ehtimalla X.İsmayılovaya tərəf baxır.

Bundan başqa, ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer bundan əvvəl bəyan etmişdi ki, onlar bu aksiya vasitəsilə dünya liderlərinin diqqətini insan haqlarının pozulması faktına yönəltməyə çalışırlar.

“Nyu-Yorka gəlib Birinci avenyu küçəsindən keçən dünya liderlərinin heç birisi bu 20 qadının portretini görməyə bilməz” – deyə S.Pauer bildirmişdi.

Bundan başqa, ABŞ senatoru Patrick Leahy də Azərbaycanda insan haqları müdafiəçilərinin həbsləri ilə bağlı bəyanat verib.

Öz internet saytında yerləşdirdiyi bəyanatda senator Azərbaycan prezidentinə müraciətlə, hələ ötən il insan haqları fəalları, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsləri ilə bağlı narahatlıq ifadə etdiyini yada salır.

“O zamandan bəri prezident Obama və başqa hökumətlərin rəsmiləri, habelə Avropa İttifaqı və BMT İnsan Haqları Komissarlığı tərəfindən pislənməsinə baxmayaraq, Azərbaycanda insan haqlarının vəziyyəti daha da pisləşib” - bəyanatda deyilir.

Göründüyü kimi, son dövrlər Qərb təsisatlarının, xüsusən də ABŞ prezidentinin ölkəmizdəki problemlərlə bağlı mövqeyi ənənəvi müxalifətinkindən fərqlənmir. Sadəcə narahat olmaqla kifayətlənirlər. Müxalifətin əlində hər hansı təsir mexanizmləri, rıçaqları olmadığını nəzərə alsaq, onların passivliyi anlaşılandır. Bəs Obama niyə ancaq fotolara baxmaq, onları yaymaqla kifayətlənir? Azərbaycan iqtidarına bu və ya digər formada təsir imkanlarından niyə istifadə olunmur? 

“Yeni Müsavat” xatırladır ki, bu günə qədər jurnalistlərlə bağlı məsələdə hökumətlə Qərb arasında müəyyən anlaşmalar olub. Bunlardan ən sonuncusu İsveçrənin Azərbaycandakı səfirliyinin binasında saxlanan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) sədri Emin Hüseynovun həmin ölkənin rəsmi nümayəndələri tərəfindən ölkədən çıxarılmasıdır. E.Hüseynovun 160.000 manat məbləğindəki vergi borcunu ödəyən İsveçrə hökuməti bununla da Azərbaycanla məsələni sivil yollarla həll edib. 

Buna bənzər nümunəni 2009-cu ildə keçmiş ABŞ prezidenti Bill Klinton da göstəib. Amma fərqli ölkənin rəhbərliyi ilə. Belə ki, o, sözügedən ildə Şimali Koreyaya səfər edib və orda həbsdə olan iki amerikan jurnalistin azadlığa buraxılmalarına köməklik edib. 2 Amerikalı jurnalist Laura Ling and Euna Lee, 20 həftədən artıq bir müddəti Şimali Koreya dustaqlığında keçirmişdilər. Onlar Amerikaya yola düşən keçmiş prezident Bill Klintonun təyyarəsində öz ölkələrinə geri qayıdıblar. 12 illik həbs cəzasına məhkum olunmuş 2 jurnalisti Şimali Koreyaya qeyri-qanuni daxil olmaqda ittiham olunmuşdular.

Ortada bu və buna bənzər bəzi nümunələr olduğunu nəzərə alanda ABŞ rəhbərliyinin bu susqun etirazı, Azərbaycan müxalifətini xatırladan mövqeyi diqqət çəkir. 

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Azərbaycan tərəfi ilə məsləhətləşmələr gedir. 20 noyabrda Antalyada baş tutacaq böyük görüşə qədər xeyli məsələlər həll oluna bilər: “İndiki məqam – seçki qabağıdır. Ona görə də bu mənada gərginlik keçirirlər. Amerikanlılar üçün ən vacib məsələ stabillikdir”. 

M.Əliyev bildirdi ki, qlobal məsələlərdə Azərbaycan Qərblə tərəfdaşlıq edir. Onun fikrincə,siyasi məhbusların azadlığa buraxılması, Qərbə aid təsisatların qapadılması problem kimi özünü göstərsə də, bu, müvəqqəti xarakter daşıyacaq: “Çoxları dərk etmir ki, hökumət bəzi addımlar atmasa Azərbaycanda iqtisadi durum ildən-ilə pisləşməyə doğru gedəcək. Azad biznesin inkişafı üçün şərait yaradılmalı, islahatlar aparılmalıdır. Azərbaycanda neftin istehsalı yaxın 8 ildə 23 milyona, yəni, iki dəfə aşağıya düşəcək. Bu itkini hansı vəsaitlərlə doldura bilərik? Azərbaycanın 20 illik strategiyası var: pensiyalar, maaşlarla bağlı. Ona görə də təxmin etmək olar ki, bu sahədə çox böyük itkilər olacaq və bu, cəmiyyətdə narazılıqlara səbəb olacaq. Hökumət bunu başa düşür və narahatdır. Ona görə də cəmiyyətə maksimum nəzarət xəttini götürüb”.

Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR