İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəqilliyə gedən yolda 19 fevral tarixi

2406 18.02.2016 09:30 Siyasət A A
Azərbaycanda milli azadlıq hərəkatının başlandığı günlərdən 28 il ötür. Noyabrın 17-si Milli Dirçəliş Günü kimi ölkəmizdə qeyd olunsa da, əslinə qalsa, proseslər 1988-ci il fevralın 13-də Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə start götürdü. Həmin gün ermənilərin Xankəndində keçirdikləri mitinqlə başlayan proseslər artan xətlə inkişaf etdi. 

Ermənilərin separatçılığına cavab olaraq, 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz mitinqi keçirildi. Nümayiş iştirakçıları “Qarabağ bizimdir!” şüarlarını səsləndirdilər. Məhz bu aksiyanın fonunda Bakıda və Dağlıq Qarabağa yaxın rayonlarda başlayan kütləvi aksiyalar sonda xalq hərəkatına çevrildi. SSRİ rəhbərliyinin ermənilərə dəstək verməsi xalq hərəkatının alovlanmasına və nəticədə Azərbaycanın müstəqil olmasına səbəb oldu. 
Fevralın 19-dan sonra hadisələrin yüksək xətlə cərəyan etdiyini görən SSRİ rəhbərliyi ermənilərin də iştirakı ilə Sumqayıt hadisələrini təşkil etdi. Ermənilərin Sumqayıt hadisələrinin azərbaycanlıların tərəfindən törədilməsi cəhdləri heç bir nəticə vermədi. Başlanan xalq hərəkatının qarşısını almaq üçün aparılan siyasət sonda məğlubiyyətlə nəticələndi. 

Həmin dövrdə  xalq hərəkatının liderlərindən sayılan VHP sədri Sabir Rüstəmxanlı 28 il öncənin fevral hadisələrini belə xatırlayır: “19 fevral mitinqi geniş şəkildə qeyd olunmalıdır. Bu aksiya sonrakı dövr proseslərinə ciddi təsir etdi. O vaxt yadıma gəlir ki, Həsən Həsənov Mərkəzi Komitədə  ideoloji şöbənin katibi idi. Onunla yaxşı münasibətlərimiz var idi. Tez-tez görüşürdük. Bir dəfə o mənə Almaata hadisələri ilə bağlı dedi ki, Azərbaycana da rus katibi gəlsə, xalq etiraz edər? O zaman geniş əlaqələrim var idi. Zavodlarda, kitablarımın müzakirələrində 1000 nəfərdən çox insanla görüşlərim olurdu. Həsən Həsənova dedim ki, sizi bilmirəm, amma mən 5 min nəfər çıxara bilərəm. 

Bakıda birdən-birə bu qədər kütlənin meydana çıxması hamı üçün gözlənilməz oldu. Həmin vaxt Dağlıq Qarabağla bağlı proseslər gedir, Xankəndində tez-tez mitinqlər keçirilirdi. SSRİ rəhbərliyi səviyyəsində, eləcə də rəsmi mətbuatda Qarabağın Ermənistana aid olması ilə bağlı fikirlər səslənirdi. Buna görə də xalqımız çarəsiz qalıb meydanlara çıxmışdı. O mitinqdə bayram əhval-ruhiyyəsi var idi. “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycanındır” kimi çağırışlar səslənirdi. Həmin gün qarşısıalınmaz birliyin bayramı idi. Meydana çoxsaylı kütlə girmişdi. Bir sıra çıxışlardan sonra xalq dağıldı. Nəticə etibarı ilə 19 fevral mitinqi müstəqilliyə gedən yolları açdı".

S.Rüstəmxanlı Sumqayıt hadisələrinə də toxundu: “Sumqayıt hadisələri köhnə ssenari ilə törədilmişdi. 1905-1907-ci illərdə Bakıda bu tərzdə erməni-müsəlman davası salınmışdı. 1918-ci ildə də eyni hadisələr təşkil olunmuşdu. Azərbaycan və digər ölkələrdə gedən milli azadlıq mübarizələrinin qarşısını almaq üçün bu siyasətə əl atılmışdı. Rusların silahlandırdıqları ermənilər silahsız azərbaycanlılara qarşı qırğınlar təşkil etmiş, hətta soyqırım törətmişdilər. Bu, böyük dövlətlərin, o cümlədən rusların köhnə siyasətləridir. Mərkəzdəki problemləri həll edə bilməyəndə əyalətlərdəki xalqları bir-birinə qarşı qoyurlar. Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış, bu plana uyğun şəkildə həyata keçirilən hadisə idi. Qarabağın Azərbaycan torpağı olması ruslar gələnə qədər heç vaxt sual doğurmayıb. Zəngəzurun özü heç vaxt erməni torpağı olmayıb. İrəvan əhalinin tərkibi baxımından belə erməni şəhəri heç zaman sayılmayıb. 

Bu münaqişələri bilə-bilə təşkil ediblər. 1923-cü ildə xalqın rəyi alınmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu, bir neçə ildən sonra törədiləcək münaqişələrin başlanğıcı idi. Qərbi Azərbaycandan köçürülən azərbaycanlılar qəsdən Sumqayıt və Bakıda yerləşdirilirdi. Bilirdilər ki, Sumqayıt hadisələri törədiləcək. Ona görə də qabaqcadan kameralar gətirilmişdi, məqalələr yazılmışdı. Azərbaycanlıların ermənilərə dözümsüz yanaşdıqları barədə dünyaya mesaj vermək üçün belə çirkin oyunlar oynadılar. Bunların üstü sonralar açıldı”.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR