İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə gərgin büdcə müzakirələri

2773 03.10.2015 08:10 Siyasət A A

Milli Məclisin hazırkı tərkibinin iştirakı ilə daha iki plenar iclasın keçirilməsi nəzərdə tutulub. Bu barədə “Yeni Müsavat”a parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Xidmət rəhbərinin bildirdiyinə görə, 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsi 13-14 oktyabrda keçiriləcək plenar iclasın gündəliyinə daxil edilib.

Bəs, hazırkı tərkibin səlahiyyətləri nə zaman başa çatır? A.Təvəkküloğlu bildirdi ki, qanuna görə, yeni tərkibin ilk iclasına qədər köhnə tərkibin səlahiyyətləri qalır: “Seçkilərdən sonra formalaşacaq yeni tərkibin ilk toplantısı olan zaman isə əvvəlki heyətin səlahiyyətləri bitmiş sayılır”.

Qeyd edək ki, oktyabrın 2-də isə Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirə edib. İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan dünyanın bir parçası olduğundan baş verən qlobal proseslər, hadisələr ölkəmizin iqtisadiyyatına da təsir edib. 

“Dünyada neftin qiymətinin aşağı olması bir çox ölkələrdə olduğu kimi, Azərbaycana da təsir edib, gəlirlərimizin azalmasına səbəb olub. Bütün bunlar Azərbaycan hökumətinin dövlət büdcəsinin hazırlanmasında yeni yanaşmaları tələb edir. Azərbaycan hökuməti, respublikanın büdcə siyasəti ilə məşğul olan strukturları bunları nəzərə alaraq, öz təkliflərini verib. Bu təkliflər dünyada baş verən proseslərin təsirinin azaldılmasını ehtiva edir. 

Buna baxmayaraq, 2016-cı ilin dövlət büdcəsi sosial proqramların davam etdirilməsinə rəvac verir”, - deyə Z.Səmədzadə qeyd edib(APA). Maliyyə naziri Samir Şərifov isə 2016-cı ilin dövlət büdcəsində sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib: “2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb. 2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub. Bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək”.

Onun sözlərinə görə, 2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz-bənd azdır. 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4,836 mlrd. manat və yaxud 22,9% az deməkdir.

S.Şərifov bildirib ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 mlrd. manat transfert nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% az deməkdir.

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat azdır.
Milli Məclisin bir neçə komitəsinin büdcə zərfi müzakirəyə edilən iclasında deputat Vahid Əhmədov bildirib ki, gələn ilin büdcə gəlirlərinin xərclər hissəsində 25 faiz azalma olsa da, sosial yönümlü xərclərdə azalma yoxdur, əksinə artım var.

Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, gələn ilin büdcə layihəsində sosial yönümlü layihələr büdcənin 40 faizinə qədərini təşkil edir. İnvestisiyaya qoyulan xərclər azalıb. “Diqqətçəkən məsələlərdən biri də neftin qiymətinin 50 dollara düşməsidir. Bunun da bir sıra səbəbləri var. İranın sanksiyalardan azad olunması, İran neftinin 2016-cı ildə dünya bazarına çıxarılması və s. Sosial yönümlü xərclərdə isə azalma müşahidə olunmur. Neftin qiymətinin aşağı olması eyni zamanda da qeyri-neft sektorunun inkişafına da səbəb olacaq.

2016-cı ildə vergi yığımında da ciddi problemlər gözlənilə bilər. Rəqəmlərdən də görürük ki, Vergilər Nazirliyi 6 ayda bu sahədə ciddi addımlar atıb, islahatlar aparıb. 2016-cı ildə dövlət büdcəsində 1 dolların məzənnəsi 1 manat 5 qəpik göstərilir. Məlumdur ki, devalvasiya nəticəsində manatın dəyəri aşağı düşdü. Bu problemlə bağlı əhali çox narahat idi və indi də vəziyyət düzəlməyib. Milli Məclisdəki büdcə müzakirələrində bir çox rəhbər şəxslər iştirak etmirlər. Mərkəzi Bank, Vergilər Nazirliyindən nümayəndələr görünmür, iclaslara laqeyd münasibət göstərirlər. Rayonlarda maliyyə idarələri icra hakimiyyətlərinin göstərişlərini yerinə yetirirlər. Korrupsiya halları daha çox aşkar olunur. Yaxşı olar ki, maliyyəyə nəzarətlə bağlı qanun qəbul edilsin və korrupsiya faktının qarşısı alınsın".

“Büdcədə neftdən gələn gəlirlərin azalması hakimiyyətin rəqiblərinin sevinməsinə səbəb olur. Ancaq buna sevinməsinlər. Neftin qiymətinin aşağı olması hakimiyyəti daha məsuliyyətli olmağa məcbur edir”. 

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcə zərfi ilə bağlı aparılan müzakirlər zamanı deputat Zahid Oruc deyib. O, Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlərin qaytarılmaması məsələsinə də münasibət bildirib: “Yəni 6 milyarda yaxın bir vəsaitin yoxa çıxması necə mümkündür? Bu araşdırılmalıdır”. 

Millət vəkili müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifova sual ünvanlayıb: “Hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankı müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verilib? Halbuki, sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib”.

Millət vəkilinin sualına cavab olaraq S. Şərifov deyib ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbərliyi tərəfindən ciddi səhvlərə yol verilib: “Bu səbəbdən əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi edilən əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Düzdür, bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb. Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib. Lakin bu bank Qafqazın ən iri bankıdır. Orada əhalinin böyük məbləğdə əmanətləri var. Bu bankın sistem əhəmiyyətli olması nəzərə alınaraq, ölkə başçısı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üçün Fərman imzaladı. Hazırda problemli aktivlərin idarə olunması ilə başqa qurum məşğuldur”.
Deputat AZAL-ın özəlləşdirilməsi təklifini də səsləndirib: “AZAL-la bağlı demək istəyirəm ki, bu quruma dotasiyalar ayrılır. Amma artıq AZAL özəlləşdirilməlidir.  Bu gün hər kəsə bəllidir ki, istər dövlət, istərsə də özəl sahədə səhiyyə xidmətləri pulludur. Bunların özəlləşdirilməsi xəstələrin ora müraciət etməsinə və yaxud da tibb xidməti almasına məcbur etməyəcəkmi? Xəstəxanalara da pul ayrılır, amma onlar da özəlləşdirilsə, daha yaxşı olar. Çünki dövlət xəstəxanaları bütün tibbi avadanlıqlarla təmin olunsa da, onlardan dövlətə heç bir xeyir yoxdur”.

Milli Məclis üzvü Azərbaycandan kiçik olan ölkələrə, o cümlədən Gürcüstana 5 milyondan çox turist gəldiyini də diqqətə çatdırıb: “Amma bizdə turistlər gətirdikləri vəsaitin 70 faizini otellərə qoyub gedirlər. Bu səbəbdən də turistlər ölkəmizə gəlmək istəmirlər. Demək olar ki, otellərimizdə qiymətlər çox bahadır. Kiçik və orta sahibkarlıq inkişaf etdirilmir. Təbii ehtiyatlarla zəngin olan bir ölkəyə turistlərin gəlmək istəməməsinin başlıca səbəbi məhz turizm xidmətlərinin baha olmasıdır”.

E.PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR