İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Bakının strateji seçimini asanlaşdırdı - Azərbaycan üçün əlverişli gəlişmə

10297 16.03.2016 08:25 Siyasət A A
Rusiya prezidenti Vladimir Putin Suriyada 5 ay yarımdır davam edən hərbi əməliyyatları dayandırmaq və əsas hərbi qüvvələri bu ölkədən çıxarmaq qərarı verib. Bu, son günlərin ən mühüm olaylarından biri sayılır. Ən azı, ona görə ki, Yaxın Şərqdəki hərbi-siyasi mənzərə məhz Moskvanın Suriya böhranına birbaşa müdaxiləsi ilə xeyli dərəcədə gərginləşmiş və olduqca təhlükəli həddə gəlib çıxmışdı.     

Qərarın önəmini ondan dərhal sonra Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı da təsdiqləyir. Rəsmi məlumatlara görə, prezidentlər hərbi hissələrin çıxarılmasını Suriyadakı mövcud vəziyyət kontekstində müzakirə ediblər. 

“Tərəflər qeyd edib ki, BMT TŞ-nin 2268 saylı qətnaməsi ilə dəstəklənən Rusiya-ABŞ təşəbbüsü Suriyada münaqişənin miqyasının kəskin azaldılması ilə nəticələnib” - məlumatda qeyd olunur. 

ABŞ prezidentinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Obama və Putin həmçinin, atəşkəsin qorunması və terror qruplaşmaları ilə effektiv mübarizə üçün Rusiya və ABŞ nümayəndələrinin səylərinin razılaşdırılmasının vacib olduğunu qeyd ediblər. 

***
Putinin nədən belə bir qərar verdiyi ciddi müzakirə mövzusudur. Bu ilginc gəlişmə ilə bağlı  müxtəlif rəy və yanaşmalar var. Bir şey dəqiqdir ki, Rusiya Suriyadan qalib kimi çıxa bilmədi. Bu, heç mümkün də deyildi. Çünki Obamanın sözləri ilə desək, Rusiya Suriyada bataqlığa girmişdi - bundan xəbərsiz olsa da. Sadəcə, Ukrayna məsələsinə görə təklənən Kreml bu yolla qismən izolyasiyadan çıxmaq və qlobal güc olaraq özünü təsdiqləmək istəyirdi. Fəqət, alınmadı. Üstəlik, Moskva Türkiyə kimi mühüm və etibarlı bir tərəfdaşı, NATO ölkəsini itirdi, onunla müharibə vəziyyətinə gəlib çıxdı. Bu da hələ Kremlin itirdiklərinin hamısı deyil. 
Ancaq deyirlər, “Ziyanın yarısından qayıtmaq da xeyirdir”. Görək bunun ardınca Putinin hansı sürpriz addımları olacaq. Bəzi təhlilçilərə görə, Rusiyanın Suriyadan nə ilə çıxdığı dəqiqliklə Suriya böhranı yoluna qoyulduqdan sonra bilinəcək. Hərgah, bəzi fərqli fikirlər də var.  

“Cenevrədə Suriya üzrə keçirilən tam formatlı sülh danışıqlarının Rusiyanın bu ölkədəki hərbi birləşmələrinin əsas hissəsini çıxarmaq qərarı üst-üstə düşməsi göstərir ki, Suriya məsələsində ciddi irəliləyiş əldə olunub”. Bu barədə ABŞ-ın kəşfiyyat-analitika mərkəzi “Stratfor” yazıb (Avropa.info). 


“Stratfor”un fikrincə, “Cenevrədə əldə olunacaq razılaşmaları diqqətlə izləmək lazımdır: ”Ümumilikdə Rusiya keçən il sentyabrda başladığı hərbi kampaniyada qarşısına qoyduğu tapşırıqları yerinə yetirib: 1.Bu müddətdə müxalifət tam məğlub olmasa da, Əsəd qüvvələri möhkəmlənməyi bacarıb. 2.Moskva öz ordusunun döyüş qabiliyyətini kifayət qədər nümayiş etdirə bilib. Daha əvvəl istifadə olunmamış yeni texnika Suriyada sınaqdan çıxarılıb. 3.Kreml İŞİD-in zəiflədilməsi missiyasına öz töhfəsini verməyi bacarıb". 

Qeyd edək ki, “Stratfor”un bu yazısı təəccüblə qarşılanıb. Çünki əksər siyasi analitiklər əslində Rusiyanın Suriyada hər hansı ciddi uğura imza atmadığı qənaətindədirlər. Bundan əlavə, Moskva Suriyada İŞİD-ə qarşı deyil, daha çox müxaliflərə qarşı bombardmanlar həyata keçirib ki, “Stratfor”un yanaşması bu kontekstdə də təəccüblə qarşılanıb.

***



Bu xüsusda politoloq Rasim Musabəyov da öz facebook səhifəsindəki yazısında tam fərqli bir mövqe ortaya qoyub: “Bəllidir ki, İran öz hərbi qüvvələrini xeyli əvvəl Suriyadan çıxarmışdı. Tehranın ardınca Putin də başa düşdü ki, Suriya bir bataqlıqdır və orada yaxın zamanlarda nə qələbə, nə də sabitlik mümkün deyil, amma arxasında NATO-nun durduğu Türkiyə ilə hərbi toqquşma ehtimalı var. Bundan əlavə, Moskva üçün Səudiyyə Ərəbistanına qarşı durmaq da riskli idi, çünki ər-Riyadla neftin qiyməti ilə bağlı anlaşma əldə eləmək daha arzuolunan idi. Ona görə də Putin dayanmaq qərarı verdi. Amma Rusiyanın Krımın işğalından sonra düşdüyü izolyasiyadan çıxmaq problemini Putin yoluna qoya bildi. Onunla indi həm ABŞ, həm də Avropa Birliyi danışır - hərçənd sanksiyaları götürməyə tələsmirlər. Putin Suriyada öz hərbi gücünün nümayişini təşkil elədi və güman edir ki, bundan sonra onunla razılığa gəlinəcək”.

Başqa ehtimallara görə, Suriyadan sonra Moskvanın növbəti hədəfi yenidən Ukrayna ola bilər. Mümkündür. Ona görə ki, qarşıdan hərbi əzələ nümayişi üçün uğurlu yay mövsümü gəlir. 


Onu da unutmaq olmaz ki, Kreml Qərblə Suriya məsələsi üzərindən siyasi bazarlıq yapmaqla Krımın ilhaqını gündəmdən çıxarmağa, Güney Qafqazda daha da möhkəmlənmək üçün Qərbdən yeni “kart-blanş” almağa çalışırdı. Bun isə nail olmayıb. Üçüncü yandan, Rusiya daxilindəki narazı toplumun diqqətini təzədən xaricə yönəltmək zərurəti aktuallığını saxlayır.
       
Nüfuzlu amerikalı respublikaçı senator və prezidentliyə sabiq namizəd Con Makkeyn də o qənaətdir ki, Rusiya Suriyadan məhz Ukraynaya daha rahat müdaxilə eləmək üçün çıxıb... 
 
*** 
Azərbaycan üçün də yetərincə yeni və nəzəri cəhətdən daha pozitiv və əlverişli situasiyanın yarandığını söyləmək mümkündür. Məsələ ondadır ki, Putinin qərarı ilə 1 nömrəli strateji müttəfiqimiz Türkiyənin Rusiya ilə Suriyada hərbi toqquşma ehtimalı faktiki surətdə gündəmdən çıxmış olub. Demək, iki dövlətin barışığına olan ümidlər də artıb və rəsmi Bakının Moskva və Ankara arasında seçim problemi xeyli asanlaşıb. Bu seçimə əslində lüzum qalmayıb. Paralel surətdə Qarabağ münaqişəsi ətrafında daha olumlu bir atmosferin yaranmasına yol açılıb.

O da diqqətçəkicidir ki, Kreml başçısının qoşunları çıxarmaq qərarı Ankaradakı son terror olayından cəmi bir gün sonraya təsadüf edir. Söz düşmüşkən, bu qanlı terror hücumu ilə bağlı Türkiyəyə dərhal başsağlığı verənlər arasında Putin də var. Hər necə olmasa, Türkiyənin terrorçuları təqib eləmək üçün Suriyaya girməsi və orada Rusiya ilə toqquşması istisna olunmurdu...    


Bu arada Suriyadan çıxarılacaq Rusiya hərbi qüvvələrinin Azərbaycandan keçə biləcəyi barədə xəbər yayılıb. Belə ki, “Rossiya 24" telekanalı qoşunların Suriyadan çıxarılma marşrutları sırasında Azərbaycanı da göstərib. Kanal dəqiq uçuş istiqamətlərinin məxfi olduğunu, bunun üçün ən rahat marşrutların isə İraq, İran və Azərbaycandan keçməklə mümkün ola biləcəyini qeyd edib. 

Belə bir xahiş olarsa, Azərbaycan yəqin ki, buna etiraz etməyəcək. Hər necə olmasa, bu, Bakının dolyasıyla da olsa Moskva-Ankara gərginliyinin səngiməsinə töhfəsi olardı.    

Analitik xidmət

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR